Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Aktual / “Zeynəb Xanlarova oturduğu yerin mahiyyətini dərk etmir” – Qabil Hüseynli

“Zeynəb Xanlarova oturduğu yerin mahiyyətini dərk etmir” – Qabil Hüseynli

Hazırda ölkədə seçki ab-havası yaşanır. İki gün sonra ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Onun ardınca isə fevralın 9-a Milli Məclisə növbədənkənar seçkilər təyin olunub. Bu səbəbdən də hazırkı dövrü aktiv ictimai-siyasi dövr kimi xarakterizə etmək olar.

“Unikal” qəzetinə müsahibə verən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli ilə də söhbətimiz bu mövzuda oldu.

-Qabil müəllim, hazırda Azərbaycandakı seçki öncəsi vəziyyəti necə dəyərləndirirsiniz? 

-Seçkiöncəsi vəziyyəti normal dəyərləndirirəm. Artıq bir neçə aydır ki, ölkə prezidentinin həyata keçirtdiyi islahatlar gündəmdədir və cəmiyyət tərəfindən müzakirə olunmaqdadır. Bu islahatlar həm struktur islahatlarıdır, həm də idarəetmə sisteminin təkmilləşdirilməsidir, onun daha çevik və dinamik formalarının tətbiq edilməsinin cavablarıdır. Eyni zamanda, son dövrlər ciddi kadr islahatları həyata keçirilir, özünü tükətmiş, yaşı kifayət qədər yüksək olan, həmçinin də, idarəetmə sistemindən yaşlı kadrlardan imtina edilir. Onların yerinə cavan və orta nəslin nümayəndələri daha çox cəlb olunur. Məncə, bu dəyişikliklər idarəetmənin təkmilləşdirilməsi məqsədilə aparılan islahatlar və eləcə də ciddi kadr islahatları idarəetmənin daha məhhsuldar olmasını təmin etməlidir. Bu mənada, baş verən dəyişikliklər müsbət qiymətləndirilməlidir.

– Növbədənkənar parlament seçkilərinin təyin olunması da bu islahatların davamı kimi qiymətləndirilir. Bildirilir ki, ölkədə həyata keçirilən islahatlar parlamentə də sirayət etməli, Milli Məclisin tərkibi də yenilənməlidir. Sizcə, bu dəyərləndirmə nə dərəcədə doğrudur?

-Bildiyiniz kimi, siyasi hakimiyyətin 3 qolu var: icraedici, qanunverici və məhkəmə hakimiyyətləri. İndiyə kimi baş verən siyasi dəyişikliklər hamısı icra hakimiyyətini əhatə edib. Amma bəzi islahatlar da vardır ki, bu qanunverici hakimiyyətə də aid olunur. Bu mənada qanunverici hakimiyyəti əhatə edən islahatın aparılması vacibdir. Bələdiyyə seçkiləri öz vaxtında keçirilir. Hazırda o prosesə başlanılıb və sabah başa çatacaq. Onun ardınca parlament seçkiləri – ali qanunverici orqana seçkilərin keçirilməsi elan olunub. Hesab edirəm ki, bu seçki ölkədə həyata keçirilən islahatlar sistemində çox əhəmiyyətli halqanı təşkil edir. Təbii ki, hakimiyyətin bir qolunda islahat aparıb digər qollarda köhnə sistemlə işləmək düzgün olmazdı. Ona görə də yenilənmə müsbət qarşılanmalıdır. Düşünürəm ki, qanunvericilik orqanının yenilənməsi idarəetmə aparatında aparılan islahatların məntiqinə tam uyğundur və islahatların daha da dərinləşdirilməsinə dəlalət edir.

-Amma bir məqam da var ki, əslində parlament seçkilərinə elə də çox vaxt qalmamışdı. Parlament seçkilərinin keçirilməsində tələskənliyin və ya daha tez həyata keçirilməsinin hər hansı bir məqsədi ola bilər? Yoxsa başlamış islahatların daha tez başlayıb bitsin deyə bu qərar verilib?

-Əlbəttə, ölkəmizdə vəziyyətin xoş olmasını istəməyən dövlətlər var, ölkə üçün xaricdən və daxildən müəyyən təhdidlər var. Bu da seçkilərin önə keçirilməsinə təsir edən amillərdir. Amma burada aparıcı meyl islahatların dərinləşdirilməsi və kompleks xarakter daşıması məqsədi daşıyır. İcra hakimiyyəti dəyişir, Ali qanunverici hakimiyyət yenilənir, dəyişir. Bundan sonrakı islahatların hədəfi hakimiyyətin məhkəmə qolu üzrə müəyyən dəyişikliklərin həyata keçirilməsi planıdır. Mən də hesab edirəm ki, dəyişikliyə daha çox ehtiyacı olan məhkəmə hakimiyyəti orqanları, hüquq-mühafizə orqanlarıdır. Bu sistemin yenilənməsi və orada ciddi islahatların aparılması zəruridir.

-Qabil bəy,  9 fevralda parlament seçkiləri keçiriləcək, necə düşünürsünüz, növbəti parlamentin ümumi görüntüsü çoxmu dəyişəcək? 

-Məncə, bu dəfə pozitiv dəyişiklik diqqəti daha çox çəkəcək.İndi parlamentin cavanlaşması məsələsi gündəmə gəlib. Amma parlamenti cavanlaşdırma dedikdə, bunu bir kampaniya şəkilində aparılması nəzərdə tutulmur. Enerjili, kreativ xarakterli, yeni düşüncəli, vətənpərvər, millətinə sadiq və ən başlıcası isə intellekt düşüncəsi və müasir dövlətçilik fikirləri ilə yeni nəslin parlamentə gəlməsi nəzərdə tutulur. Bundan əvvəlki parlamentdə köhnə formasiyanın, sovet dövrünün adamları, parlament işi ilə dərindən əlaqəsi olmayan, qanunvericilik orqanında çalışmaq üçün lazimi keyfiyyətlərə malik olmayan adamlar çox idi. Məsələn, 83 yaşlı Zeynəb Xanlarova. Mən onu gözümü açandan bəri parlamentdə görmüşəm. Həm də mənim doğulduğum Tərtər rayonundan deputat idi. Sovet dönəmində də Tərtər rayonundan seçilmişdi. Bunu bir nümunə kimi deyirəm, bu adamın bir dəfə nitqində nə isə siyasi xarakterli fikir işlətdiyinin şahidi olmamışam. Həmişə də deyir ki, mən siyasətlə məşğul olmuram. Bu adam oturduğu yerin mahiyyətini belə dərk etməmişdi. İndi isə səsi uzaq Amerikadan gəlir. Yəni, bu tipli adamlar, parlamentin prinsiplərinə yad olan şəxslər yeni tərkibdə olmamalıdırlar. Əgər islahat gedirsə, yenilik olursa, belə adamlar yeni tərkibdə olmamalıdır. Köhnə tərkibdə xeyli problemlər var idi. Parlamentin palitrasına baxanda adamı dəhşət bürüyürdü. Biznesmenlər, hansısa vəzifə sahibləri, tikinti maqnatları və digər bu tipli adamlar parlamentə toplanmışdılar və bu da qanunverici hakimiyyətin nüfuzuna xələl gətirirdi. Sanki parlamentdəki bir sıra maraqlı personajlar qaleriyası idi. Düşünürəm ki, indi keçiriləcək seçkilərdən sonra formalaşacaq parlament, əvvəlkindən ciddi surətdə fərqlənəcək. Ola bilsin ki, bu parlamentin də bir sıra nöqsanları olsun , amma bu parlament dəyişən dünyaya uyğunlaşan və zamanla ayaqlaşan bir parlament olacaq.

-Bəs, siz bu istiqamətdə nəyə görə önə çıxmırsız və yaxud bir iddianızı ortaya qoyub, prosesə qoşulmursuz? Sizin kimi şəxslərin parlamentə düşməsinə ehtiyac yoxdurmu?

-Təbii ki, ehtiyac var. Amma indi situasiya bir qədər fərqlidir. Daha dəqiq söyələsək, ölkədəki ab-havanı görüb, proseslərdən xəbəri olan biri kimi deyə bilərəm ki, yenidən bu proseslərə qoşularaq, uduzub kənarda qalmaq duyğusunu yaşamaq istəmirəm. Həmçinin, yolu cavanlara vermək də lazımdır. Əlbəttə, mən istərdim ki, parlamentari kimi fəaliyyət göstərim. 60 yaşımı adlamışam, artıq bu dövrdə siyasi yetkinliyimin heç də pik çağında deyiləm və hətta  deyərdim ki, daha təcrübəliyəm, amma, özümə inamım yoxdur. Mənim qələbə qazanmağım üçün mühitin olmadığını düşünürəm. 

-Qabil bəy, artıq 2019-cu il yekunlaşmaqdadır. Qarabağ münaqişəsinin həlli istiqamətində 2019-cu ili necə dəyərləndirirsiniz? Ötən dövrdə nə itirdik, nə qazandıq? 

-Münaqişənin həlli istiqamətində  görülən işlər var. Təbii ki, ali məqsədə nail olunmayıb, amma hələlik prinsipial mövqeyimizdən geri çəkilməmişik. Azərbaycan sürətlə ordu quruculuğunu inkişaf etdirir, ordumuz güclənir bölgənin ən güclü ordularından birinə çevrilir ki, bu da Qarabağ   probleminin həllində ən vacib yoldur. İkincisi isə ordumuz 2016-cı ilin aprelində qısamüddətli döyüş tapşırığını yerinə yetirdi və özünün nəyə qadir olduğunu əyani surətdə sübut etdi. Zaman çərçivəsində ordu quruculuğu prosesi daha sürətli və daha yaxşı şəkildə aparılmağa başlayıb. Bir sıra silahları  artıq özümüz istehsal edirik. Ordunun arxa bazası, arxa cəbhəsi kifayət qədər sürətlə formalaşıb və özünün yetkin mərhələsinə daxil olub.  

-Bəs danışıqlar prosesi necə?

-Danışıqlar prosesində uğurlu nəticələr yoxdur. Bu nəticələrin olmamasında əsas səbəblərdən biri də Ermənistanda hakimiyyət dəyişikliyi, hakimiyyətə gəlmiş adamların daha millətçi, daha azğın mövqe tutmaları ilə bağlıdır. Bəzi dövlətlər Ermənistan hakimiyyətindəkilərin dəyirmanına su tökməklə məşğuldur. Bununla münaqişənin həlli prosesinin nəinki yumşalmasına, əksinə dalana dirənməsinə səbəb olurlar.  Amma buna baxmayaraq, Azərbaycan beynəlxalq arenalarda, Bakıda keçirilən beynəlxalq tədbirlərdə haqlı mövqeyini ifadə edir, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması üçün ortaya faktlar qoyur. 

Bakıda keçirilən müxtəlif humanitar, multikultural problemlərə həsr edilmiş dövlətlərarası forumların, tədbirlərin həyata keçirilməsində əsas səbəb dostluq münasibətlərinin yaradılması, eyni zamanda, dövlət başçıları, baş nazirlər  və yaxud sabiq nazirlər, siyasət adamlarıyla informasiya mübadiləsi aparmaq, erməni təcavüzünü aşılamaqdır. Məncə, münaqişənin həllində bu siyasi və diplomatik istiqamətin mühüm nəticələri ola bilər.

Həmçinin oxuyun

Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər – VİDEO

Azərbaycan və Ermənistanın Kəlbəcər rayonu ərazisindən keçən dövlət sərhədlərinin demarkasiyası zamanı maraqlı hadisə baş verib. …