Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Yas və toy mərasimləri yenidən gündəmdə – ŞƏRH

Yas və toy mərasimləri yenidən gündəmdə – ŞƏRH

Milli Məclisin oktyabrın 1-də keçirilən toplantısında çıxış edən deputat Siyavuş Novruzov toy və yas mərasimləri ilə bağlı qanunların təkmilləşdirilməsinə ehtiyac olduğunu söyləyib. Komitə sədri deyib ki, mərasimlərin qanunla tənzimlənməsinə ehtiyac var. Sitat: “Düzdür bu mərasimlər xalq tərəfindən müəyyənləşdirilir. Amma bunların qanunla tənzimlənməsinə ehtiyac var. Hansısa tövsiyələrlə bunun tənzimlənməsi mümkün deyil. Belə halda, nəticə əldə edilmir. Çünki oradan vəsait qazanan insanlar buna imkan vermirlər. Bu baxımdan mərasimlərin tənzimlənməsi istiqamətində konkret olaraq qanun qəbul etməliyik”.

Məsələ ondadır ki, Azərbaycanda toy və yas mərasimlərindəki israfçılıq mövzusu artıq uzun müddətdir müzakirə mövzusuna çevrilib. 2014-cü ildə hökumət yas məclislərində yemək – ehsan süfrələrinin verilməsini qadağan edən təşəbbüs irəli sürdü. Təşəbbüs tövsiyə şəkildə olsa da, regionlarda yerli icra orqanları inzibati yollarla ehsan məclislərini qadağan etməyə başladılar. Və bu zaman inzibati qadağalar etiraz doğurdu.

Hətta Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin qardaşı, deputat, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Cavanşir Paşazadə bu cür qadağaların Azərbaycan xalqının ənənələrinə zidd olduğunu, inzibati metodlarla tətbiq olunan qadağaların nəticə verməyəcəyini bildirmişdi.

Cavanşir Paşazadə ile ilgili görsel sonucu

Sitat: “Buna qaşınmayan yerdən qan çıxarmaq deyirlər. Azərbaycan xalqını başqa xalqlarla eyni tutmaq olmaz. Biz təkcə rəhmətə gedən yaxınlarımıza deyil, imamlarımız, şəhidlərimiz üçün də ehsanlar veririk. 90-cı illərdə, müharibə dövrlərində Azərbaycanda o qədər çadırlar quruldu. Kimlər üçün verilirdi o ehsanlar? Allah göstərməsin, amma hər kəsin başına gəlir. Mən atam, anam üçün ehsan vermək istəyirəmsə, kimin ixtiyarı var ki, mənə qadağa qoysun? Təbii ki, israfçılıq etmək olmaz. “Təzə Pir” məscidinin girişində də yazılır ki, salavat da, dua da, eləcə də çay, çörək də ehsan sayılır. Bütün bunlar deyilə bilər, lakin əmredici formada ola bilməz”.

C.Paşazadə yas və toy mərasimlərinin təşkilində islahatlar aparmaq lazım olduğunu, ancaq bunu məcburi deyil, tədricən, ola biləcəyini bildirmişdi. Artıq 4 il keçib və Siyavuş Novruzovun son çıxışı da göstərir ki, C.Paşazadə müəyyən mənada haqlı olub. Azərbaycanda bəzi rayon və qəsəbələr istisna olmaqla ehsan süfrələri hələ də verilir.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, rəsmi qurumlar və deputatlar əsasən yas mərasimlərini qeyd edirlər, ancaq əhalinin rəylərindən belə aydın olur ki, toy məclislərində də israfçılıq yas mərasimlərindən geri qalmır. Lakin indi əsas hədəfdə olan yas mərasimləridir.

Ümumiyyətlə, Azərbaycanda təşkil olunan yas mərasimləri və ya başqa adla məclislər, ehsan süfrələri ciddi qınaqlara səbəb olub. Dünyasını dəyişən inan üçün 3,7,40, il mərasimləri, cümə axşamları və bu məclislərin təşkilinə sərf olunan ərzaq, qida məhsulları son illərdə ciddi israf mənbəyinə çevrilib. Doğrudur, Hələ 2000-ci illərin əvvəllərində bəzi bölgələrdə və kəndlərdə əhali özü ehsan məclislərinin minimallaşdırılması, ya da yemək süfrələrinin yığışdırılması ilə bağlı qərar qəbul edib. Amma  əksər bölgələrdə, xüsusən də ölkə əhalisinin az qala üçdə birinin yaşadığı Bakıda bu qadağalar faktiki olaraq işləmədi. Bəzi bölgələrdə, xüsusən də qərb zonasında, Qarabağ bölgəsində rayon icra hakimiyyətləri mollalara ehsan süfrəsi olan yas məclislərində iştiraka qadağa qoyub, eyni zamanda yerli strukturlar əhaliyə ehsan verməyi qadağan edib. Ancaq görünür ki, inzibati metodlar tam effekt vermir. Xüsusən də Bakıda.

İndi isə hakimiyyət bu mərasimlərin təşkilini qanunla tənzimləməyə çalışır. Qeyd edək ki, dünyada məclislərin inzibati metodlarla tənzimləməsi geniş yayılmayıb. Yalnız Tacikistanda bir neçə il əvvəl mərasimlərlə bağlı qaydalar tətbiq olunub. Bəs Azərbaycanda bu necə ola bilər?

Asəf Qənbərov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan İlahiyyat İnstitutunun müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov deyir ki, ehsan mərasimləri və digər ictimai mərasimlərdə israfçılığın qarşısının alınması istiqamətində yeni təkliflərin verilməsi və bu məsələnin hüquqi tənzimləmənin vacibliyi bir neçə ildir ki, müzakirə mövzusudur. Ancaq ekspertin fikrincə, bu mərasimlərin hüquqi cəhətdən tənzimlənməsi bir çox sualları cavablandırmağı da tələb edir: “Yas mərasimləri və ya toy mərasimlərində israfçılıq məsələsini ictimai bir problem olaraq qiymətləndirmək lazımdır.  Dövlət-din münasibətlərində dünyəviliyin əsas alınması, yəni dövlət və dinin ayrılığı prinsipi dövlətin teoloji məsələlərə müdaxilə etməsini məhdudlaşdırır. Lakin dövlət, əlbəttə ki, xalqın ümumunun rifahını və ictimai mənfəətləri əsas alaraq qanunlar qəbul edə və bu məqsədlə də ictimai mərasimləri tənzimləyə bilər. Ümumiyyətlə, arzu olunan odur ki, belə ictimai məsələlər sosial müstəvidə – xalqın öz iradəsi ilə, ənənəvi dəyərlərin transformasiyası ilə tədrici formada tənzimlənsin. Başqa dövlətlərdəki təcrübələr də bunu göstərir. Ona görə də düşünürəm ki, hüquqi tənzimləmələrlə yanaşı, ictimai tənzimləmə bu istiqamətdə əsas rol oynamalıdır. Bu məqsədlə, DQİDK-nin bu problemlə bağlı öncəki illərdə gündəmə gətirdiyi tövsiyə xarakterli çağırışlar və QMİ-nin müvafiq fətvası daha çox təbliğ edilməlidir. Digər tərəfdən, zərərli adətlərin ortadan qaldırılması istiqamətində dini və mədəni marifləndirmə işləri davam etməlidir”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …