Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / YAP-ın təşkilat sədrindən “Human Rights Watch”a sərt reaksiya

YAP-ın təşkilat sədrindən “Human Rights Watch”a sərt reaksiya

Məlahət İbrahimqızı: “Onlar hər zaman Azərbaycana qarşı ikili və riyakar mövqedə olublar”

Human Rights Watch (HRW) beynəlxalq insan haqları təşkilatı dərc etdiyi illik hesabatında Azərbaycan hökumətinin 2017-ci ildə tənqidçilərini əzməyə davam etdiyini deyir.

Musavat.com xəbər verir ki, bu barədə “BBC Azərbaycanca” məlumat yayıb.

HRW iddia edir ki, 2017-ci ildə Azərbaycan məhkəmələri siyasi motivli və ədalətsiz proseslərdə ən azı 25 jurnalist, siyasi və gənc fəala həbs cəzası kəsib.

Təşkilat həmçinin iddia edir ki, bu dövrdə eyni səbəblərə görə onlarla insan saxlanılıb, cinayətdə ittiham olunur, ölkəni tərk edib və ya xaricə getmələri qadağan edilib.

HRW ölkədə sərt qanun və qaydaların azad təşkilatlara işlərini davam etməyə və maliyyələşməyə imkan vermədiyini və saxlanma vaxtı insanların hələ də pis rəftar və işgəncələrlə üzləşdiklərini iddia edir.

Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev BBC Azərbaycancaya müsahibəsində HRW-u “Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv” qurum adlandırıb və hesabatı şərh etmədiklərini deyib.

Deputat, YAP-ın Nəsimi təşkilatının sədri Məlahət İbrahimqızı isə Musavat.com-a açıqlamasında adı çəkilən təşkilatın Azərbaycana qarşı qərəzli olduğunu bildirdi. Qeyd etdi ki, bənzər qərəzli hesabatla “Freedom House” təşkilatı da çıxış edib: “Mən bu hesabatlardan ayrı şey gözləmirəm. Çünki əksər beynəlxalq təşkilatlar uzun illərdir ki, Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirlər. Guya jurnalistlərə qarşı o qədər qadağalar var, mətbuat azadlığı, söz azadlığı boğulur. Bununla az qala iddia edirlər ki, dünyadakı bütün problemlər ancaq Azərbaycandadır. Hansı ki, Azərbaycana və Azərbaycan kimi ölkələrə nümunə kimi göstərilən, “demokratiyanın beşiyi” sayılan ölkədə dövlətin başçısı jurnalisti mətbuat konfransından qovur. Həmçinin dövlət başçısı başqa ölkələri, millətləri aşağılayır. Məsələn, ABŞ prezidenti deyir ki, Afrika ölkələri ikinci sinif ölkələrdir və onun vətəndaşları da ikinci sinfə aiddirlər. Hətta 100-ə yaxın ölkə ayağa qalxdı, bu mövqeyə qarşı etirazını bildirdi. Bu, insan hüquqlarının pozulması deyilmi, Allahın verdiyi təbii hüquqlara qarşı təhqir deyilmi? Təbii ki, bu, bütövlükdə fundamental insan hüquqları bəyannaməsinə qarşı mövqedir. Hansı ki, beynəlxalq insan hüquqları haqqında bəyannamədə yazılır ki, irqindən, cinsindən, rəngindən, mənşəyindən, siyasi mənsubiyyətindən, sosial durumundan, tutduğu vəzifədən asılı olmayaraq, bütün insanların hüquqları bərabərdir. Bu barədə də bizə dərs deyən ölkələr və həmin ölkələrdəki beynəlxalq təşkilatlar bu məsələləri qabartmır, əksinə, ört-basdır edirlər”.

M.İbrahımqızı ABŞ prezidentinin jurnalisti brifinqdən qovmasına bənzər hadisənin Azərbaycanda baş vermədiyinə diqqət çəkdi: “Azərbaycanda adi bir məmur hansısa jurnalisti bu şəkildə qovsa, mənə elə gəlir ki, ölkə ayağa qalxar. Çünki Azərbaycanda belə şeylər qəbul olunmur, belə hallara qarşı ciddi təpki var. Azərbaycanda jurnalist istənilən sualı verə, istənilən şəkildə münasibətini bildirə bilər, təbii ki, təhqirə, böhtana yol vermədən. Hətta möhtərəm prezidentimizi ayrı-ayrı mətbuat orqanlarında, sosial şəbəkələrdə tənqid də edirlər. Onlara qarşı insan hüquqlarına zidd olan hansı tədbir görülüb?” YAP-çı xanım deputat qeyd etdi ki, adı çəkilən təşkilatdan Azərbaycanla bağlı ayrı münasibət gözləmək olmaz: “Onlar hər zaman Azərbaycana qarşı ikili və riyakar mövqedə olublar. Bu dəfə də əvvəlki mövqelərini davam etdiriblər”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …