Ana səhifə / Aktual / Yol polisi “damara baxıb qan alacaq”: kasıblardan 50, varlılardan 100, müəssisələrdən 300 manat – Rəsmi etiraf

Yol polisi “damara baxıb qan alacaq”: kasıblardan 50, varlılardan 100, müəssisələrdən 300 manat – Rəsmi etiraf

“Bakıda texniki baxışdan keçməyən minik avtomobilləri ilə bağlı reydlərə başlanılıb”.

Ovqat.com xəbər verir ki, bunu Trend-ə Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, avtomobillərin müəyyən hissəsinin ilin əvvəlindən mayın 1-ə qədər nəzərdə tutulan vaxt ərzində texniki baxışdan keçməməsi ciddi narazılıq doğurur: “Bu baxımdan bu gündən etibarən yol polisi tərəfindən saxlanılan nəqliyyat vasitəsinin texniki baxışdan keçməməsi aşkarlanarsa, inzibati qaydada protokol tərtib ediləcək. Bir daha xatırladırıq, texniki baxışdan təyin edilmiş müddət ərzində keçməməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir. Avtomobillərin texniki baxışı Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika mərkəzində həyata keçirilir”.

V.Əsədov yük avtomobillərinə və avtobuslara da texniki baxışdan keçməyi tövsiyə edib: “Yük avtomobilləri və avtobuslar texniki baxışdan keçmək üçün təqdim edilməlidir. Texniki baxışın noyabr ayının 1-ə qədər keçirilməsi nəzərdə tutulur. Onlar da texniki baxışdan keçməni təmin etməlidirlər, əks halda qanunvericilikdə göstərilən tədbirlər həyata keçiriləcək”.

Başqa sözlə desək, DYP damara baxıb qan alacaq: kasıblardan 50, varlılardan 100, lap varlılardan – müəssisələrdən isə 300 manat. Nəzərə alsaq ki, eyni hərəkətə görə bir-birindən 6 dəfə fərqli cərimə nəzərdə tutulur, bunun nə dərəcədə ədalətli və hüquqi olduğu mübahisə doğurur. Nədən ki, qanunvericiliyə görə, hər kəs qanun qarşısında bərabərhüquqludur və əli qılınclı, gözü bağlı Femida mələyi kimin hansı təbəqəyə aid olduğuna baxmamalıdır. Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun xəbərdarlığından isə belə çıxır ki, onlar qaydanı pozanları cəzalandırarkən müxətablarının ictimai statusunu da nəzərə alırmışlar.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …