Ana səhifə / Aktual / Zaqatala sakini zəlzələ zamanı keçirdiyi stressdən dünyasını dəyişib

Zaqatala sakini zəlzələ zamanı keçirdiyi stressdən dünyasını dəyişib

Zaqatalada baş verən zəlzələ ilə bağlı rayonda gücləndirilmiş iş rejiminə keçilib, müraciətlər qeydə alınır, tikililərin qəzalılıq səviyyəsi müəyyənləşdirilir.

“ARB TV”dən virtualaz.org-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 22:40-da qeydə alınıb, zəlzələ episentrdə 6, ətraf rayonlarda isə 3-5 bal gücündə hiss olunub. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və aidiyyatı qurumların nümayəndələri hadisə yerindədir.

Sakin: “Çox qorxduq. Evdə tək idim. Səs səsə qarışdı, hələ özümüzə gəlməmişik. Evdə də qab-qacaq tökülüb yerə”.

Sakin: “Çox silkələndi. Qorxub çıqdıq həyətə. İndi də hamı qorxur evə girməyə”.

Daha bir sakin isə evində şüşələrin sındığını və divarda yaranan çatların gözlə göründüyünü də bildirdi.

Əliabad, Gözbarax, Yuxarı Tala, Yeni Suvagil, Lahıc kəndlərində evlərdə çatlar yaranıb. Zaqatala ilə sərhəddə yerləşən Qaxın Güllük kəndində də dağıntıların olduğu, evlərdəki çatların genişləndiyi bildirilir. Bundan başqa kiçik sahibkarlıqla məşğul olan şəxslərə də ziyan dəyib.

Fənura İsayeva (Qax sakini): “Hər şeyim düşüb tökülüb sınıb. Mağazanın divarları partlayıb”.

Zəlzələdən sonra insanlar arasında yaranan stress və qan təzyiqi səbəbindən Qax və Zaqatala Mərkəzi Rayon Xəstəxanalarının Təcili Yardım Şöbələrinə çoxlu sayda müraciətlər olub. Qax sakinləri 13 yaşlı Gülər Durmuşzadə və Vüsalə Musayeva zəlzələ baş verən an qaçmaq istəyərkən yıxılaraq ayağını sındırıb. 61 yaşlı Rafiq Kazımov isə qolundan xəsarət alıb.

Vəli İsayev (həkim): “Zəlzələ ilə əlaqədar xəsarət almış 3 nəfər müraciət edib. Əsasən sınıqlarla müraciət daxil olub”.

Zaqatala rayonu Göyəm kənd sakini 63 yaşlı Soltan Qandaxov zəlzələ zamanı həyəcanlanaraq güclü stress keçirib. Stress nəticəsində qan təzyiqi yüksələn Soltan Qandaxov infakt keçirərək ölüb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələdən sonra indiyədək 75 afterşok qeydə alınıb və bir müddət davam edəcəyi ehtimal edilir. Rayonda həyat öz axarı ilə davam edir, işıq, qaz və suyun verilməsində fasilələr yaranmayıb.

*   *   *11:29

İyunun 5-də Zaqatala rayonu ərazisində baş verən zəlzələdən sonra A.Babayev adına Mosul kənd tam orta məktəbinin binası yararsız hala düşüb. Bu barədə virtualaz.org saytına kənd sakini Bahuəddin Şahverdiyev məlumat verib. Onun sözlərinə görə, bu gün məktəbdə dərslər təxirə salınıb. “Əvvəlki zəlzələlər zamanı məktəb binasında çatlar yaranmışdı. Dünənki zəlzələdən sonra çatlar dərinləşib. Müəllimlər də qorxudan içəri girmədi”,-Şahverdiyev əlavə edib.

Mosul kəndində əksər evlərdə çatlar yaranıb. Şahverdiyev deyir ki, onun ikimərtəbəli evində çatlar yaranıb, bünövrəyə zədələnib. Təhlükəli vəziyyət yarandığından səhərə kimi uşaqlarla həyətdə gözləyiblər.

Sakinin sözlərinə görə, əvvəlki zəlzələdə çatlar yaranmışdı. Təmir-bərpa üçün icra hakimiyyətindən pul ayrılmışdı, həmin pula çatların üstü suvanıb. Dünənki zəlzələ daha güclü olub, həmin suvaqlar tökülüb, köhnə çatlardan əlavə, yeni çatlar da yaranıb.

“Qorxudan uşaqları evə buraxa bilmirik”-Şahverdiyev bildirir.

Qımır  kəndindən isə bildiriblər ki, daha çox mal tövlələri və  hasarlar uçub.

“Budəfəki zəlzələ güclü oldu, uşaqların, qadınların qışqırtısından qulaq tutulurdu. Səhərə kimi evlərə girmədik, həyətdə oturduq. İndi kənddəki çayxanaya yığışmışıq, hamı danışır, belə çıxır ki, bütün evlərdə ziyan olub. Hələlik gəlib maraqlanmayıblar”, -Amil adlı kəndli bildirib.

Zaqatala rayon sakini Fərhad Hacılı isə bildirib ki, rayon mərkəzində bina evlərdə çatlar daha çoxdur. “Dünənki zəlzələ 6 baldan yuxarı idi, çünki bir neçə dəfə zəlzələ olduğundan artıq ayır edə bilirik. Sadəcə, bu zəlzələnin müddəti az oldu, bir neçə saniyə çəksəydi dağıntı və insan təlafatı baş verə bilərdi. O qədər vahiməli səs eşidildi ki, qorxudan çoxu səhərə kimi küçədə gecələdi”,- Hacılı söyləyib.

Onun sözlərinə görə, insanlar hazırda çayxanaya yığılıb, baş verənləri müzakirə edirlər: “Deyirlər ki, çoxunun evində qab-qacaq qırılıb, hətta çılçıraq da düşüb. Amma əsas ziyan kəndlərdə olub, əvvəldən qəzalı vəziyyətdə olan evlər dağılıb”.

Rayon sakini Yaqub Əliyev isə deyib ki, mağazasındakı ərzaqlar yerlə bir olub. “Piştaxtalar dağılıb, nə var yerə tökülüb. Bir neçə yerdən çatlar yaranıb, yaxşı ki, çox ziyana düşmədim. Yoxsa ki, təmir üçün pul ayırmaq üçün illərlə gözləmək lazımdır”.

Zaqatala rayon icra başçısının birinci müavini Tofiq Əhmədov virtualaz.org saytına deyib ki, səhərə kimi yerlərdə olub, qəzalı evlərə baxış keçirilib. “Günün birinci yarısınadək xüsusilə kəndlərdən 100-dən çox müraciət daxil olub.

Hələlik dəymiş ziyan tam müəyyənləşdirilməyib. Xüsusilə Mosul, Çobankol, Suvagil, Qımır, Gözbarax, Aşağı Tala kəndlərində evlərdə çatlar yaranıb, mal tövlələri, hasarlar dağılıb. Hazırda fövqəladə hallar komissiyası araşdırma aparır. Daha çox qəzalı kimi siyahıya alınmış evlərdə çatlar dərinləşib”, -Əhmədov qeyd edib.

 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …