Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / “Yeni dostlar əldə edərək yeni körpülər qurmuşuq” – Prezident

“Yeni dostlar əldə edərək yeni körpülər qurmuşuq” – Prezident

Xəbər verdiyimiz kimi, bu gün işə başlayan VII Qlobal Bakı Forumunda Prezident İlham Əliyev də iştirak edib. 

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı Forumda nitq söyləyib. 

O, Forumun dünyada cərəyan edən vacib prosesləri müzakirə etmək üçün mühüm beynəlxalq platformaya çevrildiyini vurğulayıb. Azərbaycanın xarici siyasətindən danışan dövlət başçısı bildirib ki, bu, proqnozlaşdırıla bilən, müstəqil və milli maraqlara əsaslanan, tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq, regionda sabitliyə yönələn siyasətdir. “Biz ənənəvi tərəfdaşlarla münasibətlərimizi daha da möhkəmləndirmişik, eyni zamanda, yeni dostlar əldə edərək yeni körpülər qurmuşuq”, – deyən Prezident Azərbaycanın qarşılıqlı hörmətə əsaslanan səmərəli əməkdaşlıq mühiti yarada bildiyini, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət və sərməyə qoyuluşu sahələrində əməkdaşlıq qurduğunu diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin nəticələri barədə ətraflı danışan Azərbaycan Prezidenti bir milyondan çox qaçqın və məcburi köçkünün bu gün də bu işğalın nəticələrindən əziyyət çəkdiyini, xalqımıza qarşı etnik təmizləmə aparıldığını, tarixi abidələrimizin dağıldığını xatırladıb. Dövlət başçısı bildirib ki, bu işğal beynəlxalq təşkilatların beynəlxalq hüquqa əsaslanan qətnamələrinin pozulması deməkdir və status-kvo qəbuledilməzdir, onun dəyişdirilməsi üçün isə Ermənistan Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalıdır. 

“Biz görürük ki, Ermənistan hökuməti bu gün danışıqlar formatını dəyişdirməyə cəhd edir. Bu isə qəbuledilməzdir. Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu bəyan edirlər”, – deyən Prezident bu formatın artıq uzun illərdir mövcud olduğunu bildirib və bunu dəyişdirmək cəhdini danışıqlar prosesini bloklamaq cəhdi kimi səciyyələndirib. Vurğuladı ki, danışıqlar yalnız danışıqlar xatirinə aparılmamalıdır. Dövlət başçısı beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıqdan danışıb və diqqəti ölkəmizin təşəbbüsü ilə yaradılan və artıq 10 ildir ki, mövcud olan “Bakı Prosesi”nin əhəmiyyətinə yönəldib, “Bakı Prosesi”nin BMT tərəfindən də dəstəklənən proses olduğunu vurğulayıb.

Dövlət başçısı Forumun işinə uğurlar arzulayıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …