Bazar , Noyabr 29 2020
Ana səhifə / Aktual / Yeni il gəlməmiş qadağan edilmiş “partapart” başladı

Yeni il gəlməmiş qadağan edilmiş “partapart” başladı

Ölkəyə gizli yolla keçirilən 27 000 pirotexniki vasitə aşkarlanıb; Eyyub Hüseynov: “Bu, Azərbaycana qaçaqmal yolu ilə gətirilir…”

Həmişə olduğu kimi, bu Yeni il qabağı da küçələrdə “partapartlar” başlayıb. Pirotexniki vasitələrin Azərbaycana gətirilməsi qadağan olsa da, istər Yeni il, istərsə də Novruz bayramı öncəsi protexniki vasitələrin satışına rast gəlirik.

Artıq bununla bağlı əhali tərəfindən şikayətlər də daxil olur. Şikayətçilər “partapart” səsindən evdə oturmağın mümkün olmadığını deyirlər. Hətta məktəb yaxınlığında yaşayan insanlar deyir ki, uşaqların dərsdən çıxdığını məhz bu səslərlə bilirlər. Məktəb yaxınlığındakı mağazalarda bu cür pirotexniki vasitələr daha çox satılır.

Qeyd edək ki, hər bayramda bu cür pirotexniki vasitələrə görə bədbəxt hadisələrin də baş verməsinin şahidi olur, bununla bağlı xəbərlər oxuyuruq. Kimisi yanıq xəsarəti alır, kimisi barmaqlarını və ya əlini itirir, kimisi kor olur, kimisi evini yandırır, hətta ölümlə nəticələnən bədbəxt hadisələr belə baş verir. Ancaq hər il bu cür maarifləndirmə işlərinə baxmayaraq, küçədə azyaşlı uşaqların əlində bu cür “partladanları”, fişəngləri görmək mümkündür. Küçədə bu cür partladanları partladan uşaqlara yaxınlaşıb onu haradan aldıqlarını və bunun təhlükəli olması barədə xəbərdarlıq etdikdə isə onlar bununla əyləndiklərini və bu “vzrıvpaketləri” yeni il aksesuarları satılan yerlərdən aldıqlarını dedilər. Biz də bu məhsulların qiyməti və satışda olub-olmaması ilə maraqlanmaq üçün Yeni il aksesuarları satılan bir neçə məkana baş çəkdik.

İlk olaraq insanların daha çox üz tutduğu Yeni il yarmarkalarına baş çəkdik. Yeni il aksesuarları satan Nuran Əliyev bu cür protexniki məhsulların dekabrın 25-dən sonra satışda olacağını dedilər: “Bunu açıq şəkildə satmağa icazə yoxdur. Ona görə də hələlik bizdə yoxdur. Amma dekabrın 25-dən sonra olacaq. Qiyməti isə 1 manat 50 qəpikdir”.

Digər satıcı İlqar Qurbanov isə bu cür malların Sədərəkdə satıldığını dedi: “Biz də gedib Sədərəkdən alacağıq. İldə bir dəfə olan bir bayramdır. Ehtiyatla davransalar, heç nə olmaz. ”Vzrıvpaket”ləri dənə ilə də satırıq. 1 dənəsi 30 qəpikdir. Ümumiyyətlə, qiyməti 30 qəpikdən başlayıb 7 manatadək dəyişir. Kim ki, deyir satmayacağam, yalandır, çünki tələbat var. Bunu uşaqlarla yanaşı gənclər də alır”.

Yeni il aksesuarları satılan digər kiçik mağazalarda isə bunun satışına hazırda da rast gəlmək mümkündür. Daha çox fişəng, çılçıraqları üzə qoysalar da, “partladan” istəyəndə olduğunu deyir, çıxarıb verirlər. Yəni bu cür protexniki vasitələrin satışı gizlin şəkildə həyata keçirilir.

Dövlət Gömrük Komitəsinin saytındakı məlumata görə, maşında gizlin şəkildə Azərbaycana keçirilən 27 000 ədəd pirotexniki vasitə aşkarlanıb. Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Yoxlama nəticəsində, avtomobilin qapılarının içərisindən “Cock Crowing At Dawn” adlı 27000 ədəd pirotexniki vasitə aşkarlanıb.

Xatırladaq ki, bu cür partlayıcı maddə və qurğuların, eləcə də tezalışan maddələrin və pirotexniki vasitələrin mülki dövriyyəsi 23 dekabr, 2003-cü il tarixli, 565 saylı qanuna əsasən tamamilə məhdudlaşdırılıb. Satış aşkarlandığı halda İnzibati Xətalar Məcəlləsinin 224-cü maddəsinə əsasən fiziki şəxslər üçün buna görə 350-500 manat, vəzifəli şəxslər üçün isə 1650-2200 manat məbləğində cərimə də nəzərdə tutulub. Valideynlər bilməlidir ki, uşaqlar bu cür protexniki vasitələrdən istifadə etməklə özlərinə xəsarət yetirməsələr belə onun barıt qoxusuna bənzər qoxusu allergiyası olan uşaqlar üçün ciddi təhlükə yarada bilər.

Image result for Tibb elmləri doktoru, professor Adil Qeybulla

Tibb elmləri doktoru, professor Adil Qeybulla, bundan başqa, bu cür partladanların insanların psixikasına da mənfi təsir etdiyini dedi: “Pirotexniki vasitələri ölkəyə müxtəlif yollarla gətirirlər, sonra da onun satışını qadağan edirlər. qadağa bu cür olmur. Uşaqların bunu partlatmağı xeyli problem yaradır. Bu səslər xəstə, yaşlı adamların psixikasına pis təsir edir. Qəflətən bunların partladılması insanların səksənməsinə, müxtəlif reflekslərin yaranmasına səbəb olur. Əslində bu pirotexniki vasitələr dünyanın hər yerində işlədilir. Amma orada adam kimi işlədilir. Düşünürəm ki, burada əhalini maarifləndirmək daha məqsədə uyğundur nəinki bu cür qadağalar qoymaq”.

Related image

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dünyanın hər yerində bu problemin yaşandığını dedi: “Pirotexniki vasitələrin Azərbaycana gətirilməsi qadağandır. Biz Azərbaycanda bu vasitədən qız uşağının başının yanmasının, kəllə-beyin travması almasının şahidi olmuşuq. Dünyanın hər yerində bu, problem olaraq yaşanır. Lakin bu Azərbaycana qaçaqmal yolu ilə gətirilir və təəssüf ki, indidən artıq bunun əlamətləri var. Ümumiyyətlə, pirotexniki vasitələr bazarı qorunmayan və oyun mədəniyyəti aşağı olan ölkələrdə özünə yer tapır. Bunlar əsasən Çindən, Tayvanddan gətirilir”.

Bunun qarşısını almaq üçün hansı tədbirlər görülə bilər məsələsinə gəlincə isə qurum sədri bu maddələrin satışı ilə mübarizəni təbliğat vasitəsilə aparmaq lazım olduğunu dedi: “Əhali ciddi şəkildə maarifləndirilməlidir. İnsanlar bilməlidir ki, pirotexniki vasitələr yanğına, hətta ölümə səbəb olur”.

Həmçinin oxuyun

Şuşa ətrafında əsgərlərimiz, yoldan keçən ermənilər, yüksək səslə Azərbaycan milli musiqisi…

Noyabrın 25-də Kəlbəcər işğaldan azad edildi və Azərbaycanın nəzarətiə qaytarıldı. Beləliklə, Dağlıq Qarabağ ermənilərini Ermənistanla …