Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / Əli avtomatlılar Tale Bağırzadəni saxlayıb polis şöbəsinə apardı

Əli avtomatlılar Tale Bağırzadəni saxlayıb polis şöbəsinə apardı

“Müsəlman Birliyi Hərəkatı”nın sədri, ilahiyyatçı Tale Bağırzadə artıq sərbəst buraxılıb.

Bu barədə virtualaz.org saytına “Müsəlman Birliyi Hərəkatı” İdarə Heyətinin sədri Elçin Qasımlı məlumat verib.

E.Qasımlının sözlərinə görə, ilahiyyatçı bu gün silahlı polis əməkdaşları tərəfindən saxlanılaraq aparıldığı Yevlax Rayon Polis Şöbəsindən saat 17:40 radələrində buraxılıb.

E.Qasımlı hərəkat yoldaşının polisdə hansı məsələlərə dair sorğu-sual edilməsi barədə məlumatsız olduğunu dedi: “Məndə bu barədə hər hansı informasiya yoxdur. Hacı Tale ilə özüm danışandan sonra ətraflı məlumat verəcəyəm. Hacı Taleyin telefonuna zəng çatmır. Özüm isə hazırda Yevlaxa getməyə hazırıaşıram”.

Tale Bağırzadə özü isə azadxeber.az-a verdiyi açıqlamasında cümə namazını qılmaq üçün yerli məscidlərdən birinə getdiyini deyib. Bildirib ki, bu zaman hüquq-mühafizə orqanlarının silahlı əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılıb. Tale Bağırzadə bir anda məscidin mühasirəyə alındığını və polisin onu axtardığını bildirib.

İlahiyyatçı önə çıxaraq özünü təqdim edib və bundan sonra silahlı orqan işçiləri tərəfindən şöbəyə aparılıb. Polis şöbəsində ona bildiriblər ki, Daxili İşlər Nazirliyinin “102” qaynar xəttindən onlara zəng gəlib və ilahiyyatçının dövlət əleyhinə çıxış edəcəyi haqda məlumat verilib.

3 saata yaxın polis şöbəsində saxlanılan Tale Bağırzadə sonradan sərbəst buraxılıb.

Əlavə məlumat veriləcək.

*   *   *16:00

“Müsəlman Birliyi Hərəkatı”nın sədri, ilahiyyatçı Tale Bağırzadə bu gün Yevlax rayonunda saxlanılıb.

Bu barədə virtualaz.org saytına “Müsəlman Birliyi Hərəkatı”nın  İdarə Heyətinin sədri Elçin Qasımlı məlumat verib.

Elçin Qasımlı bildirdi ki, Tale Bağırzadə bu gün səhər saatlarında ailəsi ilə birlikdə Yevlax rayonunda yaşayan qohumlarını ziyarət etməyə gedib. Günorta saatlarında rayon məscidlərinin birində cümə namazında çıxış edən zaman hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılıb.

“Polislər məscidi mühasirəyə alıblar və Tale Bağırzadəni rayon polis şöbəsinə aparıblar. Hazırda oradadır, dedilər 20 dəqiqəyə buraxacaqlar, amma hələ də buraxmayıblar” – deyə E.Qasımlı bildirdi.

Hadisə şahidləri isə “Azadlıq” radiosuna deyib ki, Hacı Tale məscidə gələrkən silahlı polislər məscidi mühasirəyə alıblar: “Hacı Tale Yevlaxa baldızının nişanında iştirak etməyə gəlmişdi. Nişan sabah olacaq. Bu gün məscidə gedərkən əli avtomatlı polis məscidi mühasirəyə aldı. Heç Tale hələ məscidə girməmişdi. Özü qabağa çıxdı ki, mənə görə gəlmisinizmi. Onlar da dedi ki, getdik. Beləcə, apardılar polis şöbəsinə”.

Virtualaz.org saytı məsələyə aydınlıq gətirmək üçün Yevlax Rayon Polis Şöbəsi ilə əlaqə saxlayıb. Amma RPŞ-dən faktı nə təkzib, nə də təsdiq etdilər.

Xatırladaq ki, bir neçə gün əvvəl ilahiyyatçı MTN-ə çağırılmış və ona məclislərdəki çıxışları ilə bağlı irad tutulmuşdu.

Qeyd edək ki, T.Bağırzadə 2013-cü il, martın 31-də həbs olunub. İttiham aktına görə, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində “ABU Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Bakı şəhər sakini Anar Məlikovdan 1 ədəd “Makarov” markalı tapança, 4 ədəd patron və 1 ədəd bıçaq, həmyerlisi Tale Bağırzadədən isə 1,026 qram heroin götürülüb.

İlahiyyatçı haqqında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi qaldırılmışdı. Saxlanılan zaman Tale Bağırzadənin yanında olan sürücüsü A.Məlikov barəsində isə 228.1-ci maddə (qanunsuz silah saxlamaq) ilə cinayət işi açılmışdı. T.Bağırzadə bu il iyul ayının 30-da həbsdən azad olunub.

T.Bağırzadə 1984-cü ildə Bakıda doğulub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İranın Qum şəhərində, 2010-cu ildən 2011-ci ilin may ayına qədər isə İraqın Nəcəf şəhərində ilahiyyat ixtisası üzrə təhsil alıb.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın