Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Araşdırma / Əli bəy Hüseynzadənin sevgi məktubu üzə çıxdı – O qız kim idi? – MƏTN

Əli bəy Hüseynzadənin sevgi məktubu üzə çıxdı – O qız kim idi? – MƏTN

Əli bəy Hüseynzadənin Bakıda yaşadığı illərdə yazdığı bir məktub var. Rus dilində yazılmış və on səhifədən ibarət olan bu məktub Əli bəyin sevgi etiraflarıdır. O qız kim idi? Bilinmir və heç zaman da bilinməyəcək…( Azər Turan)
 
Moderator.az “Ədəbiyyat qəzeti”ndə dərc olunan həmin məktubu təqdim edir
“Mərhəmətli və gözəl…
 
Əvvəllər hörmətli… vasitəsilə hiss və həyəcanlarımı Sizə çatdırmaq istəyirdim. Burda təəccüblü heç nə yoxdur: zahirən sakit və təmkinli görünsəm də, qəlbimdə elə duyğular meydan sulayırdı ki, danışmaqdan çəkinirdim, aşıb-daşan hisslərimi zorla cilovlayırdım. Nəhayət, çoxdan bəri deyə bilmədiklərimi məktubla Sizə çatdırmaq qərarına gəldim. Amma nə fayda! Bilirsinizmi, gecələr yuxusuz qalıb yazdığım nə qədər məktubu səhər-səhər Sizə göndərmək əvəzinə, hirsimdən necə cırıq-cırıq edib atırdım, çünki ürəyimdən keçənləri Sizin mənəvi saflığınıza və gözəlliyinizə layiq şəkildə ifadə edə bilmirdim. Nə yazırdımsa, bayağı çıxırdı. Həm də elə bilirdim, kiminsə yazdıqlarını təkrar edirəm. Keçirdiyim hisslər yeniyetməlik və yaxud tələbəlik illərimə təsadüf etsəydi, bəlkə də, ürəyimdən keçənləri ağına-bozuna baxmadan daha inamla yazardım.
Heyhat! Amma bu ilk məktubdur ki, ürəyimi istədiyim kimi boşaldıram. Mən heç vədə heç kəsə belə bir məktub yazmamışam, çünki Sizinlə rastlaşana qədər heç kimi sevməmişəm və sevginin nə olduğunu duymamışam.
Düzdür, mənim həyatımda, çətin və tənha keçən həyatımda qarşılaşdığım  nisbətən tərəddüdlü anlarda da tənhalıqdan qurtaracağıma və gözəl həyat yoldaşı tapacağıma əmin idim.
Onda belə düşünürdüm, amma ürəyim sakitcə vurmağındaydı; hələ sevgi adlanan müqəddəs alova bürünməmişdi. Bəs, indi?! İndi mən ağılın, düşüncənin yox, sevgi atəşi ilə alovlanan vurğun ürəyimin səsini dinləyirəm!
Siz, yalnız Siz mənim ilk və son məhəbbətimsiniz. Bəlkə də məhəbbətimi cavabsız qoyub məni dünyanın ən bədbəxt varlığına çevirəcəksiniz, amma bilin ki, təkcə Sizi sevdiyimə görə dünyanın ən xoşbəxtiyəm. Bilsəniz Sizə nə qədər minnətdaram! Minnətdaram ki, Sizin, məhz Sizin sayənizdə sevginin nə olduğunu anladım, onun şirin əzablarından daddım, həyatın mənasını anladım.
Gecə-gündüz ancaq Sizi düşünürəm. İlahi, bu füsunkar obrazınız gözümün qabağından çəkilmir. Gecə-gündüz dua oxuyan divanə dərviş sayaq adınız dilimdən düşmür. Ağlımı başımdan elə almısınız ki, ətrafda baş verənlərdən tam xəbərsizəm. Hər şeyə qarşı biganəyəm, Sizə görə. Bir fars şairinin dediyi kimi:
“Sizin əsarətinizə düşəndən sonra,
Hər şey gözümdən düşdü…”
Kitab açıram, oxuya bilmirəm! Əlimə qələm alıram, yaza bilmirəm! Nə elmi kitablar, nə də incəsənət əsərləri – heç nə, heç nə məni maraqlandırmır. Bu saat heç nə – yer, göy, bir sözlə, kainat gözümə görünmür. Mənim üçün bircə varlıq var, O da Sizsiniz! Mən Sizinlə yaşayır və nəfəs alıram.
Sizinlə ilk dəfə rastlaşanda gözəlliyiniz qarşısında sarsıldım. Sandım ki, qarşımdakı adi bir gözəl yox, İlahinin yaratdığı canlı bir mələkdir. Əvvəl elə bildim ki, məni qara basır.
Sizə yaxınlaşmağa ürək eləmirdim. Amma Sizin gözəlliyiniz və davranışınız tədricən mənim utancaqlıq hissimə qalib gəldi, mənən saflaşmağa, ruhən qidalanmağa başladım. Ürəyimə düşən sevgi qığılcımı alovlanıb onu əbədiyyət nuruna qərq etdi. Sizə olan sevgim get-gedə şiddətləndi, həyat eşqim özümə qayıtdı… Elə ona görə də Sizə məni şərəfləndirib həyat yoldaşı olmağınızı təklif edirəm…
Mərhəmətli və gözəl…
Siz məni hər cür rəzil, ədəbsiz hərəkətlərdən xilas etdiniz, ruhumu yerdən göyə qaldırdınız. Doğrudanmı, razı olarsınız ki, ruhumun qanadları qırılsın, çiçəyim burnumda yansın? İnanmıram ki, Sizin xeyirxah qəlbiniz buna yol versin…
Yalvarıram: mənə “yox” deməyin, xeyirxah və gərəkli işlər görməyə can atan bir insanı xilas edin… Deyirlər ki, məhəbbət qoşa qanadlı olmalıdır. Niyə mən həyatın bu təbii psixoloji qanunlarından məhrum olmalıyam? Bir vaxtlar hansısa bir gözəl xanımdan ötrü yox, bir jurnal üçün, məhz jurnal üçün indiki hiss və duyğularımı ifadə edən bir şeri farscadan türk dilinə tərcümə etmişdim:
Derlər ki, könül könüldən anlar,
Əsli yox imiş bu fıkrin, eyvah!
Könlüm qəmü qüssədən qan ağlar,
Könlün sənin ondan olmaz agah.
Özüm haqqında açıqlama verməyi vacib sayıram: bilirəm ki, yaraşıqlı və cəlbedici deyiləm!.. Yox, mənim elə ali keyfiyyətlərim yoxdur. Amma həqiqi, alovlu və səmimi sevgim sayəsində Sizin rəğbətinizi qazanacağıma inanıram. Onu da diqqətinizə çatdırmalıyam ki, varlı-hallı deyiləm. Amma Sizi əmin edirəm ki, çalışqanlığımla Sizdən ilham ala-ala dünyanın istənilən ölkəsində, istənilən şəhərində yaşayıb işləyə-işləyə birgə həyatımızı təmin edə bilərəm. Bir də təkrar edirəm, gözəl … mənim sevgimi rədd etməyin. Məni xilas edin! Mən sizin ali … anlamadım və anlamaq iqtidarında deyiləm, anlamağa da qorxuram! Sizdən cavab gözləyirəm!..
Sizin pərəstişkarınız…”

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …