Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / “Yağış duası”ına çıxan Xankəndi sakinləri

“Yağış duası”ına çıxan Xankəndi sakinləri

Rusiya sülhməramlı qüvvələrinin nəzarətindəki Xankəndi şəhərində artıq üç həftədən çoxdur ki, su yoxdur və oyuncaq rejimin nümayəndələri problemin aradan qaldırılması üçün intensiv yağışların yağmasını gözlədiklərini deyir. Rusiya sülhməramlı kontingentinin Xankəndi sakinləri üçün ara-sıra 10 tonluq maşınlarla çatdırdıqları su isə çıxış yolu deyil-hər dəfə rusların “vodovoz”u gələndə bu sudan uzağı hərəyə bir-iki vedrə düşür.

Xankəndində su qıtlığı avqustun əvvəllərindən başlayıb. Şəhərin üçdə birində ümumiyyətlə su gəlmir, qalan hissələrində isə sakinlər gündə uzağı 1-2 saat su ala bilirlər. Qondarma rejimin nümayəndələri yaranmış vəziyyəti Xankəndini su ilə təchiz edən çaylarda uzun müddət davam edən quraqlıq nəticəsində suyun kəskin azalması, bir çayın ümumiyyətlə quruması ilə izah edirlər.

“Hələlik həyətlərdə qoyulmuş plastik çənlərlə vəziyyətdən birtəhər çıxmağa çalışırıq. Problem ancaq yağışlar mövsümümün başlaması ilə tam aradan qalxacaq”,-özünü “şəhər merinin müavini” kimi təqdim edən Radi Abramyan “Kavkazskiy uzel”ə bildirib. Qondarma “hakimiyyət” nümayəndələri vəd edirlər ki, Xankəndini su ilə fasiləsiz təmin etmək üçün yeni su kəmərinin çəkilməsi planlaşdırılır.

Su qıtlığı ilə yanaşı Rusiya sülhməramlılarının nəzarətindəki Azərbaycan ərazilərində elektrik enerjisinin də qıtlığı müşahidə olunur. Bəlli olduğu kimi, Azərbaycan işğal altındakı ərazilərini azad edərkən regionun əsas su mənbələrini və su elektrik stansiyalarını da öz nəzarətinə qaytarıb. İndi Rusiya sülhməramlılarının nəzarətindəki əraziləri elektriklə təmin edən əsas mənbə Sərsəng SES-dir. Hansı ki, bu stansiyanın gücü tələbatı ödəmək üçün kifayət etmir.

Amma indi ən ciddi problem su qıtlığıdır və Xankəndi sakinlərindən biri deyir: “Bizim qonşu qadın pensiyaçıdır. Ona su gətirəndə zəng vurur, biz də bu imkandan istifadə edirik, uşaqlar etiraz etmir, bizim mənzilə də su çatdırır”.

Başqa sakin isə həyətə “vodovoz”un gəldiyini eşidəndə körpə uşağını çarpayıya atıb və vedrələri qaparaq su dalınca qaçıb: “Bu gün həyətə su maşını gəldi. Mən körpə uşağı çarpayıda tək qoymalı oldum və su dalınca qaçdım. Bir neçə vedrə götürə bildim. Amma paltaları yumaq və çimmək üçün qohumlarımızın evinə getməli oluruq”.

Bu ərazilərdə deyəsən heç mobil rabitə və internet də yaxşı işləmir. Qondarma rejimin nümayəndələri şikayətlənirlər ki, Azərbaycan mobil rabitə siqnallarını qarışdırır, nəticədə “artsax telekom”un əhatə dairəsində olan abonentlər mobil rabitədən və internetdən istifadə etməkdə çətinlik çəkirlər.

Bütün bunlar Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərdə hökm sürən çoxsaylı ağır problemlərdən ancaq bir neçəsidir. Dağlıq Qarabağda ermənilərin yoxsulluq və səfalət içərisində yaşadıqları müharibədən əvvəl də bəlli idi, indi isə Azərbaycanın öz ərazilərinin böyük hissəsinə nəzarəti geri qaytardığı bir vaxtda Rusiya kontingentinin nəzarəti altındakı ərazilərdə hansısa iqtisadi dirçəlişə ümid etməyə dəyməz. 

Doğrudur, vaxtaşırı olaraq Rusiya Müdafiə Nazirliyi sülhməramlıların bu ərazilərdə yaşayan ermənilərə gah hansısa ərzaq bağlamaları çatdırdığı, onlara tibbi yardım göstərdiyi, üzüm yığmaqda kömək etdiyi və digər bu kimi “humanitar fəaliyyətlə” məşğul olduğu haqda təbliğat süjetləri yayır. Amma aydın məsələdir ki, bu cür addımlar həmin ərazilərdə normal həyat şəraiti yaratmaq üçün kifayət etməyəcək. Xankəndi və ətraf kəndlərdə qalan ermənilər üçün normal insani yaşayış şəraiti əldə etməyin ancaq bir yolu var-Azərbaycana reinteqrasiya etmək!

Belə olarsa Azərbaycan azad edilmiş digər əraziləri kimi bu ərazilərdə də sürətli bərpa-yenidənqurma işləyi başlayacaq, Xankəndi erməniləri suyu Rusiya “vodovoz”larından vedrələrlə daşımalı olmayacaq, elektrik qıtlığı yaşamayacaq və “Azərcell”in yüksək sürətli mobil internetindən faydalana biləcəklər… virtualaz.org

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …