Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Zahid Oruc Fərhad Əliyevin xəyanətindən yazdı 

Zahid Oruc Fərhad Əliyevin xəyanətindən yazdı 

Azinforum.az millət vəkili Zahid Orucun müəllif yazısını təqdim edir.
2005-ci ildə hökumətin antiinqilab həbslərini dərindən təhlil edənlər, ilk növbədə prezident İlham Əliyevin  başladığı yeniləşmə kursundan imtina edəcəyini düşünürdülər. 
Real mənzərə həqiqətən mürəkkəb idi.Bir tərəfədən,12 il öncə Azərbaycanın müstəqilliyinə təhlükə törədərək ağır cəzaya məhkum edilmiş şəxslərin ölkə əleyhinə beynəlxalq təzyiq alətinə çevrilməsi, o biri yandan uzun illərin gərgin siyasəti hesabına dövlət büdcəsinə daxil olan böyük vəsaitlərin ədalətli bölgüsünü təmin edərək yeni iqtisadi münasibətlər yaratmaq məsuliyyəti bir nömrəli vəzifəyə çevrilmişdi. Bir-birinin ardınca həyata keçirilən siyasi əvflərlə keçmişdə ölkənin parçalanmasına səbəb olan simalar azadlığa qovuşdu,çevriliş cəhdində suçlandırılanların övladlarının ölkəyə dönüşünə heç bir maneə törədilmədi və milli burjuaziyanın yeni nəslinin formalaşdırılması üçün Iqtisadi İnkişaf Naziliyinə hökumət içərisində əlahiddə səlahiyyətlər və rol verildi.Idarəçiliyin ağırlıq mərkəzinin belə dəyişməsi fonunda Prezident çox uğurlu bir şəkildə  iqtisadi siyasətin ağırlıq mərkəzini dəyişdirməyə çalışarkən,bundan narahat olan komanda üzvləri Fərhad Əliyevin biliyi, xidmətləri və xaricdə fərqli planlarda qəbulu ittihamlarını irəli sürərək ondan haqlı olaraq uzaq durmağa çalışırdılar. Lakin yürütdüyü yeni  kursda israrlı və qətiyyəli olan 1-Cİ ŞƏXS ona edilən şikayət və müraciətləri çox ehtiyatla uzlaşdırır,kəskin toqquşan maraqların balansını yaratmağa çalışırdı. Elə Surətin, Əlikramın, Rəhimin türmədən buraxılmasının  cəmiyyətin başağırısına çevriləcəyini xəbərdar edənlər də, o vaxtkı yarımçıq qalmış ssenarilərin yenidən işə düşəcəyini və sabitliyi qorumağın mümkün olmayacağını iddia edən yüksək vəzifə sahibləri də Rəhbərin yenilməzliyi qarşısında geri çəkilməli olmuşdular. Uzun müddət ölkəyə başçılıq edərək təkcə qərar və sərəncamları ilə deyil,həm də xarizması ilə komandası üzərində şəksiz nüfuz qazanan  böyük Heydər Əliyevdən sonra gələcəyi dumanlı görünən Azərbaycan əslində hələ dayaqları yeni möhkəmlənən başqa bir liderin  çoxları üçün tam açılmayan xarakterilə üz-üzə qalmışdı. Lakin lənətə gəlmiş inqilab dalğası postsovet məkanında tüğyan edir və qatarın bizə yaxınlaşması təcili tədbirləri sürətləndirirdi.
NARINCI KÖYNƏKLİ BOZ ADAM
Fərhad Əliyevin antimonopol platformasi həqiqətənmi o vaxt  çevrəsinə topladığı gənc istedadların, Qərb təhsilli liberal intellektualların beyninin məhsulu idi, yoxsa, bu  sadəcə iqtisadiyyatda təmərküzləşməyə çalışan və özəlləşdirməni şəxsi maraqlarının altına almağa cəhd edən bir nazirin avantürları idi, bunu indi söyləmək çətin deyil. Çünki sonralar Amerika səfirliyindən departamentə gedən məxfi şifrəli depeşlərin açılması islahatçı obrazı ilə xalqa sırınan bir şəxsin Şeverdnadzenin hakimiyyətində bəslənən “Saakaşvili”  olduğu üzə çıxacaqdı. Ancaq Azərbaycanda narıncı boyadan daha tünd rənglər vardı.
Ölkəyə gətirilən taxılın 63 faizi qaynatasının sərəncamında olan, metallurgiya sənayesinə əlini qoyan və beləliklə tikinti sektorunun əsas konstruksiya silahını inhisara götürən Fərhad Əliyev,üstəlik,Qaradağ sement zavoduna qeyri-rəsmi qəyyumluq edərkən onun başqa hökumət üzvlərinə qarşı mübarizəsini sadə vətəndaşların maraqları baxımından izah etməyə yalnız inqilabi romantistlər çalışar. Tarixdə olduğu kimi xalqın deyil,məhz özünün,məsələn, Zülfüqarlı qardaşları kimi uğurlu burjuaziya təmsilçilərindən ibarət sadiq dayaqlarını yaratmaqdan və bunu bəlağətli “xeyri vətən qalsın” şüarları ilə təqdim etməkdən yaxşı nə ola blərdi! Dövlət başçısı bütün prosesləri-açıq və gizli məlumatları təhlil edərək,iki ilə yaxın bir dövrdə onun yumşaq siyasi xarakterini sınağa çəkənləridözümü ilədeyil,nəhayət,”dəmir əli” ilə tərbiyə etdi.2005-ci ilin parlament seçkiləri qarşsında 62 nəfərlik bir siyahı ilə çıxış edən və həm də  iradə zəifliyi ilə xarici təsirə düşən deyil,konkret hakimiyyət iddiası ilə yaşayan iqtisadiyyat naziriartıq qarşısında hüdudsuz səbr sahibi olsa da bağışlanmaz cinayətləri durdurmağı bacaran bir sərkərdə gördü.İlham Əliyev onun kabinetinə müqəddəs Quranla silahlanıb gələni məsum sifətdə qəbuldan imtina etdi.
Lakin dövlət təmizlənmiş diversantlardan və fərqli ssenarilər quran sabotajçı nazirlərdən qurtulsa da islahatları dayandırmağın yoverilməzliyini hamı yaxşı başa düşürdü.Çünki ötən əsrin 70-ci illərində qurulmuş ölkənin bütün infrastrukturunu təzələmək,onu xarici rəqabətə hazırlamaq,sahibkarlıq sinfini gücləndirmək,bir sözlə neft dollarların ədalətli bölgüsünü təmin etmək lazım idi.Prezident bizneslə siyasi iqtidar arasındaittifaq yaratmaq vəzifəsi qarşısında olduğunu çox yaxşı bilirdi.Lakin bütün ölkələrdə siyasi hakimiyyətlə sıx çulğalaşmış və geniş himayə sisteminə söykənən iri burjuaziyanın formalaşması üçün çoxlarının azad bazar prinsiplərinə zidd saydıqları təcrübədən yan keçmək bizdə də mümkün ola bilməzdi.
Elə isə indi dövlətçilik modeli bütün dünyada öyrənilən Amerikaya nəzər yetirməyimiz yerinə düşər.
AMERİKA-“AĞ”LAR ÜÇÜN AĞLAYAN QARALAR
Varlı adamlar idarəçiliyin bütün sferalarında üstünlüyü qazandıqlarına görə  çoxları Birləşmiş Ştatlarının klassik dövlət konstruksiyasına deyil,daha çox korporasiya  quruluşuna uyğun gəldiyini deyirlər.Düzdür,sadə insanlar içərisində yuxarıda oturanların yoxsul keçmişi və onlarla eyni olan ictimai mənşəyi haqqında əfsanələr dolaşır,lakin bütün seçkilərdə dominantlıq qazanan hər iki partiyadan olan namizədlər bir-biriləri  ilə yaxşı tanış olan müxtəlif iqtisadi qrupların üzvləridir.Məsələn 1918-ci ildə yaradılan Beynəlxalq Əlaqələr üzrə Şuranın sıralarında birləşən 1450 üzvün 60 faizini irsi var-dövlət sahiblərinin nümayəndələri təşkil edirsə,qalanları da beyin mərkəzi və siyasi institutlardan,həmçinin partiyaların liderlərindən ibarətdir və gələcək dövlət katibləri,müdafiə nazirləri,Ağ Ev kabinetinin üzvləri, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərləri də məhz oradan seçilərək təyin olunur.Beləliklə,hökumətdən siyasətə və ya əksinə keçənlərin sayı on minlərlədir. Nəticədə prezidenetliyə gələn şəxslərböyük korporasiyaların mənafeyindən çıxış edənləri komandalarına cəlb etməyin alternativini görmürlər. Məsələn, dövlət başçısı  Ford adını çəkdiyimiz Şuranın 14 üzvünü administrasiyasında yüksək görəvlərə gətirmişdi, prezident Karter və onun müavini vaxtilə dünya siyasətinə güclü nüfuz edən Üçtərəfli Komissiyanın üzvləri olmuşdu, prezident Reyqanın da hökumətində  sözügedən imtiyazlı təbəqənin nümayəndələri investisiya şirkətlərindən və Nyu York banklarının direktorlarından olmaqla 12 nəfər müşavir  sifətilə çalışmaqda davam edirdilər. Bir sözlə, hətta böyük depressiyalardan xalqını çıxarmağı bacararaq iqtisadi möcüzələr yaradan lider Franklin Ruzvelt belə iri burjuaziya ilə xırda sahibkarlar ordusu arasında manevr etməklə bu həssas təbəqələri əldə saxlamağa çalışır, onları siyasi qərar sahibləri ilə üzvi şəkildə birləşdirməkdən vaz keçmirdi. Ona görə biznesin dövlətdən ayrılması və “azad bazar özü idadə edir” fəlsəfəsi  yalnız yaxşı uydurulmuş nağıldır. Almaniyada xristian-demokratlarla sosial-demokratların iqtisadiyyatın hansı sektorunu himayə etdiklərini  bilməyən çox az adam var.Yaxud, demokratiya ənənələri oturuşmuş Türkiyədə hökumətə yalnız qaydaları və şərtləri müəyyənləşdirən,hamıya bərabər imkanlar yaradan bir institut kimi baxmağı heç kəs ağlına gətirmir.
Təkcə hökumətdə deyil, qanunverici orqanda, məsələn, Konqresdə, yaxud Ali Məhkəmədə təmsil olunan insanların böyük ordusu yüksək təbəqələrdən çıxdğına görə kapitalizmin demokratiya və varlılar arasında bərabərlik işarəsini qoyduğuna əmin olursan. Diqqət etdinizsə, biz məqsədli şəkildə Rusiyadan söhbət açmadıq. Bu ölkənin sovet keçmişi və təhkimçilik mədəniyyəti tamam ayrı söhbətin mövzusudur. Ona görə də  SSRİ dağılandan sonra ümumxalq mülkiyyətini ələ keçirən xodorkovskilərin vəhşi kapilazmin imkanlarından bəhrələnməsinin qarşısının alınmasına və onun uzun müddətli  həbsə məruz qalmasına  təkcə Putinə tabeolmazlıq,qeyri-məhdud müstəqlillik hadisəsi təki yanaşmaq düzgün deyil. Belə geniş misallardə niyyətimiz 2015-ci ilin Azərbaycanında  məhkəmə qarşısında dayanan adamları qurbanlıq kimi qələmə verməyin və onların qərbli,yaxud rusiyalı prototiplərini axtarmağın yanlış olduğunu göstərməkdir.
PULSUZ NAZİRLİK OLMUR
 
Əslində Beynəlxalq Bank özünün təşkilati-idarəçilik və maliyyə resurslarının formalaşmasına görə klassik bank sistemlərindən xeyli fərqlənir. Orada təkcə əhalidən müxtəlif faizlərlə toplanan depozitlər, yaxud çeşidli xidmətlərdən əldə olunan gəlirlər deyil, həmçinin dövlətin 51 fazilik səhm paketinə aid olan külli miqdarda vəsaiti cəmləşir. Ona görə iqtisadiyyatın əsas yönləndiricilərindən birinə çevrilən Bank müvafiq iqtisadi nazirliyin qeyri-rəsmi alternativi kimi çıxış edir.
Gerçəkdən də əgər iqtisadi inkişafa məsul olan hökumətin müvafiq qurumunun sərəncamında olan vəsait 1 milyard manatı keçmirsə, əvəzində onun rəqabət partnyorunun əlində 8 milyard manatdan artıq maliyyə resursu dolaşırsa,onda dövlətin vahid siyasətinin təkcə bir mexanizm vasitəsilə aparılmadığını açıqca söyləyə bilərik.
Bununla bərabər, parlamentdə hesabat verməyən və beləliklə də bütün əməliyyatları qapalı olan bir struktur haqqında iqtisadi təhlillər aparmaq çox çətindir. Yəni, indi dövriyyəyə çıxan informasiyalardan çıxış etsək,bəlli olur ki, Sahibkarlığıa Yardım Fondu xəttilə maksimal məbləği cəmi bir neçə milyon olan layihələrin kreditləşməsi ilə müqayisədə, ”ikinci nazilrik” əlverişli nəzarət mexanizmləri olmadan külli miqdarda vəsaitləri səmərəsiz layihələrə yönəltməkdə davam edib.Ölkədə heç bir özəl maliyyə qurumunun üst-üstə gəlinən nizamnamə kapitalı belə ümumi bazarın cəmi 15 faizini təşkil edib. Əsil “kredit monstrı” meydana çıxıb, deyilmi? Son illər Mərkəzi Bankın məlum tələblərindən sonra kredit portfeli genişlənən qurumlar bazardakı vəziyyəti çox yox, qismən dəyişə biliblər.
Deməli, mühüm istehsal layihələrinin,minlərlə iş yerinin,qabaqcıl texnologiyaya dayanan və xaricə məhsul çıxara bilən zavodların necə deyərlər,” yanacaq mənbəyi”  olan bank qlobal iqtisadi böhran zamanından keçsə də ölkədə milli valyutanın kursunda kəskin  dəyişiklik imtahanından çıxa bilmədi. Bəli, 21 fevral devalvasiyası iqtisadiyyatın xəstəliklərini və zəif nöqtələrini aşkarlamağın yaxşı testinə çevrildi. Məlum oldu ki, məsələn, sərt öhdəliklərlə yazılan planlara dayanaraq verilmiş kreditlər ölkədə maliyyə bazarındakı qeyri-sabitliyin başlıca səbəblərindən birinə çevrilib.
PULLA PUL ALMAQ- HƏR ƏSRİN ƏN YAXŞI BİZNES LAYİHƏSİDİR
Belə bir mənzərini göz önünə gətirin. Nizami Piriyev adlı uğurlu  biznes adamı, özü də kapitalını ona qədər xaricdə qazanan şəxs gəlib xeyli rentabelli layihəni təqdim edir,üstəlik,özü ilə Qərbin siyasi meydanında sabiq baş nazir olmasına baxmayaraq, yenə də aktiv çalışmalarla qalan Toni Bleyerə 60 min dollar ödəyib onu biznes ideyasının populyarlaşmasında bir qalxana çevirir, elə isə nədən 100 milyon manat kredit belə uğur vəd edən layihəyə verilməsin? Əlbəttə, dərhal burada yüksək siyasi iradədən və xeyir-duadan söhbət açacaqlar. Qoy olsun,məgər bu cür cazibadər planlara dəstək vermək rifaha canatan hər bir hakimiyyətin başlıca vəzifəsi deyilmi?
Lakin görün sonra nə baş verir? Əvvəlcə müəssisənin birinici smetadan qat-qat aşağı başa gəlməsi üçün tapşırıq verilir, sonra Neft Şirkəti belə şərtlərin onun büdcəsinə zərbə vurduğunu görərək güzəştli yanacaq təminatını nəzərdə tutan müqaviləni dayandırır  və metanol zavodunun istehsal gücü haqqındakı ilkin astronomik rəqəmlərdən ibarət sənədləri bir kənara tullayıb, bankla hesablaşmağın yeni yollarını tapırlar. Necə? Çox sadə.
İnsanların şəxsi həyatlarında qarşılaşdıqları nadir hallardan biri də budur. Yəni, qonşunuz sizə borcludur. Yox, xoşbəxtlikdən o, iflasa uğramayıb, əksinə, sizin verdiyiniz pulla orta səviyyədə çalışan bir obyektə malikdir,üstəlik,sizin paralarınız onun sürətlə qərbli oliqarxların yaşam aksessuarları ilə zənginləşməsinə səbəb olub. Gördüyünüz kimi,dövlət pulları şəxsi rançoların,yaxtaların,vertolyot və xaricdəki villaların ödəmə çeklərindən keçib.Bəs artıq tələb olunan vəsaiti qaytarmaq lazımdır axı. Bax onda Bankın – əslində dövlətin pulları təzədən daha 100 milyon manat miqdarında həmin adama verilir ki,o gedib həm köhnə borcunu və üzərinə gələn faizini bağlasın,həm də daha bir ilə əlavə vaxt qazansın. Beləcə, qaytarmaq öhdəlikləri hər ay təsbit olunan müştərilər-ödəyəcəkləri son ili indi millətə bəyan etməklə guya heç bir günahı olmadıqları  haqda rəy yaratmağa çalışırlar. Beləliklə, bildiyimiz borclu brendlər bunlardır: PNN Group-320,Kingsway Trade LLP-318, Riad-Farm 200 milyon,Avesta 78,İnter-Qlass 50,Şəki-İpək və digər milyonluq kalaoqlar..
Reallıqda xüsusi imtiyazlı bir təbəqə meydana çıxıb və indi onların mühakimə olunmasına calışan dövləti şantaj etmək üçün müxtəlif çeşidli vasitələri-çirkli təbliğatı işə salıblar.
Əvvəla həbs olunanların adına sadə vətəndaş üçün anlaşılmaz “oliqarx”terminilə müraciət olunmasını hardasa başa düşmək olar. Çünki onlar klassik mənada vəzifə tutub birbaşa biznesi idarə edənlər olmasa da,dolayısıla yüksək mövqe tutan hökumət üzvlərinə yaxındılar.Lakin qədim tarixdən gələn bir məşhur termini burada xatırlatmaq yerinə düşər.O məfhumun adı indulgensiyadır.Sadə xalq dilinə çevirsək,vaxtilə katolik kilsəsinə gedib qapalı hücrələrdə dua edərək günahlarının bağışlandığını düşünən adamların sonralar protestant Yunanıstanında yeni davamçıları peyda olmuşdu. Belə ki,kilsə müəyyən məbləğ müqabilində bankirlərə, siyasətçilərə,hətta elm adamlarına “günahsızlıq qəbzi” təqdim edir və onlarla beləcə “toxunlmaz kasta” üzvü kimi davranmağa başlayırdılar.Son həbslər fonunda guya harayasa müəyyən gizli ödənişləri olan,mal və məhsullarını aparıb-gətirərkən haqsız tələblərlə qarşılaşan və  yüz milyonluq kreditlərdən kiçik ayırmalarını dövlətlə sövdələşmə kimi qələmə verərək böyük cinayətlərinin üstünə bundan  pərdə  düzəldənlərin geniş bir dəstəsini görürük. Cinayətkarın müdafiə ideologiyası və “dəmir məntiqi” belədir-əgər örtülü bazarlıqlar olubsa. Onda bizi heç kəs məhkəməyə gətirə bilməz.Axı onda çoxlu sirləri faş edərik.Mühüm dövlət sifarşlərini nə yolla qazandığımızı açarıq,tenderlərdəki bağlı surqucları necə qırdığımızıortaya qoyarıq və beləliklə,ölkədə hamının bizə borclu olduğunu sübut edə bilərik. Nə olsun, kredit resursunu ötən ilin dekabrından bu yana həm də ”manatla avronun kursu bərabərləşməlidir” anonsundan sonra yerinə yetirməli olduğumuz əsas layihələri buraxıb dollar almağa yönəltmişik,necə deyərlər.zəhmətsiz gəlir,əməksiz mənfəət,istehsalısz qazanc əldə etmişik, pulla pul almışıq, lakin əvəzində dövləti özünə işlətmək hər zaman cəzasız qalmalıdır. Bax belə, ”dövlətsiz,yoxsa dövlət sizsiniz,”günahsızlıq qəbzi” olan adamlar,deyə soruşulucaq, dindiriləcək bir ortam meydana çıxıb.
 
Lakin prezident bu mürəkkəb şahmat partiyasının ağırlıqlarını-yəni,imtiyazlı kreditorlar dairəsini,onların çevrəsindəki sadə insanları,dövlətin müdaxiləsi haqqındakı ittihamları və ən əsası, müxtəlif mənbələrdən ictimai fikrə çıxarılan informasiya axınlarını uğurla,qətiyyətlə dəf edərək 2005-ci ildəki kimi “günahsızlıq qəbzi” almış heç bir qrupun olmadığını Azərbaycan cəmiyyətinə göstərməyə çalışır. ”Onların arxasında çoxlu himayəçilər var”, deyənlər məntiqlərinin son hadisələrdə işləmədiyini yaxşı görürlər. İndi sual olunur.həqiqətənmi varlılar mühakimədən kənar qalmaq üçün xüsusi vauçerlərə malikdilər?Bəs kasıb kreditorlar nə etsin?
“BANDOTDEL” ADLI QURUM YOXDUR
Bu yerdə ayrıca vurğulamağa dəyər:burjuaziyaya nifrət aşılayan bolşevik nəzəriyyələrini təkrarlamaqdan,varlıları hədəfə çevirməkdən qətiyyən söhbət  gedə bilməz.Çünki hamını kasıb və bərabər edən quruluşlarıntarixdəaqibətini yaxşı görmüşük.Dövlət təminatlı insanlarla güclüdür və hər kəsin mal-mülk varlğını qorumaq müqəddəs vəzifədir,siyasi sabitliyin əsasıdır.Ancaq ədalət hamı üçündür!
Ölkədə 2.2 milyon nəfərin kredtt borcu 2 milyarddan yuxarıdır.Bunun nə qədər hissəsinin Beynəlxalq Banka məxsus olduğunu demək çətin olsa da,son rəqəmlər müəyyən qədər aydınlıq yaradır.Söhbət ondan gedir ki,korporativ kreditlər-yəni,hüquqi şəxslərə verilən vəsaitlər yuxarıdakı rəqəmin 90 faizini təşkil edir. İndi onun nə qədər hissəsini dəyərsizləşmiş,yəni vaxtı keçmiş saymaq lazım olduğunu yalnız son həbsləri həyata keçiriən Mütəşəkkil Cinaykarlığa qarşı mübarizə İdarəsi bilir.
Yeri gəlmişkən,sonuncu qurumun Daxili İşlər Nazirliyinə tabe olması ən azı iri əməliyyatlarla keçmişdə böyük fırıldaqlar törətməyə çalışanların qarşısında duran mühüm bir strukturun-sadə xalq içərisində “Bandotdel” kimi tanınan təşkilatın hüquqi varisi olduğunu heç də hər kəs bilmir. 1994-cü ildə Ulu Öndər o zamanlar ölkədə iqtisadi özbaşınalıqların, dövlət əmlakını ələ keçirənlərin qarşısını almaq üçün məhz belə bir əsaslı qərar vermişdi.Sonralar dövlət-vətəndaş münasibətlərinindəyişməsi fonunda təkcə ad deyil,həm də ciddi struktur  yeniləşməsinə gedən İdarənin hazırki dindirmələrə bilavasitə,qanunvericilik üzrə hüquqi səlahiyyəti var və onu “Bandotdel” adlandıranlar sadəcə yeni müdafiə ideologiyası uydurublar. Guya  müasir demokratlar Milli Təhlükəsizlik orqanına “Yejovun idarəsi” deyəndə onu təhqir edirlər.Halbuki, həbs olunanlara məhkəmə qərarı ilə cəza verildiyi halda,ictimai əmlakın ələ keçirilməsinə,çirkli pulların yuyulmasına,həmçiinin dövlət vəsaitlərinin təyinatından kənar istiqamətdə xərclənməsinə nəzarət eyni zamanda DİN-inmüstəsna haqlarından biridir və bunu şantaj edərək cəmiyyətə fərqli biçimdə çıxaranlar sahibkarlarda vahimə və xof hissini gücləndirməyə,iri kapitala guya təhlükə olduğunu qabartmağa,ən əsası, dövləti reyderlikdə ittiham etməklə cəzasızlığa şərait yaratmağa ümid bəsləyirlər.Yəni, iqtisadi deyil,polis qanunlarının tətbiq olunduğunu müstəqli biznes fəaliyyətinə basqı kimi qələmə vermək sən deməböyük maliyyə xəyanətlərini gizlətməyin və insanların gözündə immunitet qazanmağın ən yaxşı vasitəsi olub.Bəs onda sual olunur-məbləği 100 min manatı keçməyən yüklər altında olanların girov qoyduqları evlərini hərraca çıxararkən həmin insaf hissi,yaxud ədalət duyğuları harada qalmışdı? Belə çıxır ki,hüquqi cəzalar yalnız kasıblara tətbiq olunmalı,100 milyonluq kreditlər üstündə yatanlar isə ayrı qanunlar ölkəsində yaşamalıdılar?!
Halbuki cəmi 78 milyon dollar borcu olduğunu etiraf edən qədim Avestanı Xəzər adalırında quran Hacı İbrahimin qaytarmadığı pullar dövlətin ipoteka yolu ilə  evlə təmin etmək istədiyi insanların pulundan-50 milyon manatdan 1.5 dəfə çoxdur. O vəsait Elmin İnkişafı və Bilik Fondunun birlikdə büdcəsindən 7 dəfə artıqdır. Əgər Beynəlxalq Bankın qaytarılmayan borcları 6 milyard manata bərabardisə,onu Azərbaycanın birillik büdcəsinin üçdə biri saymaq olar.Onunla hər il orta məktəbi qurtararaq əmək və ev bazarına daxil 130 min gəncin həyat qayğılarını tamamilə həll etmək olardı.Yaxud,silahlı qüvvələrdə on ildir növbəsini gözləyən hərbi qullluqçuların mənzil problemi birdəfəlik yoluna qoyulardı. Astronomik rəqəmlər üzərində ehtimallarınız yəqin çox uzağa gedəcək.Lakin varlıların mühakiməsinə qarşı çıxan və onu dövlət reketi adlandıranların mənəvi –siyasi simasını da görmək pis olmazdı.
MÜASİR DÖVRÜMÜZÜN BOLŞEVİKLƏRİ
Bundan ötrü,bütün dənizin suyunu içməyə ehtiyac yoxdur.Son iki ildə,xüsusilə2013-cü ilin prezident seçkilərində iqtidar əleyhinə bir bayraq altına toplaşanların ittiham platformasını xatırlatmaq kifayətdir.Onlar hətta Hitler Almaniyasının vaxtında nasistlərin kütlələrə verdiyi  vədlərdən belə vaz keçməmişdilər.Məsələn,Arif Hacılı İctimai radio ilə xalqa səslənərkən bütün bölgələrdə açılmış “nisyə dəftərlərini və borc kitablarını” bağlamağın,əhalinin kredit öhdəliyi kimi hallandırılan 5 milyard manat vəsaitinin varlıların əmlakını müsadirə etməklə qaytaracaqlarını deyirdi.Hətta bundan ötrü Badamdardan  başlayaraq, bir çox bahalı yerlərdə konkret siyahıyaalmaların aparıldığını da söyləyirdilər və Leninin qolçomaqlara qarşı hücum planını hakimiyyətə gələn kimi tətbiq etməyə hazır idilər. Mülkiyyətin yenidən bölüşdürülməsini vəd edən bu siyasətin təhlükəsini nəinki imkanlı şəxslər,eləcə də sadə adamlar yaxşı dərk edirdilər.Özəlləşdirməni yenidən keçirmək iqtisadi təhlükəsizliyin altına qoyulmuş bomba olardı.Özü də dövrümüzün bənzərsiz “sosial demokratları”nın rəhbəri vaxtilə hakimiyyətdən qovulmuş adamdan ən adi bəxşeyişlər almaqdan imtinaya gücü çatmamışdı.Alim və deməli,təmiz əqidə adamı libası altında gizlənmiş Cəmil Həsənli Fərhad Əliyevin onun övladının təhsil haqlarına yardımını,maşın xərcini və yaşadığı evin zirsəmisini aktlaşdırıb ona verməsinin qarşısında duruş gətirə bilməmiş,mənsub olduğu partiyanı regional liderə dəyişərək yeni “partiyaya” keçmişdi.Çox sonralar bu ittihamlardan qaçmaq üçün Elçibəyin “kristal müşaviri” belə deyəcəkdi-hamının qazandığı milyonlara baxanda bunlar nədir ki?.Belə yerdə həqiqi alim adına layiq olan və təmənnasızlıq etalonu kimi tanıdğımız yüksək ziyalı Çapay Sultanovun indi artıq həyatda olmayan bir hakim partiya təmsilçisinədediyi sözlər yada düşür: ”Ona şərait yaratsalar, bütün ölkəni rüşvət kimi qəbul edər və bunu normal sayar. Çünki o,mədəni korrupsionerdir-yardımları mənzil şəklində natura olaraq qəbul edir”!
İndi bu adamlar kredit milyonçularına sahib çıxmağa çalışır.Prinsipsizlik buna deyilir.Vaxtilə hakimiyyəti iş adamlarına qeyri-bərabər şərait yaratmaqda qınayırdılar, proteksiyaçılığı-dövlət qəyyumluğunu azad bazara təhlükə sayırdılar,indi özəl mülkiyyətin hakimiyyət tərəfindən yağmalandığını iddia edib öz “bloqosfer dünyalarında varlılara yardım” cəbhəsi açıblar. Halbuki bu ölkədə bütün iş adamlarının müttəfiqi ilk növbədə prezident İlham Əliyevdir.
Azərbaycanın hər bir vətəndaşınn təhlükəsizliyi onun çiyinlərində qərarlaşıb.Mühüm beynəlxalq iqtisadi müqavilələr,hərbianlaşmalar,Qarabağ cəbhəsində atılan hər  güllənin təminatı xalqın inandığı bir liderin şəxsiyyətində cəmləşib.Adi vətəndaşa verilən sosial müavinət də,ünvanlı yardım da,böyük iş adamlarının 100 milyonluq layihələri də vahid bir kursun-respublika rəhbərinin qəraralrının yekunudur.Yetər ki,kimsə özünü əlahiddə statusda və daimi əvf duyğusu altında,cəzasılıq naturasında hiss eləməsin.Lider təkcə varlıları kasıblardan deyil,həm də lümpenproletarları burjuaziyadan qoruduğuna görə xalqını idarə edə bilir.
Vaxtilə Qərbdə uğurlu dövlət  formulunu “canavarlar tox olsun,quzular da şikayət etməsinlər” kimi görənlər vardı. Amma gərək canavarlar da quzuları yeməklə bərabər,boğazlarından tutub boğmağa,yediklərindən artıq tələf etməyə çalışmasınlar!
İki əsr əvvəl böyük əsərləri ilə dövrünün mürəkkəb hakimiyyət səlnamələrinə işıq salan iitalyan alimi Nikolo Makiavelli “dövlət başçısını sevsələr,yoxsa qorxsalar,yaxşıdır” dilemması qarşısında qalmışdı.Ötən yüzildə bu suala ictimai quruluşundan asılı olaraq hərə bir cür cavab verib. 54 yaşlı İlham Əliyevsə özünün gənc,həm də uzun ömürlü və dəqiq hədəfləri ilə seçilən siyasətini həyata keçirərkən millətinin sevgisinə istinad etdiyindən Ona xalqın etimad krediti misilsizdir, sonsuzdur!
Ona görə də insanlıq naminə hər birinizə azadlıq arzuladığımız sevgili milyonçular,siz də hər gün daha yeni olan bir dövlətin tikilən binasına və Ucalan Bayrağının kölgəsinə bir daş qoya bilmədiyiniz yerdə,heç olmasa,daşnak da qoymayın!

 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın