Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / “ƏBÜLFƏS QARAYEV NECƏ, O DA CAVAB VERƏCƏKMİ?” – DTX-nın əməliyyatlarına reaksiyalar

“ƏBÜLFƏS QARAYEV NECƏ, O DA CAVAB VERƏCƏKMİ?” – DTX-nın əməliyyatlarına reaksiyalar

Azərbaycanda korrupsiya ilə mübarizənin yeni mərhələsinə start verilib. Bu dəfə daha sistemli, sərt münasibət ortaya qoyulub.  

Dövlət başçısı Kamran Əliyevi Respublikanın Baş prokuroru vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipal mövqeyini bir daha diqqətə çatdıraraq, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq bildirmişdir.

Elə mayın 8-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Mədəniyyət  Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə Prezidentinin korrupsiya ilə mübarizənin ən sərt formada aparılacağına dair bəyanatının özünü çox gözlətməyən nəticəsi kimi şərh etmək olar.

Belə ki, rəsmi məlumata görə, adıçəkilən nazirliyin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavini Rafiq Bayramov və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun öz səlahiyyətlərindən, qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri müəyyən edilib. Onların barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Azərbaycan xalqının yaşı minilliklərlə ölçülən zəngin mədəni irsinin qorunmasının, teatr, kino, kitabxanaçılıq, muzey işi, nəşriyyat işi, xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi bir nazirlikdə bu cür neqativ hallara yol verilməsi ictimaiyyət tərəfindən haqlı olaraq hiddətlə qarşılanır, ən kəskin tərzdə qınanır.

Ermənistanın hələ də davam edən təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizin keşiyində durmalı olan məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır və onlara qarşı qanunun ən sərt formada tətbiqi mütləqdir.

Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinin nümayəndələri dövlət tərəfindən həyata keçirlən bu tədbirləri dəstəkləyir və davamlı olmasını zəruri sayırlar. 

Əhməd Abbasbəyli: “İnsanlarda bir inam formalaşır ki, rüşvət və korrupsiyaya qarşı ciddi mübarizə aparılır”

Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı ictimai Birliyinin sədri Əhməd Abbasbəyli “AzPolitika.info”-ya bildirib ki, Prezidentin çıxışları, tapşırıqları korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə siyasi iradənin təzahürüdür.

Onun sözlərinə görə, bu, ilk deyil, indiyə qədər də müxtəlif vaxtlarda ayrı-ayrı nazirliklərdə, icra hakimiyyətlərində rüşvət, korrupsiya, vəzifə səlahiyyətlərini aşmağa görə bu cür əməliyyatlar keçirilib: “İndi fərq ondan ibarətdir ki, bu cür tədbirlər davamlıdır və daha sərt formada həyata keçirilir. Buradan çıxan nəticələrdən biri də ondan ibarətdir ki, bəzi məmurlar hələ də edilən xəbərdarlıqlardan düzgün nəticə çıxarmayıb, özləri üçün doğru yol seçmək qərarına gəlməyiblər. Ölkə rəhbərliyi də daha sərt addımlar atmaq qərarına gəlib. Düşünürəm ki, atılan addımlar ölkə ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilir.

İnsanlarda bir inam formalaşır ki, rüşvət və korrupsiyaya qarşı ciddi mübarizə aparılır və bu tədbirlər onun qarşısını əhəmiyyətli dərəcədə alacaq. Əvvəllər bu cür tədbirlər həyata keçirilərkən, məmurlar bir müddət özlərini yığışdırır, sonra yenidən həmin yaramaz əməllərini davam etdirirdilər. Aparılan həbslərdən sonra belə bəzi məmurlar fəaliyyətlərini müəyyən qədər “dəyişmişdilər”.

Məsələn, İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyev artıq iş yerində yox, evində rüşvət alırdı. Hesab edirdi ki, nəzarətdən kənardadır. Elə düşünürdü ki, bu da əvvəlki proseslərin davamıdır, bir müddətdən sonra hər şey əvvəlki axarı ilə gedəcək…”

Ə.Abbasbəyli isə belə olacağını düşünmür, hesab edir ki, bu əməliyyatlar davam etdiriləcək: “Çünki məmurların bu özbaşınalıqları sadə vətəndaşlarla bərabər ölkə rəhbərliyini də cana gətirib”.

QHT rəhbəri vurğulayır ki, problemləri kökündən həll etmək olduqca çətindir: “Azərbaycanda uzun illərdir vəzifəyə rüşvət almaq, varlanmaq kimi baxıs streotipi formalaşıb. Onları dağıtmaq lazımdır. Məmurun işi büdcəni oğurlamaq, əhalinin cibinə girmək olmamalıdır. İnkişaf etmiş ölkələrdə dövlət vəzifəsi bir fədakarlıqdır, insan öz enerjisini, vaxtını dövlət üçün sərf etməlidir.

Təəssüf ki, Azərbaycanda vəzifələri varlanmaq, bahalı maşınlarda gəzmək, bahalı mebellərlə bəzədilmiş kabinetlərdə oturmaq, əhaliyə yuxarıdan aşağı baxmaq vasitəsi kimi qəbul edirlər. Bu yanaşmanı dağıtmaq lazımdır. İnsanlarımız artıq rüşvətxor məmurların əməllərindən, davranışlarından, aşağılayıcı rəftarından bezib. Ona görə də Prezidentin bu istiqamətdə fəaliyyətinə cəmiyyətdən böyük dəstək var”.

Ə.Abbasbəyli hesab edir ki, hökumət bu istiqamətdə fəaliyyətini davam etdirməlidir. “Bütün sahələrdə ciddi işlər aparılmalıdır, həm ictimai iştirakçılığı artırmaq lazımdır, həm də dövlətin resurslarını səfərbər edib, qanunvericilikdə maddələri sərtləşdirməklə müsbət nəticələrə nail olmaq olar”.

Deputat Arzu Nağıyev: “Məmur oturduğu kürsüyə hörmət etməlidir”

Deputati Arzu Nağıyev “AzPolitika.info”-ya açıqlamasında bildirib ki, kimliyindən asılı olmayaraq ona dövlət tərəfindən etimad göstərilibsə, oturduğu kürsüyə hörmətlə yanaşmalıdır: “İnsanların rifahı, vətəndaşların sağlamlığı, dövlətin təhlükəsizliyi ön planda olmalıdır. Bu məsələ tək icra strukturlarında deyil, başqa nazirliklərdə və dövlət qurumlarında da nəzərə alınmalıdır”.

Deputat vurğulayır ki, əsas məsələ ondan ibarətdir ki, DTX tərəfindən keçirilən əməliyyat həm də Azərbaycan tarxinin, mədəni irsinin qorunması ilə bağlıdır. “Bu məsələdə də məmurlar öz mənafelərini deyil, dövlət mənafelərini hər şeydən üstün tutmalıdırlar”, – A.Nağıyev qeyd edib.

Hafiz Həsənov: “Davamlı xarakter daşıdığı halda bu siyasət ümumi etimadı qazanmış olar”

Hüquq və İctimai İnkişaf İctimai Birliyinin rəhbəri, hüquqşünas Hafiz Həsənov da hesab edir ki, bir sıra yerli və mərkəzi ica hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin həbsləri Prezidentin korrupsiyaya qarşı mübarizə ilə bağlı çıxışlarındakı mesajlara adekvat addımlardır. Onun fikrincə, bu, idarəetmədə yeni proseslərin başlandığı görüntüsünü yaratmağa hesablanıb.

Ekspert hesab edir ki, idarəetmədə proseslər qanunun aliliyi və hamının qanun qarşısında bərabərliyi prinsipi üzrə aparıldığı və davamlı xarakter daşıdığı halda bu siyasət ümumi etimadı qazanmış olar.

H. Həsənov deyir ki, indiki halda isə, məmurlar həbs olunur, lakin məmuların gəlirlərinin bəyan edilməsi ilə bağlı konkret və real addımlar atılmır: “Burada bir məqam da diqqət cəlb edir ki, qanunla korrupsiya və vəzifə cinayətləri prokurorluğun araşdırma predmetinə aid olduğu və prokurorluğun əməliyyat-axtarış funksiyaları olduğu halda bu əməliyyatlar və həbslər DTX tərəfindən həyata keçirilir”.

Teyyub Qəni: “Bəs 26 ildir bu nazirliyə rəhbərlik edən Əbülfəs Qarayev?”

Təkamül Partiyasının sədri Teyyub Qəni bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin son aylar ərzində korrupsiya və rüşvətxorluğa qarşı həyata keçirdiyi əməliyyatlar ölkəmizdə kadr islahatları sahəsində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin vacibliyini bir daha əyani şəkildə nümayiş etdirir: “Prezident Administrasiyasında, Nazirlər Kabinetində, Respublika Prokurorluğunda həyata keçirilən kadr islahatları bu sahədə tədbirlərin davam edəcəyinə əsaslı inam yaradır. Son illər ərzində ilk dəfədir hiss olunur ki, ölkəmizdə Baş Nazir, dövlətin təhlükəsizliyini qoruyan orqan var, sivil vətəndaş cəmiyyətinin formalaşmasında, iqtidar-müxalifət münasibətlərinin normal məcraya yönəldilməsində siyasi iradə var”.

Partiya sədri qeyd edib ki, DTX-nın son günlər, xüsusilə də, Mədəniyyət Nazirliyində həyata keçirdiyi tədbirlər göstərir ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə istisnasız olaraq belə halların baş verdiyi bütün hakimiyyət və idarəetmə orqanlarında həyata keçiriləcək: “Nazirlik səviyyəsində ilk yoxlamaların Mədəniyyət Nazirliyindən başlanılması təsadüfi hesab edilməməlidir. Mübaliğəsiz demək olar ki, bu nazirlik korrupsiyanın və rüvətxorluğun ən çox tuğyan etdiyi və buna görə də, ən utanverici idarəetmə orqanıdır”.

T. Qəni xatırladıb ki, mədəniyyət ölkənin ən vacib, strateji və spesifik sahəsidir: “Xalqın mədəni səviyyəsinin formalaşmasında və yüksəldilməsində, gənc nəslin tərbiyəsində, milli mənliyin, milli mentalitetin, vətənpərvərlik, vətənə məhəbbət hissinin formalaşmasında, mədəni irsin qorunmasında mədəniyyət sahəsinin rolu misilsiz və əvəzedilməzdir. Bu nöqteyi-nəzərdən yanaşıldıqda Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mədəniyyət işçisinə yaraşmayan qanunazidd əməlləri xüsusilə ikrah doğurur. Təbiidir ki, onlar törətdikləri qanunazidd əməllərinə görə qanun qarşısında cavab verəcək və lazımi cəzalarını alacaqlar”.

Teyyub Qəni sual edir: “Bəs onlara bilavasitə rəhbərlik edən, onların fəaliyyətinə görə birbaşa məsuliyyət daşıyan, 26 ildir ki, mədəniyyət sahəsini “idarə edən” cənab nazir Əbülfəs Qarayev bu nazirlik sistemində baş verən korrupsiya və rüşvətxorluq hallarına görə cavab verəcəkmi və ya ondan cavab soruşulacaqmı? Bu nazirlik sistemində baş verən rüşvətxorluq hallarına, xüsusilə də, fəxri adların (xalq artisti, əməkdan artist, əməkdan mədəniyyət və incəsənət xadimi və s.) verilməsi sahəsində rüşvətxorluğun tuğyan etməsi barədə KİV-də saysız-hesabsız yazıların getməsindən nazirin xəbəri yoxdurmu? Yoxdursa-pis, varsa, tədbir görmürsə-çox pis! Kimdir bütün bu qanunazidd hərəkətlərə “rəhbərlik edən”, mənəviyyatdan xəbəri olmayan, ancaq xalqa mənəviyyat dərsi keçənlərə, tərbiyə və əxlaq sahəsində qüsurları olan, ancaq başqalarına tərbiyə verməyə, əxlaq dərsi keçməyə cəhd edənlərə, öz bədən quruluşlarını nümayiş etdirməkdən başqa istedadı olmayanlara “nəyinsə müqabilində” fəxri adlar verən?”

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …