Cümə , Aprel 19 2024
Ana səhifə /  ZƏLİMXAN MƏMMƏDLİ ONA QARŞI QİYAM QALDIRANLARI HƏDƏLƏDİ: “…ƏLAQƏDAR QURUMLAR MÜNASİBƏT BİLDİRƏCƏK”

 ZƏLİMXAN MƏMMƏDLİ ONA QARŞI QİYAM QALDIRANLARI HƏDƏLƏDİ: “…ƏLAQƏDAR QURUMLAR MÜNASİBƏT BİLDİRƏCƏK”

Eyvaz Borçalı: “Təcili yığışıb bu məsələni müzakirə etməliyik”

Zəlimxan Məmmədli: “Orda yazılanlara əlaqədar qurumlar münasibət bildirəcək”
Dəyanət Osmanlı: “Sonra biz Ədliyyə Nazirliyinə müraciət edəcəyik”
“Borçalı” İctimai Cəmiyyətinin 28 may 2016-cı ildə keçirilən konfransında baş verən hüquq pozuntularına etiraz olaraq Borçalı əsilli ziyalılar sədr Zəlimxan Məmmədlinin istefasını tələb ediblər. Onların fikirncə, son illər öz fəaliyyəti nəticəsində borçalıların etimadını itirən, Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirən Z.Məmmədli istefa verməli və cəmiyyətin rəhbər strukturları yenidən formalaşmalıdır. Bu baxımdan, etirazçılar “Borçalı” cəmiyyətinin təsisçilərinə müraciət edərək, növbədənkənar konfransın keçirilməsi tələbi ilə çıxış ediblər.
“Borçalı” İctimai Cəmiyyətinin növbədənkənar ümumi yığıncağının keçirilməsi məqsədilə yaradılmış Təşəbbüs Qrupunun üzvləri tərəfindən cəmiyyətin təsisçiləri Eyvaz Borçalı, Hidayət Nuriyev və Şərif Kərimliyə edilən müraciəti olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq:
“Hörmətli təsisçilər!

Biz, Borçalı kökənli ziyalılar, Azərbaycan və Gürcüstan dövlətlərinin tarixində öz şanlı səhifəsini yazmış bir bölgənin – Borçalının adını daşıyan cəmiyyətin fəaliyyətindən öz narazılığımızı bildiririk.
Buna səbəb son 7 ildə “Borçalı” İctimai Cəmiyyətinin fəaliyyətindəki barışılmaz qüsurlardır. Bunlardan bəzilərini diqqətinizə çatdırmağı özümüzə borc bilir, deyilənləri nəzərə almağınızı və nəticə çıxarmağınızı tövsiyə edirik.
1. “Borçalı” İctimai Cəmiyyətinin nizamnaməsinin əksinə olaraq sədr tərəfindən qurumun tədbirlərinin müxalifət partiyalarının nümayəndələrinin tribunasına çevrilməsinə şərait yaradılması;
2. QHT-lər (İctimai Birliklər və Fondlar) haqqında Azərbaycan Respublikası Qanununun tələblərinin kobud surətdə pozulması;
Sözügedən qanunun 25.6-cı bəndində qeyd olunur: “İctimai Birliyin təsisçilərinə və üzvlərinə ümumi yığıncağın yeri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir”.
Təəssüf ki, qanunun bu tələbi son 7 il ərzində müntəzəm olaraq pozulub, təsisçilər bir dəfə də olsun ümumi yığıncaqlara dəvət olunmayıb və üzvlərin əksəriyyəti də bu toplantıların keçirilməsindən xəbərsiz olub.
3. Bütün ümumi yığıncaqlarda cəmiyyətin icra orqanının – İdarə Heyətinin seçilməsi zamanı müvafiq hüquqi prosedurlara əməl olunmaması;
Məsələn, ümumi yığıncaqda iştirak etməyən insanlar özlərinin xəbəri olmadan İdarə Heyətinə üzv “seçilib”.
Bundan əlavə, heç bir yığıncaqda Nəzarət Təftiş Komissiyasının (NTK) üzvləri seçilməyib və iclaslar birbaşa sədrin iradəsinə uyğun şəkildə aparılıb. Eyni zamanda, bütün ümumi yığıncaqlarda sədr seçkisi zamanı məqsədli şəkildə alternativsizlik yolu seçilib və qanunun müvafiq tələblərinə əməl edilməyib.
4. “Borçalı” İctimai Cəmiyyətində maliyyə şəffaflığı prinsipinin gözlənilməməsi və maliyyə-təssərrüfat hesabatının olmaması;
Hörmətli təsisçilər!
“Borçalı” İctimai Cəmiyyəti sədrinin nizamnamədən kənar fəaliyyəti nəticəsində Borçalının tarixi-coğrafi mövqeyindən, orda yaşayan soydaşlarımızın problem və qayğılarından xəbərsiz olan insanların, xüsusən də ictimai-siyasi və vətəndaşlıq mövqeyi qaranlıq olan şəxslərin cəmiyyətin İdarə Heyətində təmsil olunması da borçalılar arasında ciddi etiraz doğurub.
Nizamnaməyə zidd olaraq qurum sədrinin qeyri-qanuni, şəxsi maraqlar üzərində qurulan fəaliyyətindən narazı olan şəxslərin cəmiyyətin İdarə Heyətindən uzaqlaşdırması və onların əvəzinə yaxın çevrəsinə mənsub insaları “təyin etməsi” faktları da tərəfimizdən səhv addım olaraq dəyərləndirilir.
Hörmətli təsisçilər!
Azərbaycanla strateji müttəfiq və dost münasibətində olan Gürcüstan dövlətinin ərazi bütövlüyünü tanımayan Abxaziya separatçıları ilə, qurum sədrinin özünün də etiraf etdiyi kimi, bir masaya oturması faktı da Borçalıda yaşayan soydaşlarımız tərəfindən pislənilib. Bu zərərli fəaliyyəti dost ölkələr arasındakı sağlam münasibətlərə ziyanlı hesab edirik. Həmçinin başa düşüləndir ki, onun bu qüsurları Borçalı bölgəsinin müasir durumuna da ciddi təhlükələr vəd edir. Və onun Gürcüstana buraxılmamasının səbəblərindən biri də elə budur…
“Borçalı” İctimai Cəmiyyətinin geniş tərkibli toplantısında “dostluq şarjı” adı altında Gürcü millətçiləri tərəfindən çəkilmiş və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan filmin nümayiş etdirilməsi də cəmiyyət sədrinin düzgün olmayan bir yol seçməsini sübut edir . Qeyd edək ki, sədrin bu addımı nəinki qurumun 2009-cu ildəki ümumi yığıncağında seçilən İdarə Heyəti üzvlərinin, hətta həmin məclisdə iştirak edən və etnik baxımdan gürcü olmayan inqloyların da ciddi etirazına səbəb olmuşdur.
Hörmətli təsisçilər!
Bu kimi faktlar az deyil. “Borçalı” İcitimai Cəmiyyəti sədrinin belə qanunazidd fəaliyyəti və təxribat səpkili çıxışları onun Gürcüstan təhlükəsizlik orqanları tərəfindən “persona non grata” elan edilməsinə gətirib çıxarıb. Təəssüf ki, bütün bunlardan sonra, o, öz səhvlərindən nəticə çıxarmayıb. Əksinə, Gürcüstan dövlətinin rəhbərliyinə “Mənim qarşımı kəsməklə məni separatçılığamı vadar edirisiniz?!” tipli hədələyici mesajlar ünvanlayıb. Göründüyü kimi, qurum sədrini bölgənin və soydaşlarımızın gələcəyi qətiyyən maraqlandırmır.
Odur ki, Sizdən təsisçilik hüquqlarınıza uyğun olaraq “Borçalı” İctimai Cəmiyyətinin indiki rəhbərliyinin fəaliyyətinə hüquqi qiymət verilməsi üçün müvafiq qərarlar qəbul etmənizi xahiş edirik.
“Borçalı” İctimai Cəmiyyətinin növbədənkənar ümumi yığıncağının keçirilməsi məqsədilə yaradılmış Təşəbbüs Qrupunun üzvləri:
Kərəm Məmmədli
Vahid Qurbanov
Firudin İsmayılov
Asif Ozan
Kamran Xəlilov
Dəyanət Osmanlı
Sabir Mahmudov
Ziyadxan Budaqov
Nizami Abbaszadə”.
Bu, müracətə münasibət öyrənmək üçün Borçalıdan olan ziyalılardan biri-Eyvaz Borçalı ilə əlaqə saxladıq. O, AZİNFORUM.AZ-a açıqlamasında bildirdi ki, yaranmış durum onu da narahat edir:

“ Mən müraciətin mətnilə yaxından tanış deyiləm. Hesab edirəm ki, bir neçə ziyalı narahatçılığını ifadə edibsə, deməli, ortada nəsə var. Təcili yığışıb bu məsələni müzakirə etməliyik. “Borçalı” Cəmiyyətində yaranan neqativlik aradan qaldırılmalıdır”.
Müraciətə imza atanlardan biri- Dəyanət Osmanlı  isə,  AZİNFORUM.AZ-a  açıqlamasında bildirdi ki, bu kiminsə şəxsiyyətinə qarşı olan məsələ deyil: “Bir çox ziyalıların və təsisçilərin fikirlərini nəzərə alaraq belə bir müraciətin edilməsi qərarına gəlindi. Hesab etdik ki, təşkilat kökündən yenilənməlidir, quruma yeni dinamika gəlməlidir. Bunun üçün də, növbədənkənar iclasın keçirilməsi nəzərdə tutulur. Sonra , Ədliyyə Nazirliyinə müraciət edəcəyik”.

Zəlimxan Məmmədli isə Azinforum.az-a açıqlamasında məsələyə bir cümlə ilə reaksiya verdi:

“Orda yazılanlara əlaqədar qurumlar reaksiya verəcək”.

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın