Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Əli İnsanovun qurtuluş yolları – sabiq nazirin əlində qalan şansları

Əli İnsanovun qurtuluş yolları – sabiq nazirin əlində qalan şansları

Əsabəli Mustafayev: “İnsanov o halda azadlığa çıxa bilər ki…”
11 ildir həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun nə zaman azadlığa çıxacağı məsələsi daim müzakirə edilən mövzulardandır. Ötən ilin avqustunda – azadlığa çıxmasına iki ay qalmış barəsində 3 əlavə maddə ilə cinayət işi açılan İnsanovun bu cəzadan nə zaman qurtulacağı maraq doğurur.
Onun ətrafında ən müxtəlif fikirlər dolaşır. Hakimiyyətin sabiq nazirin qarşısında bir sıra şərtlər irəli sürdüyü, bu şərtləri qəbul etməyənə qədər həbsdə qalacağı deyilir. Əsas şərtin isə azadlığa çıxdıqdan sonra ya siyasətlə məşğul olmaması, ya da ölkəni tərk etmək olduğu bildirilir. Sabiq dövlət məmurunun isə bu şərtlərin heç birini yaxınına buraxmadığı, möhkəm iradə göstərməklə həbsdə qalmaqda qərarlı olduğu qeyd olunur. Artıq onun barəsindəki həbs-qətimkan qərarının müddəti üçüncü dəfə uzadılıb. Mart əfvinə düşmək şansı olmayan sabiq nazirin barəsindəki həbs-qətimkan tədbirinin müddəti isə gələn ayın 11-də bitir…
Hazırkı situasiyada ona olan münasibətə əsaslanıb demək olar ki, İnsanovun məhkəməsi gələn ay da başlamaya bilər. Çoxları düşünür ki, vaxtilə məhkəmə çıxışlarında əvvəllər təmsil etdiyi hökuməti sərt şəkildə tənqid edən İnsanov bunun “cəzasını” çəkir. Yəni vaxtilə təmsil olunduğu komanda onu həbsdə saxlamaq üçün müxtəlif yollardan istifadə edir. Belə fikirlər də var ki, azadlığa çıxmaq üçün əfv yazmağı kifayət edir, lakin o, inadkarlıq göstərməklə məhbus həyatı yaşamağı daha üstün sayır. Həbsdə olduğu müddətdə ölkə müxalifətinə seçkilərdə dəstək verməsinin iqtidar daxilində ona qarşı ikiqat qıcıq oyatdığı da dolaşan söz-söhbətlər içərisindədir.
Bütün bunlara baxmayaraq, onun azadlığa çıxmaq üçün şanslarının hələ də olduğu deyilir.

Məhkəməsinin nə zaman başlayacağı məlum olmasa da, başlayacağı zaman sabiq nazirin məhkəmə zalından ya “ev dustaqlığı”na buraxılacağı, ya da cəzasının şərti cəza ilə əvəzlənəcəyi bildirilir. Sadəcə, hökumətin həbs müddətini uzatma yolu ilə onu həbsdə saxlamaq üçün şanslarından sona qədər istifadə etməkdə qərarlı olduğu görünür. İstənilən halda hakimiyyətin də müstəqillik illəri ərzində dünyada və ölkə daxilində kifayət qədər tanınan bir sabiq naziri həbsdən buraxmadan ikinci dəfə ağır cəzaya məhkum etmək planının olmadığı vurğulanır.

Vəkil Əsabəli Mustafayev indiki situasiyada İnsanovun azadlığa çıxma imkanlarının olub-olmaması barədə “Yeni Müsavat”a bunları dedi: “Həbs-qətimkan tədbiri ləğv olunsa, digər qətimkan tədbiri tətbiq edilsə, yaxud da cinayət işinə xitam verilsə, Əli İnsanov azadlığa çıxa bilər. Digər prosedur imkanlar yoxdur. Əgər cinayət işi, həbs-qətimkan tədbiri qüvvədədirsə, demək, o hələ həbsdə saxlanılacaq. Burada söhbət məsələnin ədalətli olub-olmamasından yox, yalnız prosedur qaydalardan söhbət gedir. Cinayət işi, bununla bağlı məhkəmə qərarı var ki, o da dəyişdirilməyib. İnsanov əfvə düşə bilmir, çünki məhkəmə qərarı çıxarılmayıb. Əgər xəstəliyi varsa, bu, təsdiq olunubsa, istintaq da buna razıdırsa, o zaman həbs-qətimkan tədbiri digəri ilə əvəz oluna bilər və o, ev dustaqlığına buraxılar. Bunlar yalnız istintaq tərəfindən həll olunası məsələlərdir. Onun ittiham olunduğu əməl az ağır cinayət kateqoriyasına aid cinayətlərdir. Bu baxımdan, o, 10 aya qədər həbs-qətimkan tədbiri qərarı ilə təcridxanada saxlanıla bilər. Xüsusilə ağır cinayətlər olduqda hətta 18 aya qədər də həbsdə saxlanıla bilər, yəni məhkəmə hökmünə qədər. Qanunda bunlar əks olunub”.

Image result for əsabəli Mustafayev
Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə, 11 il müddətinə azadlıqdan məhrum edilib.
Ötən ilin avqustunda azad olunmasına iki ay qalmış İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb. 11 illik əsas cəzasının başa çatdığı ötən ilin oktyabrında barəsində həbs-qətimkan qərarı seçilib. Bu maddələr üzrə onu 10 il 6 ay həbs cəzası gözləyir.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın