Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Zığda bir ev uçdu, icra hakimiyyəti sakinləri köçürməyə qərar verdi

Zığda bir ev uçdu, icra hakimiyyəti sakinləri köçürməyə qərar verdi

Zığ qəsəbəsində qəzalı evlərdə yaşayan sakinlərdən birinin evi ötən axşam uçaraq yararsız hala düşüb. 

Bu barədə virtualaz.org saytının hazırda aksiya keçirilən qəsəbədə olan əməkdaşı məlumat verib.

Bu gün Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) nümayəndələri qəsəbəyə gəlib və əhaliyə xəbərdarlıq bildirişi paylayıb.

Həmin bildirişdə deyilir ki, sakinlər evləri tərk etməsələr, baş verəcək hər hansı faciəyə görə sakinlərin özləri günahkar sayılacaq. Onlara kirayə pulu üçün 250 manat təklif olunub, amma sakinlər neçə ay kirayədə qalacaqlarını bilmirlər, bununla bağlı onlara heç nə deyilməyib.

Suraxanı RİH-in nümayəndəsi Xanoğlan Allahverdiyev virtualaz.org saytına bildirdi ki, onlar ancaq xəbərdarlıq edə və sakinləri köçürə bilər: “Kompensasiya və evlə təminata isə Nazirlər Kabineti qərar verir. Qəsəbə 2010-cu ildən bəri sürüşmə zonasıdır. 102 ev qəzalı vəziyyətdədir və onların siyahısı hazırlanıb. Siyahı əsasında sakinlər kirayə evlərə köçürüləcək”.

Sakinlər isə siyahının müəmmalı tərtib olunduğunu bildirir. Çünki qəzalı evlərin çoxu siyahıda yoxdur.

Hatəm Allahverdiyev küçəsi, 43/5 ünvanının sakini Rauf Bəylərovun sözlərinə görə isə onun hər iki qonşusunun evi qəzalı vəziyyətdə olan evlərin siyahısında daxil edilsə də öz yaşadığı ev siyahıda yoxdur: “Mənim evim qalıb ortada, siyahıya daxil etməyiblər. Deyirlər ki, evə nəsə olsa, 102 xidmətinə zəng edim”.

Bununla yanaşı sakinlərin hamısının qaz, işıq, su xətti kəsilib. Vəziyyət qeyri-müəyyən olaraq qalır. Əlavə məlumat veriləcək.

 

*   *   *13:05

Bu dəqiqələrdə bir qrup Zığ sakini etiraz aksiyası keçirir. Onlar sürüşmə zonasındakı evlərinin taleyi ilə bağlı açıqlama tələb edirlər.

Bu barədə virtualaz.org saytına qəsəbə sakinləri məlumat veriblər.

Aksiya iştirakçıları bildirdilər ki, sürüşmə nəticəsində qəzalı vəziyyətə düşən 55 evin sakinləri bu gün köçürülür: “Bizə kirayə evlər təklif olunur. Lakin neçə ay kirayədə qalacağımızı, evimizin əvəzində kompensasiya, yoxsa ev veriləcəyini açıqlamırlar. Uşaqlar dərsə harada davam edəcəklər? Bunları bilmək istəyirik”.

Qəzalı evdə yaşayan Vidadi Həsənov isə deyib ki, bu gün narazı sakinlərdən ibarət 30 nəfər Prezident Administrasiyasına gedib: “Orada isə bizə dedilər ki, Nazirlər Kabinetinə – Abid Şərifovun yanına gedin, problemi Abid müəllim həll edəcək”.

Sakinlərin sözlərinə görə, artıq 55 evin qaz və işıq sayğaclarını sökməyə başlayıblar. Köçürülmə tamamlanmasa da işığı, qazı kəsirlər. Sakinlər Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələrini Zığa çağırıblar: “Neçə ildir gözləyirik. Artıq bu problem həll olunsun”.

Hazırda aksiya davam edir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, sürüşmə nəticəsində 500-dək ev zərər çəkib. Qəzalı vəziyyətdə olan 10 ev köçürülüb. Bu gün isə 55 ailə köçürülür. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də sürüşmənin aktivləşdiyini aşıqlamışdı.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın