Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Ərini öldürdü, 9 il həbsdə yatdı, sələmə pul verirdi: “Sillə vurdum, üç dəfə fırlandı”

Ərini öldürdü, 9 il həbsdə yatdı, sələmə pul verirdi: “Sillə vurdum, üç dəfə fırlandı”

Bakıda vaxtilə ərini qətlə yetirən və 9 il azadlıqdan məhrum edilən yaşlı qadına quldurluq etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi olub. Dostlar yaşlı qadına qarşı quldurluq etməklə onun külli miqdarda pulunu ələ keçirməkdə günahlandırılırlar.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq əməlində suçlanan 1970-ci il təvəllüdlü Cavid Aslanov və onun uşaqlıq dostu, 1973-cü il təvəllüdlü Nəriman Heydərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş və təqsirləndirilən şəxslər dinlənilib.

Quldurluqda təqsirləndirilən Cavid Aslanov və Nəriman Heydərov Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar. Onlardan Naxçıvan şəhər sakini Zemfira Baxışəliyeva şikayətçi olub.

Yaşlı qadın polisə ərizə ilə müraciət edərək quldurluqla üzləşdiyini və 3 nəfər naməlum şəxsin evinə basqın etdiyini söyləyib. Yaşlı qadının ilk şikayətinə görə evindən 20 min manatını və 800 manat dəyərində qızılını aparıblar. Ancaq sonradan Zemfira Baxışəliyeva izahatını dəyişib və bildirib ki, evindən 20 min manat və 10 min manat dəyirində qızıl-zinət əşyaları aparılıb.

Məhkəmədə məlum olub ki, Zemfira Baxışəliyeva əvvəllər məhkumluq həyatı yaşayıb. O, ərini xüsusi amansızlıqla öldürdüyü üçün 9 il həbsxana həyatı yaşayıb. Həbsdən çıxan Zemfira Baxışəliyeva Binəqədi qəsəbəsində məskunlaşıb. O, faizə pul verməklə də məşğul olub.

Yaşlı qadının şikayəti əsasında həbs edilən hər iki şəxs Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham ediliblər. Onlar özlərini təqsirli bilmirlər. Hər iki şəxs yaşlı qadının şər atması ilə həbs edildiklərini söyləyirlər.

Məhkəmə prosesində şahid qismində Elçin Məmmədov ifadə verib. Elçin Məmmədov da yaşlı qadının şikayəti əsasında həbs edilən üçüncü şəxs olub. Amma sonradan azadlığa buraxılıb.

Elçin Məmmədov ifadəsində qeyd edib ki, hadisə baş verən ərəfədə Yevlax rayonunda olub: “4-cü polis bölməsində əməliyyatçı işləyən Vüqar adlı dostum var. Vüqar mənə zəng elədi və harada olduğumu soruşdu. Ona Yevlaxda olduğumu bildirdim. Dedi ki, Gəncəyə gedir, yolüstü görüşməyi təklif etdi. Mən də onunla razılaşdım. Biz birlikdə Yevlax rayonunda kafedə çay içdik. Sonra Vüqar getdi. İki gün sonra 4-cü polis bölməsinin əməkdaşları tərəfindən Rəhim adlı dostum ilə birlikdə saxlanıldım. Birlikdə bölməyə gitirildik. Orada mənə dedilər ki, “bu qadına qarşı quldurluq edibsən, pulunu, qızıllarını aparıbsan”. Həmin vaxt şərləndiyimi başa düşdüm. Üstümdə telefon var idi, dayıma zəng vuraraq baş verənləri dedim. Dayım gələndən sonra Bakı Şəhər Baş Polis İdarəsinə şikayət yazdılar. Orada aparılan araşdırma zamanı mənim günahsız olduğum sübuta yetirildi”.

Şahid əlavə edib ki, əməliyyatçılar ondan israrla qadına qarşı quldurluq etməsini boynuna almasını tələb ediblər: “Onlara dedim ki, niyə etmədiyim cinayəti boynuma almalıyam? Həmin qadınla məni üzləşdirdilər. Mənimlə üzləşdirilən qadın bu məhkəmə zalında əyləşən qadındır. Həmin qadın dedi ki, mənə maskalı quldurluq edibsən. Sonra məlum oldu ki, həmin vaxt işlə bağlı Bərdə rayonunda olmuşam. Dayım da izahatında məni Bərdə rayonuna göndərdiyini bildirdi”.

Zərərçəkmiş kimi tanınan Zemfira Baxışəliyeva isə məhkəmədə deyib ki, Elçin Məmmədovu polis bölməsində görüb: “Bu şəxsi ora gətirmişdilər. Mən heç kimi şantaj etmirəm, heç kimə böhtan atmıram. Mənə qarşı quldurluq edənin boyunun alçaqlığı ilə bağlı bu şəxsə oxşatmışdım. Mənə basqın edənlərin üzlərindən birinin maskasını çıxarmışdım. Həmin şəxsin üzündə çapıq olduğunu görmüşdüm, boydan da alçaq idi. Buna görə də bu şəxsin mənim evimə basqın edən olduğunu demişdim”.

Təqsirləndirilən şəxslərin vəkilləri isə zərərçəkmişə sual verib: “Ölkədə milyonlarla alçaq boylu kişi var, indi belə çıxır ki, onların hamısı bu basqında iştirak edib?” Zemfira Baxışəliyeva vəkillərin bu sualına cavab verməyib.

Həbs edilən Nəriman Heydərov isə ifadəsində söyləyib ki, yaşlı qadın onları şərləyir. N.Heydərov hadisə baş verən zaman bacısıgildə olduğunu söyləyib: “Rusiyadan Bakıya təzə gəlmişdim. Anam vəfat etmişdi. Burada qalmaqda məqsədim də Bakını gəzmək, yaxınlarımı görmək olub. Bacımgildə olduğum zaman polislər gəlib apardılar. Bizə dəhşətli işgəncə verdilər. Sonra butulka düzdülər, dedilər ki, “cinayəti etiraf edin”. Cavid butulkaları görən kimi cinayəti törətdiyini qorxusundan etiraf etdi. Mən isə etiraf etmədim. Dedim ki, burada ayağımdan assanız da, dərimi soysanız da, törətmədiyim cinayəti boynuma alan deyiləm. Bizi polis bölməsində dəhşətli işgəncə verdilər, cinayəti törətməyimizi etiraf etməyi tələb etdilər”.

Bu zaman yaşlı qadın yerindən danışaraq təqsirləndirilən şəxsin yalan danışdığını bildirib: “Yalan deyir. Bu şəxsi polis bölməsində gördüm və dedim ki, mənə basqın edənlərdir. Orada mübahisə də etdim. Onların hərəsinə bir sillə vurdum. Yerlərində üç dəfə fırlandılar”.

Yaşlı qadın vəkillərin suallarına etiraz edib. Zərərçəkmişdən evindən aparılan pulun miqdarı ilə bağlı ziddiyyətli fikirlər bildirməsinin səbəbi soruşulub.

O, isə bu suallara qışqıraraq cavab verib: “Mənim pulumun sayının bura nə dəxli var? 10 min deyil, 100 mindir. Limon satmışam, pul qazanmışam. Məni çaşdırmaq lazım deyil. Bir sözü min dəfə soruşursuz. Xəstəyəm, məni rahat buraxın”.

Təqsirləndirilən Nəriman Heydərov qeyd edib ki, Rusiyadan gələndən sonra dostu Cavid Aslanov ilə görüşmək istəyib: “Qohumum Kazım Cavidin Binəqədi qəsəbəsində olan ofisini tanıyıb. Onun vasitəsi ilə Cavidlə görüşdüm. Biz birlikdə heç bir cinayət törətməmişik”.

Sonra Cavid Aslanovun vəkili Tərlan Xanəliyev vəsatət verib. O, bildirib ki, zərərçəkmiş qadın izahatında pensiya kartının da oğurlandığını deyib. Vəkil qeyd edib ki, məlum hadisələrdən sonra qadına yeni pensiya kartı çıxarılıb.

Vəkil Zemfira Baxışəliyevaya məxsus olan pensiya kartının nə vaxt çıxarılması ilə bağlı “Kapitalbank”a sorğu verilməsini və əlavə şahidlərin dindirilməsini məhkəmədən xahiş edib.

Məhkəmə Zemfira Baxışəliyevanın sonuncu dəfə nə vaxt pensiya kartı alması barədə “Kapitalbank”a sorğu verilməsi barədə vəsatəti təmin edib. Amma əlavə şahidlərin məhkəməyə çağırılması barədə vəsatət baxılmamış saxlanılıb. Hakim bildirib ki, iş üzrə əsas şahidlər dindiriləndən sonra əlavə şahidlərin dindirilməsi məsələsinə baxıla bilər.

Məhkəmə prosesi martın 14-də davam edəcək.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın