Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Yezidin azərbaycanlı davamçıları

Yezidin azərbaycanlı davamçıları

Aşura bitsə də, Aşura söhbətləri davam edir. Sanki bu ölkənin ayrı dərdi yoxdur. Təəssüf ki, bu məsələdə savadı, elmi-biliyi, haqqı olan da danışır, olmayan da.

Ən çox ikrah doğuran isə özünü millətin öndə gedəni, ziyalı sayan bəzilərinin ifrata vararaq, Aşura gününü, Peyğəmbərin (ə) sevimli nəvəsinin şəhadətini ələ salması, bununla da guya özünü cəmiyyətə İmam Hüseyn tərəfdarlarından daha ağıllı, daha qiymətli göstərməyə çalışmasıdır.

Ad çəkmirəm, belə tanınmışlardan birinin fikrinin oxudum. Və az qala şoka düşdüm. Ən əvvəl ona görə ki, başqalarını cahillikdə suçlayan bu şəxs faktiki, cahil kimi danışır. Özünü Allah adamı saysa da, ateistdən betər absurd fikirlər söyləyir.

Adama hələ də çatmayıb ki, İmam Hüseyn (ə) nəyin yolunda şəhid olub və nəyin uğrunda şəhidlik örnəyi yaradıb – özü də təkcə ərəblərə yox, bütün bəşəriyyətə. Bəşəriyyətə örnək ola bilən bir insanın isə milliyyəti müzakirə mövzusu olmaz. Bunu dərk eləmək çoxmu çətin?
Ümumiyyətlə, bir şəhidin haqqına girib onu sıradan biri kimi aşağılamaq, ona hər il təziyə saxlayıb ehtiram göstərməyi millətə ar və cahillik saymaq mədəniyyətin yox, mədəniyyətsizliyin təzahürüdür, neqativ kompleksdir – üstəlik, bunu indiki ali məqam sahiblərinə öz işi xətrinə yaltaqlanmağı özünə peşə seçmiş biri edirsə, daha betər!!

Şəxsən mən din adamı, dindar, ilahiyyatçı deyiləm, ancaq Qurandan azca anlayışım var. Qurani-Kərimin bir neçə mükəmməl tərcüməsini də oxumuşam. Hamısında şəhid adı olduqca yüksək tutulur Allah dərgahında. Məsələn, Rəbbimiz öz kitabında buyurur ki, “Allah yolunda öldürülənləri (şəhid olanları) ölü zənn etməyin. Əksinə, onlar Allah dərgahında diridirlər və cənnət ruzisi yeyənlərdir, siz dərk etməzsiniz” (“Bəqərə” və “Ali-İmran” surələri).

Belədirsə, İmam Hüseynin mübarizəsini “bir qrup ərəbin başqa qrup ərəbə qarşı hakimiyyət davası kimi” qələmə verməyin özü cahillikdir, şəhidlik anlayışını anlamamaq, bu anlayışı zorlamaqdır. Qurana, Allaha qarşı çıxmaqdır. Axı, 1400 il öncəki tarix elə də uzaq deyil ki, onu təhrif edə, bəzəyə, şişirdə və ya kiçildə biləsən. Gerçəyi bilmək üçün böyük əziyyətə qatlaşmağa lüzum yox ki.

İmam Hüseyn heç şübhəsiz ki, Azərbaycan xalqı da daxil, bəşəriyyətə öz təməl haqqı uğrunda mübarizə aparmağın böyük mənəvi məktəbini qoyub. Zalıma, zülmə, haqsızlığa qarşı mübarizədə lazım gələrsə canını fəda etməyin nümunəsini yaradıb. “Dininiz olmasa da, heç olmasa azad olun!” Şəhidlikdən az öncə qarşı tərəfə, Yezid əsgərlərinə bu çağırışı edən də məhz odur – əziz İmam Hüseyn.

İndi belə bir şəxsə, məsuma, şəhidə, nəhayət, peyğəmbər əfəndimizin sevimli nəvəsinə sahib çıxmaq cahillikdirsə, onda bunu deyənlərin normal təfəkkür və ağıl yiyəsi olmasına ciddi şübhə edirik. Onlar daha çox elə Yezid təfəkkürlü insanlardır.

Üstəlik, bunu iddia edənlər elə bir ölkədə yaşayırlar ki, orada haqsızlıq, sosial ədalətsizlik, o sırada inhisarçılıq və korrupsiya, kasıb malına əl uzatma, harınlıq az qala adi həyat tərzinə çevrilib. Özünü ziyalı, millətin öncülü sayanlar Aşuranı, İmam Hüseyni və tərəfdarlarını ələ salmaqdansa, daha yaxşı və ədalətli olmazdımı ki, öncə bu haqsızlıqlardan danışsınlar, yəni, bir azca “İmam Hüseynlik” eləsinlər?!
İmam Hüseynə, onun Qiyamətə kimi dəyişməz və ibrətamiz qalacaq igidlik, şəhidlik məktəbinə sahib çıxmaq, iddia edildiyi kimi, heç də radikallıq deyil, əksinə mədəniyyətdir, insana, şəhidə sevgi nümunəsidir. Nəhayət, ərazisinin 20 faizi işğal altında olan millət üçün bir şərəfdir, qurtuluş üçün stimul mənbəyidir. İmam Hüseyni bəyənməmək ən azından, elə yezidlikdir ki var.

Bir şeyi də bu başabəla “ziyalılar” gərək unutmasınlar ki, Azərbaycanın indiyədək İŞİD fəlakətindın kənarda qalmasının əsas səbəbi elə ölkə əhalisinin məhz İmam Hüseynə sahib çıxması ilə, yəni şiəliklə bağlıdır. Bu üzdən İŞİD-in, radikalların Azərbaycanda köklü ideoloji bazası, dayağı, tərəfdarı olmadı, olmayacaq da. Bəlli səbəbdən.

Odur ki, bu gün Aşuranı, İmam Hüseyni lağ edənlər öncə heç olmasa, hələ də sağ qaldıqlarına, Azərbaycanda terrora tuş gəlmədiklərinə görə bu böyük insana minnətdar olsalar, daha urvatlı olar.

Bacararlarsa, təbii ki…

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …