Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Ziyalılardan Nuru Paşaya abidə qoyulması ilə bağlı prezident İlham Əliyevə MÜRACİƏT…

Ziyalılardan Nuru Paşaya abidə qoyulması ilə bağlı prezident İlham Əliyevə MÜRACİƏT…

BAKI  ŞƏHƏRİNDƏ  NURU  PAŞAYA ABİDƏ QOYULMASI  İLƏ  BAĞLI  ZİYALILARIN  AZƏRBAYCAN  RESPUBLİKASININ PREZİDENTİ  CƏNAB  İ.ƏLİYEVƏ  M Ü R A C İ Ə T İHörmətli cənab Prezident!
XX əsr Azərbaycan tarixində baş verən ən mühüm hadisələrdən biri də 1918-ci ilin sentyabrın 15-də Bakı şəhərinin azad edilməsidir. 1918-ci ilin 28 Mayında Azərbaycan Milli İstiqlalını qazandıqdan sonra Bakı şəhəri və ətraf bölgələrin xəyanətkar ermənilərdən, eləcə də digər qüvvətlərdən  azad edilməsi ciddi problem olaraq qalırdı. İstiqlalımızı elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Bakıda fəaliyyət göstərməsi isə qeyri-mümkün idi. Yenicə formalaşan Azərbaycan dövlətinin güclü ordusunun qısa zamanda yaradılması da  imkansız idi. Belə çətin şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında 1918-ci ilin iyunun 4-də imzalanan müqavilə əsasında Qafqaz İslam Ordusu general Nuru Paşanın komandanlığı altında Azərbaycan ərazisinə daxil olub düşmənə qarşı döyüşlərə başladı. 10 minə yaxın qəhrəman türk əsgəri yeni formalaşan milli ordu hissələrimizlə birlikdə bolşevik-daşnak ünsürlərinə qarşı ağır döyüşlər apardı. Gəncədə, Göyçayda, Ağdaşda, Hacıqabulda, Kürdəmirdə, Şamaxıda, Bakının ətraf kəndlərində − Qobuda, Güzdəkdə, Biləcəridə, Mərdəkanda, “Qurd Qapısı” və digər yerlərdəki döyüşlərdə 1000-dən  çox türk əsgəri şəhid oldu. 1918-ci il 15 sentyabrda isə Bakı şəhəri azad edildi, milli hökumət Gəncədən Bakıya köçdü  və Azərbaycanda ciddi dövlət quruculuğu prosesi başladı. Bakının Qurtuluşu zəfərində qəhrəman Nuru Paşanın xüsusi fədakarlığı olmuşdur. Bu uğurlu hərbi əməliyyatlara məhz Nuru Paşa başçılıq etmişdir.Nuru Paşa eyni zamanda Gəncədə, Bakıda ilk hərbi məktəblərin yaradılmasının da təşəbbüskarı olmuşdur.1918-ci ilin oktyabr ayında imzalanan Mudros müqaviləsinin şərtlərinə uyğun olaraq Türkiyə ordusu Azərbaycanı tərk etsə də, Nuru Paşanın milli ordumuzun güclənməsinə köməyi davam etmişdir. 1920-ci ilin aprelində Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal edildikdən sonra da Nuru Paşa müəyyən dövrdə xalqımızın müqavimətinin təşkilində əhəmiyyətli rol oynamışdır.Cənab Prezident! Nuru Paşanın Azərbaycan tarixindəki bu xidmətini və fədakarlığını nəzərə alıb, ona Bakı şəhərinin ən görkəmli yerində abidə ucaldılmasını Sizdən xahiş edirik.Düşünürük ki, Bakı şəhərində Nuru Paşaya abidə ucaldılması, hər iki qardaş xalqın sarsılmaz birliyinin ümumi rəmzinə çevriləcəkdir.
Hörmətlə, Azərbaycan ziyalıları adından:1. Nəsiman Yaqublu (professor)2. Qulu Məhərrəmli (professor)3. Vaqif  Sultanlı (professor)4. Nəsir Əhmədli (professor)5. Firdovsiyə Əhmədova (dosent)6. Ədalət Tahirzadə (dosent)7. Boran Əziz (dosent)8. Rəis Rəsulzadə (dosent)9. Akif Aşırlı (jurnalist)10. Sabir Məmmədli (dosent)11. Faiq Ələkbərli (dosent)Bakı şəhəri, 24 sentyabr 2020-ci il

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …