Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / Aktual / Yol polisi sürücüləri niyə hədələdi?

Yol polisi sürücüləri niyə hədələdi?

Bu günlərdə Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydalarını pozan, yol polisi tərəfindən saxlanıldıqda tabesizlik göstərən və onların videosunu çəkərək sosial şəbəkələrdə yayan bəzi sürücülərə xəbərdarlıq edib.

Belə ki, idarədən bildirilib ki, son vaxtlar yol polisi əməkdaşları tərəfindən saxlanılan bəzi sürücülər bilərəkdən inspektorlara qarşı qərəzli hərəkətlər göstərərək tabesizlik nümayiş etdirirlər: “Bir halı da nəzərə almaq lazımdır ki, hər bir sürücü yol-patrul xidməti əməkdaşının “saxla” işarəsinə tabe olmalı, müvafiq qaydada sənədləri təqdim etməlidir. Zərurət yarandıqda isə polisin tələbi ilə avtomobili tərk etməlidir. Əks halda, qanunvericilikdə bununla bağlı məsuliyyət nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə 80 manat məbləğində cərimə nəzərdə tutulur. Məcəllənin 535-ci maddəsinin 1-ci bəndində isə daha ağır məsuliyyət nəzərdə tutulur”.

“Qafqazinfo” xəbər verir ki, Kaspi.az mövzunu araşddırıb. Belə videoların çəkilişi hüquqi cəhətdən nə dərəcədə doğrudur? Doğrudursa, yol polisinin belə çəkilişlərə qadağa tətbiq etməsi düzgündürmü?

Avtosfer.az saytının baş redaktoru, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, videolardan şantaj məqsədilə istifadə etmək olmaz: “Əvvəllər sürücülərin öz hüquqlarını müdafiə etmək üçün sübutları olmurdu. Məsələ, çəkişmə predmetinə çevrildikdə videogörüntülər fakt sayılır. Bəzən yol patrul xidməti əməkdaşları çəkiliş apara bilmirlər. Məsələn, motosikletlərlə xidmət aparan əməkdaşlarda kamera olmur. Qanuna görə, yol-patrul xidməti əməkdaşı tərəfindən saxlanılarkən, sürücü avtomobilin qarşısında dayanmalıdır ki, patrul maşınındakı kamera onu tam şəkildə çəkə bilsin. Bəzən əməkdaş maşını qabaqda saxlayır və sürücü ora gedir. Bu baxımdan, sürücünün prosesi çəkməsini heç kim qadağa edə bilməz.

Amma burada söhbət həmin videonun hansı məqsədlə çəkilməsindən gedir. Yayılan xəbərdarlıqda bu məsələ xüsusi vurğulanır ki, çəkiliş aparmaq qadağan deyil. Sadəcə olaraq, bəzi sürücülər həmin videolardan yol polisinə təzyiq və şantaj vasitəsi kimi istifadə edirlər. Qaydanı pozmasına baxmayaraq, polisi videoları paylaşmaqla hədələyirlər. Bəzən inspektorlar hazırlıqsız olduğuna görə, vahiməyə düşərək sürücünün getməsinə icazə verir. Əslində, o sürücüyə cərimə yazılmalıdır. Yaxud da, polis əməkdaşı fikirləşir ki, olay  uzun çək-çevir prosesindən keçəcək. Həmin sürücü isə videonu sosial şəbəkələrdə paylaşaraq polisi necə ələ salmağı və qorxutmağı ilə fəxr edir.

Burada söhbət polisə tabesizlikdən gedir. Sürücü qanunun tələbini yerinə yetirmir”.

Hüquqşünas, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, burada qanuna zidd məqam yoxdur: “Yayılan bəyanat bəzi media qurumlarında və sosial şəbəkələrdə bir qədər kontekstdən çıxarılaraq şərh edildi. Dövlət yol polisi əməkdaşının xidmət vaxtı videosunun çəkilməsində heç bir problem yoxdur. Burada qanuna zidd heç bir məqam yoxdur. Onlar özləri qeyd ediblər ki, bu videolar xidmətdə şəffaflığın və ictimai nəzarətin təmin olunma vasitələrindən biridir. Sürücülər bu görüntüləri qeydə ala bilərlər. Amma bu yalnız xidmət vaxtı ola bilər. Belə videoların çəkilişi zamanı yol polisi əməkdaşları peşəkar şəkildə davranmalıdırlar. Qanundan kənar davranışa yol verilməməlidir. Əgər hər şey qanun çərçivəsindədirsə, belə videolardan şantaj məqsədi ilə istifadə etmək mümkün deyil. Sürücülər də qanunun bütün tələblərinə riayət etməlidirlər”.

Həmçinin oxuyun

Sabiq nazirin şirkətinə 12,4 milyon manatlıq sifariş

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti kommunal təyinatlı maşın və mexanizmlər alır. Departament satınalma müqaviləsini sabiq …