Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Aktual / Yeni təyinat almış icra başçılarının fəaliyyətinə hansı kriteriyalarla qiymət verilməlidir…

Yeni təyinat almış icra başçılarının fəaliyyətinə hansı kriteriyalarla qiymət verilməlidir…

Məlum olduğu kimi, İlham Əliyev bir sıra rayonlara yeni icra başçıları təyin etdi. Reallaşan təyinatlardan görünür ki, son vaxtlar bu cür məsul vəzifələrin icrasının daha çox gənc nəslin nümayəndələrinə tapşırılmasına üstünlük verilir. Yəni hakimiyyətin xüsusilə də rayonların idarə olunmasında yeni yanaşma ortaya qoyduğu aydın sezilir.
Biz yeni təyinatlarla yanaşı, rotasiya qaydasında aparılan kadr islahatları zamanı da gənclərə böyük etimadın göstərildiyinə rast gəlirik. Belə olan təqdirdə, son dövrlərdə təyin olunan icra başçılarının sonrakı fəaliyyətinə hansı kriteriyalara əsaslanaraq qiymət verilməlidir?

Ekspert Abil Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, idarəetmədə yeni innovativ metodların tətbiqi zəruri olduğu səbəbindən belə islahatların aparılması təqdirəlayiqdir:

“Bu, yeni təfəkkürün idarəetməyə tətbiqi anlamına gəlir. Çünki gənc kadrların yanaşması daha innovativdir. Üstəlik də gənc kadrlar daha enerjili və motivasiyalı olurlar ki, bu faktor da rayonların idarə olunması üçün önəmlidir. Nisbətən yaşlı nəsildə idarəçilik vərdişləri sovet dönəmində formalaşıb ki, onlar da müasir zamanla tam ayaqlaşa bilmirlər. Gənc kadrlar isə yeni mühitdə formalaşıblar, yeni təhsil sistemini mənimsəmiş insanlardır. Eyni zamanda, belə adamlarda yaradıcılıq potensialı və təşəbbüskarlıq daha çox olur. Razıyam ki, biz onlara fərqli kriteriyalardan qiymət verməliyik. Müəyyən müddət fəaliyyət göstərəndən sonra həmin dövrün qiymətləndirilməsi aparılmalıdır. Bu da bir sıra parametrlər üzrə həyata keçməlidir. Həyata keçirilən fəaliyyətin səmərəliliyinin qiymətləndirilməsi aparıla bilər. Bu da müxtəlif kriteriyalar üzrə mümkündür. Həm kəmiyyət, həm də keyfiyyət indikatorlarına əsaslanmalıyıq. Məsələn, bir müddət sonra həmin rayonda əhalinin məmnunluq səviyyəsinin necə olması ilə bağlı müasir qaydalar əsasında sosioloji sorğu keçirmək olar. Həmçinin, rayonun həmin müddətdə olan sosial- iqtisadi göstəricilərinə əsaslanıb qiymətləndirmə aparmaq olar. Eləcə də infrastrukturda baş vermiş yeniliklər əsasında dəyərləndirmə keçirilə bilər. Regiona investisiyaların cəlb edilməsi ilə də bağlı müqayisələr keçirilə bilər ki, bu da həmin kadrlar arasında sağlam rəqabətin yaranmasına səbəb olar. Kommunal təsərrüfatın idarə olunmasında hansı keyfiyyət dəyişikliyinin baş verməsi də ölçülməlidir. Bu tip kriteriyalar əsasında fəaliyyət dövrünü qiymətləndirmək tam mümkündür”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Bərdəyə raketin düşdüyü yerdən – Fotolar

Xəbər verdiyimiz kimi, Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla …