Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Aktual / Yasamalda, Şəfayət Mehdiyev küçəsində baş verənlər

Yasamalda, Şəfayət Mehdiyev küçəsində baş verənlər

Bakının Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yaşıllıqların məhv edilməsi hesabına obyekt tikmək istəsələr də, sakinlərin etirazlarından sonra qarşısı alınıb. Lakin problem birdəfəlik həllini tapmayıb, bu dəfə də qazılan çalalar, əraziyə atılmış tikinti tullantıları sakinlər üçün əngələ çevrilib. 

Bu haqda Şəfayət Mehdiyev küçəsi, bina 56 və 58-də (əvvəlki Ələskər Ələkbərov küçəsi, 565-ci məhəllə) yaşayan sakinlər virtualaz.org-a ünvanladıqları müraciətdə bildiriblər. Şikayətçilərin sözlərinə görə,  bir neçə ay əvvəl məhəllədə obyekt tikintisinə başlanılıb, hətta ağacları da kəsiblər. Amma sakinlər ərazidəki sıxlığı, yaşıllıqların məhv ediləcəyini nəzərə alaraq tikintiyə imkan verməyiblər.

“Obyektin kimə məxsus olduğu indiyədək bəlli deyil. Məhəllədə  2, 3 və 4 mərtəbə olmaqla 5 bina var. Obyektə təzə açılmış yoldan getmək mümkün olacaqdı, əvəzində bizim binaya gedən yol bağlanırdı. Qazılan çalalar doldurulmayıb, tullantılar təmizlənməyib. Küləkli havalarda toz-torpaqdan nəfəs almaq olmur”,-sakinlərdən Cəmilə Qafarlı deyib. 

Sakinlərdən digəri əlavə edib ki, yayı bağda keçirib, evə qayıdanda vəziyyətin dəyişmədiyinin şahidi olub və hirslənib, «JEK”ə zəng vurub:  “Sakinlər özləri çalaları doldurmağa çalışır, ərazi Mənzil İstismar İdarəsinə dəfələrlə zəng vurub məlumat vermişəm. Sonuncu dəfə iki-üç gün əvvəl idarənin rəisi Rafael müəllimlə danışdım, dedi ki, səbr edin. Əsəb, stress də bir yandan, nə vaxtadək vəziyyət belə davam edəcək?”

Şikayətçilər redaksiyaya video və foto görüntülər də təqdim ediblər. Görüntülərdən də bəlli olur ki, qazıntı zamanı asfalt örtüyü sıradan çıxıb. Həmçinin iri texnika ağacların budaqlarını qırıb.

Sakinlər ərazinin 157 saylı MİS-ə məxsus olduğunu bildirsələr də, idarədən bunu təkzib ediblər. MİS-in əməkdaşı deyib ki, idarənin rəhbəri Rəfael Tağıyevdir, sakinlərin təqdim etdikləri telefon da onlara məxsusdur, amma ünvan onların balansında deyil. “O ərazi 158 saylı MİS-in ərazisidir”.

158 saylı MİS, 21 saylı MİS-ə, onlar da öz növbəsində 24 saylı MİS-ə zəng vurmağı tövsiyə edib. Sonda ünvanın 157 saylı MİS-ə məxsus olduğu təsdiqlənib. Xanım əməkdaş problemə yalnız rəisin özünün açıqlama verə biləcəyini deyib. 

Yasamal Rayon İcra Hakimiyyətindən isə deyiblər ki, sakinlər mətbuata üz tutmaqdansa, icra hakimiyyətinə müraciət etməliydilər: “Əgər müraciət ediblərsə, onların ərizələrini qaldırıb yenidən baxa bilərik. Yox əgər sizin vasitənizlə müraciət edirlərsə, doğru yanaşma deyil. Hər bir halda bizə rəsmi ərizə daxil olmalıdır ki, baxıb, tədbir görək”.  

Həmçinin oxuyun

Kəlbəcərin Zod qızıl yatağının görüntüləri

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının görüntülərini yayıb. …