Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Yuxarıların terroru və aşağıların terroru

Yuxarıların terroru və aşağıların terroru

2013-cü il, iyunun 16-da İstanbulda Gezi parkı hadisələri zamanı çörək almaq üçün evdən çıxan 14 yaşlı Berkin Elvan polis tərəfindən vurulur. Qaz bombasının kapsulu başından dəyən yeniyetmə 269 gün koma vəziyyətində qalır. 2014-cü ilin martında vəfat edir…

Onun qatillərinin tapılıb cəzalandırılması üçün Türkiyədə çoxlu sayda etiraz aksiyaları keçirilir. Bu aksiyalarda onlarla şəxs göz altına alınır, işgəncələr görür, həbs cəzasına məhkum edilir. Ərdoğan yeniyetməni “terror təşkilatının üzvü” adlandırır, əlində sapand olduğunu deyir.

Günahkarlar tapılmır, məhkəmə qurulmur.

***

Ötən il radikal sol qrup olan DHKP-C (“Devrimçi Xalq Qurtuluş Partiyası – Cəbhə) dövlətin cinayətkarları qoruyacağı təqdirdə yeniyetmənin qatillərini cəzalandırmaq missiyasını öz üzərinə götürəcəyinin anonsunu verir. Bu anons dəfələrlə təkrarlanır. Tanıyanlar bilirlər: DHKP-C sözünü havaya söyləmir.

Odur ki, martın 31-də 2 militan ən bərk qorunan obyektlərdən biri olan Ədliyyə Sarayına daxil olaraq Gezi olaylarının prokuroru Mehmet Selim Kirazı girov götürəndə bu aksiyanın gözlənilməz olduğunu söyləyənlər özlərini bilməzliyə vururlar. Gözlənilən idi.

1994-cü ildə Dursun Karataşın başçılığı ilə əfsanəvi DevSolun partiyalaşmasından yaranan DHKP-C həmişə özünü fəda etmək xüsusiyyəti ilə fərqlənib. Məhz bu təşkilatın üzvləri “Ölüm orucları”nda 200-ə qədər itki verib, məhz onlar 2000-ci ilin 19 dekabrındakı bədnam “Həyata dönüş” əməliyyatı zamanı məhbəslərdə diri-diri yanıblar.

“DevSol”çuların ifrat maksimalizmi də sirr deyil: istənilən hərbi aksiyada ən mühüm şərtlərdən biri “dönüş planı”dır. Yəni əməliyyat yerini sağ-salamat tərk etməyin yolları əvvəlcədən dəqiqliyi ilə işlənib hazırlanır. DHKP-C üzvləri isə heç vaxt “dönüş planı”na diqqət etmirlər, onların hər bir aksiyası kamikadzeliyi xatırladır. Elə 31 martda da onlar Ədliyyə Sarayına ya şərtlərinin reallaşması, ya da ölmək üçün gəlmişdilər. İkincinin ehtimalı ifrat böyük idi. Elə də oldu – öldülər.

Bu cəhətdən onlar vaxtilə Alber Kamyunu riqqətə gətirmiş “Narodnaya volya”nın üzvlərinin və gənc eserlərin xələfləridir – klassik terrorun mənəvi kodeksi ilə yaşayıb ölürlər. Yəni: 1. Günahsız adam öldürülməməlidir və 2. Öldürmüsənsə, özün də ölməlisən.

Kamyunun “Qiyam edən insan”ında səhifələr həsr etdiyi eser Kalyayev, yaxud Jelyabov kimi.

Artıq devrimçilərin adları da məlumdur: 24 yaşlı Şafak Yayla və 28 yaşlı Bahtiyar Doğruyol. Sonuncudan fərqli olaraq birincini fotosunu bütün dünya gördü, səsini dinlədi. İstanbul Universitetinin hüquq fakültəsinin tələbəsi. 4 il əvvəl Ərdoğan universitetə gələrkən ona qarşı şüar qışqırdığına görə həbs olunub və işgəncə görüb. Müsahibələrindən birində 15 polis tərəfindən döyüldüyünü söyləyib.

***

Onlar nə tələb edirdi? Əvvəla, Berkin Elvanın qətlində günahkar olan polislərin etiraflarını və məhkəməsini. İkincisi, indiyədək Berkin Elvanın xatirəsinə keçirilən aksiyalarda tutulanların azadlığa buraxılmasını. Digər tələblər də vardı, ancaq əsasları bu ikisidir.

İndi deyin: burada ədalətsiz, yerinə yetirilməməli nə var ki? Əksinə, dövlət çoxdan polisləri mühakimə etməli, günahsızları isə sərbəst buraxmalı idi. Bu, onun borcu və vəzifəsidir. Baxmayaraq ki, Ərdoğan iqtidarı bu dəfə də ədaləti bərpa etməməkdə israrlılığını ortaya qoydu. Nəticə: devrimçilər də, prokuror da qətlə yetirildi.

Əgər hökumət terrorçunu qoruyursa, bunun özü də terrordur. Sadəcə fərdi yox, dövlət terroru. Dövlət terrorunun bir gün fərdi terrorla qarşılaşacağı isə qaçılmazdır – xüsusilə də bunun ənənəsi olan məkanlarda (o da təsadüfi deyil ki, DHKP-C aksiyasını Mahir Çayan və dostlarının Qızıldərədə qətlə yetirilməsinin 43-cü ildönümü ilə eyni günə salmışdı).

Dövlət günahsızın qanını batırıb canini hifz edirsə, bir gün cəsurların təhrifli dəlisovluğu ilə qarşılaşmalıdır. 31 mart hadisəsi ölkənin siyasətində və qüvvələr nisbətində heç nəyi dəyişə bilməsə də onun yenə və yenə təkrarlanacağı da ritorikdir. Yuxarıların legitimləşmiş terroruna qarşı aşağıların özünüfəda səviyyəsində illeqal terroru dayandı.

Buradan isə adi məntiqi nəticə çıxır: Terror bir halda doğru siyasət kimi sırınırsa (əgər onu dövlət icra edirsə), digər halda əclaflıq sayılır. Halbuki bu ikincini o birinci yaradıb.

Yazıçı və rejissor ser Piter Ustinov hələ 1980-cı illərdə demişdi: “Yoxsulların mübarizəsini – terror, varlıların terrorunu isə mübarizə adlandırırlar”.

Nə deyəsən, sərrast ifadədir.

***

1993-cü ilin 27 iyunu, Bağdad. ABŞ Hərbi Donanması qanadlı raketlə şəhərdəki seçilmiş bir obyekti – evi vurur. Nəticədə rəssam Leyla əl-Əttar və həyat yoldaşı həlak olur, balaca qızı isə kor qalır.

ABŞ administrasiyası elan edir: həmin gecə Bağdadda kemiş prezident ata-Buşa qarşı sui-qəsd hazırlayan terrorçular öldürülüb. “Baş terrorçu” da Leyla imiş.

Leyla əl-Əttar məşhur rəssam, bir çox beynəlxalq mükafatların laureatı, Bağdad İncəsənət Muzeyinin direktoru, nəhayət, sadəcə yaraşıqlı qadın idi. 1993-cü ilin yanvarında ABŞ aviasiyası əl-Əmiriyyədəki sığınacağı vakuum bombaları ilə vuranda o da həmin binada iri. Orada 408 dinc sakin həlak olur (halbuki amerikalılar binanın hərbi obyekt yox, sığınacaq olduğunu yaxşı bilirdi).

Səddam Hüseynin hakimiyyətinin sonuna qədər orada xatirə kompleksi yerləşirdi, əcnəbi turistlərə binanın içi nümayiş etdirilirdi. Mən də o binanı görmüşəm, temperaturdan əriyən insan bədənlərinin izləri divarlarda qalmaqda idi.

Həmin dəhşətli terror aktından sonra Leyla yeganə silahını işə salır, ata-Buşun mozaika formasında karikaturasını çəkir. Karikaturanı Bağdadın məşhur “Rəşid” otelinin girəcəyinə döşəyirlər. İçəri daxil olan hər kəs qatilin sifətinə ayaqlarını silirdi (tarix təsdiqlədi ki, ata və oğul Buşların sifəti İraq xalqının ayaqlarını silmək üçün tamamilə layiqli subyektlərdir).

Elə həmin karikatura da Leylanın qətlinə səbəb oldu. Göründuyu kimi, öz kumirlərinin karikaturasına görə ilk dəfə öldürməyə başlayanlar heç də “Şarli Ebdo”nun redaksiyasına hücum çəkən İslam fundamentalistləri olmayıb. Bunu dünyanın ən terrorçu dövləti – ABŞ başlayıb.

İndi deyin: hansınız rəssam Leyla əl-Əttarın qatillərinin cəzalandırılmasını istəməzdiniz? Haaqa Məhkəməsi variantını unudun…

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …

Bir cavab yazın