Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Aktual / Yeznə-qayın işbirliyi dövlətə neçəyə başa gəlir?

Yeznə-qayın işbirliyi dövlətə neçəyə başa gəlir?

“Həqiqətən sahibkarlar özlərinin komfort zonasından kənara düşdükdə daha kreativ olmağa, yeni imkanlar axtarmağa məcbur qalırlar. Bu isə öz növbəsində, yeni imkanların aşkar edilməsinə səbəb ola bilər. Biz də çalışırıq məhz o tərzdə düşünməyə alışaq…”

Bu sözləri hazırda adı mediada və sosial şəbəkələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) korrupsiya qalmaqalında keçən “Ekvita” Consulting MMC-nin rəhbəri İlqar Mehti Rəşid oğlu bir neçə il əvvəl saytların birinə verdiyi müsahibədə deyib.

İlqar Mehti

Qalmaqala gəlincə, tanınmış blogerlərin yazdığına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu rüşvətxorluğa qarşı mübarizə, idarəetmə sistemlərində beynəlxalq standartın tətbiqi ilə bağlı məsləhət xidmətlərini “Ekvita” Consulting MMC-yə etibar edib. Yəni, keçirilən tenderin qalibi adıçəkilən şirkət olub. Bu, son 4 ayda həmin şirkətə verilmiş ikinci tenderdir və iki məsləhət xidmətinə görə 82 500 manat ödənəcək. “Ekvita” MMC-yə bir tenderə görə 30, digərinə görə isə 52 min manat ödənilib.

Bundan başqa, məlumatlarda qeyd olunur ki, avqust ayında ƏƏSMN-in bir digər strukturu olan Dövlət Məşğulluq Agentliyi həmin şirkətdən 920 000 manatlıq peşə standartları hazırlanması barədə məsləhət alıb. 

Bu tenderlərdə şübhə doğuran məqam isə odur ki, “Ekvita”nın rəhbəri İlqar Mehtinin nazir müavini Anar Kərimovun qaynı olduğu bildirilir. İddia olunur ki, nazir müavini sirkətin partyoru olmaqla bərabər onun həmtəsisçilərindən biridir. Tenderlər də məhz bu qohumluq, biznes əlaqələrinə görə sözügedən MMC-yə verilib.

Anar Kərimov

Dövlət Vergi Xidmətinin informasiya bazasından əldə etdiyimiz məlumata görə, “Ekvita” Consulting Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 1999-cu ildə təsis olunub, qanuni nümayəndəsi İlqar Mehti Rəşid oğludur. Şirkətin hüquqi ünvanı kimi Bakı şəhəri, Nəsimi rayonu, Tramvay döngəsi ev 4, “Time” Biznes Mərkəzi, 8-ci mərtəbə göstərilib. Nizamnamə kapitalı 10 min manatdır.

“Ekvita” MMC-nin rəsmi saytında yuxarıda qeyd olunan tenderlərlə bağlı informasiya yerləşdirilməyib. Şirkətin fəaliyyət sferası ilə bağlı isə bunlar yazılıb: “”Ekvita” 80 nəfər peşəkardan ibarət komandası ilə hüquq, vergi, maliyyə, audit və idarəetmə üzrə tam əhatəli konsaltinq xidməti göstərir. Aktiv müştərilərimiz arasında dünya miqyasında fəaliyyət göstərən və “Fortune 500”-də yer alan şirkətləri qeyd edə bilərik. Dövlət layihələri ilə yanaşı, həmçinin, Dünya Bankı və digər beynəlxalq donorların irihəcmli layihələrinin icrasında iştirak etmişik…”

Saytda şirkətin layihə tərəfdaşlarının bir hissəsinin dövlət qurumları, qalanları xarici donorlar və beynəlxalq təşkilatlar olduğu göstərilib. Məsələn, 13 fevral 2020-ci il tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiyalar Agentliyi ilə “Ekvita” arasında əməkdaşlıq haqqında razılaşma imzalanmasından söhbət açılır. MMC Avropa Birliyinin qrant proqramlarından da faydalanıb, Azərbaycan Energetika Nazirliyinə maneələri aradan qaldıracaq mexanizmlər yaratmağa kömək etmək üçün layihə həyata keçirib. Bununla yanaşı Avropa Birliyinin “Bölgələrin inkişafına dəstək” proqramından qrant alaraq Azərbaycanda Xüsusi İqtisadi Zonaların İnkişafına dəstək layihəsi də icra edilib. Layihənin əsas meyarı potensial sahibkarlar üçün biznes mühitini inkişaf etdirmək və iqtisadi zonaların imkanlarını artırmaqdan ibarət olub.

Şirkətin saytında verilən məlumata görə, “Ekvita” MMC Dünya Bankından kredit hesabına reallaşdırılan, 100 milyon dollarlıq “Məşğulluğa Dəstək Layihəsi”nin bir neçə komponentini də icra edir. İddia olunur ki, bu layihədən də nazirlik şirkətə 10 milyon dollara yaxın pul verəcək.

Təsvir olunan fəaliyyət sferası “Ekvita” MMC-nin yüksək səviyyədə himayə olunduğuna şübhə yeri qoymur. Əks halda, şirkətin həm nəhəng dövlət resurslarına, həm də ölkədə az qala qadağan olunmuş böyük həcmli xarici qrantlara çıxışı mümkün olmazdı. Bu himayə İlqar Mehti ilə nazir müavini Anar Kərimovun qohumluq əlaqələrindənmi qaynaqlanır? 

Bu suala aydınlıq gətirmək üçün “Ekvita” MMC-nin internet səhifəsində qeyd olunan telefon nömrəsi ilə əlaqə saxladıq, amma gün ərzində dəstəyi qaldıran olmadı.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbov isə “AzPolitika.info”-ya bildirdi ki, bu barədə onda hər hansı məlumat yoxdur. O, nazirliyin fəaliyyəti ilə bağlı istənilən sualı cavablandıra biləcəyini qeyd etdi – baxmayaraq ki, söhbət elə məhz nazirliyin, onun tabeli strukturlarının, nazir müavininin fəaliyyətindən gedirdi.

Hüquq və İnkişaf Mərkəzinin rəhbəri Hafiz Həsənov “AzPolitika.info”-ya bildirib ki, barəsində danışdığımız qohumluq faktı doğrudursa, dövlət satınalmalarında maraqların ziddiyətidir və qanun pozuntusudur. “”Dövlət satınalmaları haqqında” Qanunun 13.2.1.-ci maddəsinə görə, satınalma prosedurlarında iştirak edən iddiaçının nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluğu olanlar satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər. Eyni zamanda “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun 15.1.-ci maddəsinə görə, dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir“, – hüquqşünas vurğulayıb.

Onun sözlərinə görə, bu Qanunun 15.2.-ci maddəsinə görə isə dövlət qulluqçusunun xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, qanunvericiliyə müvafiq olaraq, dövlət qulluğuna qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə məlumat verməyə borcludur. Hüquqşünas qeyd edib ki, vəzifəli şəxsin bu prosesdə birbaşa və ya dolayısı ilə iştirakı sübut edildiyi halda, bu, korrupsiya hüquqpozmaları hesab edilir və məsuliyyət yaradır. AzPolitika.info

Həmçinin oxuyun

Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilən QOCALAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli sərəncamları ilə İsmayıl Sultan oğlu İsmayılov …