Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Yeni ildə könlü qara kürü istəyənlərə: kilosu 1500 dollar…

Yeni ildə könlü qara kürü istəyənlərə: kilosu 1500 dollar…

Ekspertlər bildirirlər ki, süni kürü təmiz kürüdən ilk olaraq qiymətinin ucuz olması ilə fərqlənir

Yeni ilin gəlməsinə 10 gün vaxt qaldı. Artıq bu bayramı qeyd edənlər Yeni il axşamı süfrələrinə düzəcəkləri azuqələrin bazarlığını etməyə başlayıblar.  Yeni il axşamı süfrələrə düzülən nemətlər sırasında balıq kürüsünün xüsusi yeri var. Azərbaycan Xəzər sahilində yerləşir və bəzən kürünü neftdən sonra ikinci ən böyük sərvət hesab edirlər. Bunun səbəbi kürünün dünya bazarında qiymətinin baha olması ilə əlaqədardır. Söhbət ağ balıq və nərə balığının kürüsündən gedir ki, bu balıqların kürülərini tapmaq elə də asan deyil.

Reallıq budur ki, Xəzərin sahilində yaşamağımıza baxmayaraq, dəniz məhsullarından olan kürü həmişə əlçatmaz təam olub. Biz öz ölkəmizdə bu məhsulun dadına baxa bilməsək də, xarici ölkələrdən sırf Azərbaycan kürüsünü almaq üçün gələnlər iş adamları, turistlər də az deyil.

Onu da qeyd edək ki, Azərbaycandan xaricə yalnız 125 qrama qədər nərə cinsli balıq kürüsü  çıxarılmasına icazə verilir. 125 qramdan artıq kürünü dövlət sərhədindən çıxarmaq mümkün deyil.

Bəs Bakıda satılan kürülərin qiymətləri neçədir?

Kiçik araşdırma edərək, Bakıda satılan kürülərin mənşəyi, qiymətləri və harada satılmaları ilə maraqlandıq. Öyrəndik ki, Bakıda iri supermarketlərdə, açıq bazarlarda, balıq satılan yerlərdə və  “Caspian fish” şirkətinin mağazalarında kürü  satılır. Özü də müxtəlif qiymətə. Supermarketlərdə satılan qara və qırmızı kürülərin əksəriyyəti Rusiyadan gətirilib. Bu kürülərin 100 qramının qiyməti 2.5 manatdan başlayıb, 6 manata qədər davam edir. Təbii ki, qeyd etdiyimiz kürlərin heç birini əsl saymaq olmaz. Bəzi kürü satılan  qabların arxa hissəsində qidanın süni kürü olduğu yazılır.  Məlumat üçün qeyd edək ki, təbii kürü ilə yanaşı, süni kürülər də yetişdirilir. Bundan əlavə isə yumurtadan, balıq yağından, dərisindən hazırlanan kürülər də var ki, onların qiyməti çox ucuzdur.  Mütəxəssislər bildirirlər ki, təbii orqanizmdən gələn maddə olmadığına görə digər süni maddələr kimi süni kürülərin də orqanizmə mənfi təsiri var. Əsas mənfi təsiri ondan ibarətdir ki, həmin kimyəvi maddələrin tərkibi oksidantlarla  zəngin olur. Xarici ölkələrdən gətirilən süni kürünün bəzilərinin üzərində nərə balığının şəkli vurulub ki, bu da təbii olaraq alıcıları aldatmaq üçündür.

Azərbaycanda 2013-cü ildə Xıllı Nərə Balıqartırma Zavodunda ilk dəfə olaraq süni yolla kürü yetişdirilib. 2003-cü ildən istifadəyə verilmiş Xıllı Nərə Balıqartırma Zavodunda yetişdirilən törədici döllük səviyyəsinə çatdırılmış 7-8 yaşlı 2 dişi nərə balığından süni yolla 5 kq – 260 min ədədə yaxın kürü alınıb. Süni yolla alınmış kürülər eyni üsulla yetişdirilmiş  2 erkək nərə balığının mayası ilə mayalandırılaraq inkubasiya aparatlarına yerləşdirilib və bundan 200 mindən çox sürfə alınıb.

Əməliyyat cərrahiyyə üsulu ilə aparıldığından balıqlar sağ qalıb və gələcəkdə onlardan yenidən kürü almaq məqsədilə nohurlara buraxılıb. Hazırda zavodda 4 minə yaxın 1-9 yaş arası süni yolla alınmış törədici döllük nərə balıqları (nərə, uzunburun və kələmo) bəslənilir.

Bu üsuldan əsasən balıqlarıın sayının artırılmasında istifadə edilir. Süfrələrə gələn saxta kürü üçün bu qədər əziyyət çəkilmir.

Yuxarıda qeyd etdiyimiz kimi, ən baha kürü nərə və ağ balığın kürüsüdür. Qara kürü deyilən bu məhsulların qiymətinə gəlincə isə birinci balığın 1 kiloqram kürüsü 1200 manata, ikincinin kürüsü isə 1500 dollara satılır. Əgər balıq müştərinin gözü önündə yarılıb, kürüsü çıxarılıb satılırsa, onun qiyməti daha baha olur. Çünki bu kürü təmiz hesab olunur və heç bir qatqısı olmur. Kənardan gətirilən kürüyə isə çox zaman yumurta və digər maddələr vurulur.

Hazırda Bakıda “Təzə bazar”da,  “8-ci kilometr bazarı”nda müxtəlif qiymətə kürülər satılır. Lakin satıcılar bu kürünü açıq şəkildə qoymurlar. Kürü almaq üçün balıq satan şəxslərə yaxınlaşmaq lazımdır. Adətən onlar bildirirlər ki, özlərində olmasa da, tanıdıqları satıcılarda “təmiz qara kürü” var. Qiymətə gəlincə isə müştərinin cibinə uyğun təkliflər edirlər. Məsələn, “8-ci kilometr bazarı”nda kiloqramı 90, 120, 150, maksimum 200 manata olan kürülər tapmaq mümkündür. Bundan baha qiymət demirlər. Satıcıların sözlərinə görə, onlar yaxşı başa düşürlər ki, əsl kürü almaq istəyən bazara üz tutmur. Bu xüsusda onlar həm də etiraf edirlər ki, satdıqları kürü təmiz deyil. Onu da qeyd edək ki, 17-ci əsrədək qara kürü kasıb kəndli yeməyi sayılırdı. Lakin sonralar əvvəlcə rus çarlarının, ardınca isə Avropa aristokratlarının süfrəsinə yol tapan qara kürü çoxdandır dünyanın ən ləziz və delikates təamı hesab edilir.

Hafiz Hacıyev ile ilgili görsel sonucu

1991-1992-ci illərdə  o dövrdə fəaliyyət göstərən “Azərbalıq” İstehsalat Kommersiya Assosiasiyasının sədri Hafiz Hacıyev “Yeni Müsavat”a bildirib ki, onun vəzifədə olduğu ərəfədə qara kürünün kilosu  110 dollar olub:

“Mənim işlədiyim dövrdə qara kürünün kiloqramı  90-110 dollara idi. İndiki qiymətlər monopoliya ilə bağlı olan məsələlərdir.  Bizim vaxtımızda mağazalarda açıq şəkildə kürü satılırdı və icazə vermirdik ki, 150-200 qramdan artıq kimsə bunu alsın. Yəni belə bir əmrimiz var idi. Bu gün Azərbaycanın 6 aylıq büdcəsini  balıq və kürü  satışı ilə təmin etmək olar”.

Onu da qeyd edək ki, kürü tez xarab olur. Buna görə də açıq havada saxlanılması və satılması məqsədəuyğun sayılmır. Mütəxəssislər bildirirlər ki, əgər kürü açıq havada satılırsa, bu, onun təbii olmadığını göstərən ilkin göstəricidir.

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …