Ana səhifə / Aktual / “Xudayar bəylə Qurbanəli bəy “Torqovı”dakı zorakılığa qarşı aksiyaya etiraz etdi…”

“Xudayar bəylə Qurbanəli bəy “Torqovı”dakı zorakılığa qarşı aksiyaya etiraz etdi…”

Xudayar bəy: “Bu binəvalar başa düşmür ki, kəndli, fəhlə, ələlxüsus da zənən xeylaqları vaxtaşırı döyülməsə, qudurar, nəinki kətdaya, bəyə, xana, pristava, naçalniyə belə, söz qaytarar…”Qurbanəli bəy: “Nə qədər ki, mən sağam, nökərəm ruslara. İçirəm mən bu stəkanı naçalnik ağanın sağlığına. Allah rusları bizim mahaldan uzaq eləməsin…” O gün Fəvvarələr meydanında məmləkətdəki bəzi zorakılıq hallarına qarşı ictimai fəalların aksiyası keçiriləndə nədənsə yenə Danabaş kəndinin kətdası Xudayar bəy, Qapazlı kəndinin bəyi Qurbanəli bəy, həm də  Məhəmmədhəsən əmi və Novruzəli kişi yadıma düşdü.  Söhbət rəhmətlik Mirzə Cəlilin məşhur qəhrəmanlarından gedir…Əcəba, biz  XXI əsrdə, elm və texnologiyanın bu inkişaf çağında yenə də Danabaş kəndliləri, kətda və bəylərinin düşüncəsi ilə yaşayırıqmı?.. *** *** Bunları düşünürkən bir də ayıldım ki, poçtuma iki etiraz məktubu daxil olub; biri Xudayar bəydən, o biri də Qurbanəli bəydən… Və hər iki məktubun məzmunu, demək olar ki, eynidir… ***  Hər iki məşhur Azərbaycan bəyi(!) Bakının “Tarqovı” deyilən Nizami küçəsində, Fəvvarələr meydanında ictimai fəalların zorakılığa qarşı aksiyasına etiraz edir… ***  Xudayar bəy yazır ki, əşşi, bu ölkənin bəyi, pristavı, naçalniyi harda qalıb ki, iki-üç gədə-güdə düşüb ortalığa hökumətə ağıl öyrədir. Bu axmaqlar qışqırır ki, kasıb-kusubu döymək olmaz, zənənlərə, arvadlara əl qaldırmaq olmaz… Deyirlər ki, yəni Danabaş kəndinin  kətdası Xudayar bəy bundan sonra dəyənəyini ortadan qırıb atsın zibilxanaya, sonra da başını salsın aşağı və day innən belə heç bir kəndliyə, fağır-fuğura toxunmasın… Bu binəvalar başa düşmür ki, kəndli, fəhlə, ələlxüsus da zənən xeylaqları vaxtaşırı döyülməsə, qudurar, nəinki kəttaya, bəyə, xana, pristava, naçalniyə belə, söz qaytarar… Hökumət bu kəndin də, onun sakinlərinin də  haqqını-hüququnu mənə verib. Bu kəndin yiyəsi mənəm. Hansı kəndlini harda istəyərəm, söyərəm, döyərəm… Hansı zənəni nə vaxt istəyərəm özümə arvad edərəm, haçan da istəsəm, zorlayaram… Bəydən, pristav və naçalnikdən savayı mənə heç kəs heç nə deyə bilməz…  ***  Qurbanəli bəy isə yazır: “Həzərat, bu dəqiqə, qarşımda rus “Vodka”sı vururam, mənim vecimə deyil, kim harda döyüldü, kim harda söyüldü. Qurban olum, rus naçalnik və madmazellərinə… Rus çarının başına dönüm…  Maşallah, neçə illərdir, məni kimi bütün Azərbaycan bəylərinə  “volya” verib – kef edirik. Əlimizin altında yüzlərlə kəndli, nökər… Yeyib-içməyimiz, zənənimiz, Anyamız, Sonyamız, Nataşamız, eyş-işrətimiz də öz yerində… Mənə bu, lazımdır… Nəyimə lazım, kətda Xudayar bəy Məhəmməd həsən əmini harda söydü, Novruzəlini harda döydü, Zeynəbi harda zorladı…. Mənim üçün rus naçalniyin iti onlardan daha dəyərlidir… Aradabir başını sığallayıb “malades sobak” deyirəm… Bu da naçalniyin də, pristavın da, onların arvadlarının da xoşuna gəlir… Mən də çapma  stəkanımı “vodka” ilə, “vino” ilə doldurub onlarla badə-badəyə vurmaq şərəfinə nail oluram…  ***  Qapazlı kəndinin  bəyi dalısıyca  yazır: “Xahiş edirəm, o Bakının  “Tarqovu”sunda boş-boş atılıb düşənlərə deyin ki, gedin iş-gücünüzlə məşğul olun. Adam qədirbilməz olmaz. Haman küçəni XIX əsrin ortalarında rusların Çar hökuməti salıb… Deyəsən, çoxdan rus “dubinka”sı yeməmisiz. Yəqin, Xudayar bəyin dəyənəyi sizə bəs eləmir… Siz öləsiz, ağa naçalnikə tel edərəm, rus qoşunu yollayar bura, hamınızı yerinizdəcə güllələyər… Nədi, köhnə bazara təzə nırx qoyacaqsız?.. Gedin sakitcə kəndçiliyinizi, fəhləliyinizi eləyin… İmkan verin, rusların əlinin əltında kefimizi sürək… And olsun o Nikolay çara, bir də kimisə şəhərin ortasında boş-boşuna hay-küy saldığını görsəm, bax, bu xəncəri soxaram onun qarnına…Nə qədər ki, mən sağam nökərəm ruslara. İçirəm mən bu stəkanı naçalnik ağanın sağlığına. Allah rusları bizim mahaldan uzaq eləməsin. Ondan ötrü ki, nə qədər ki, ruslar bizim mahalda deyildi, bizim kəndlilər də bədbəxt idilər, mən də bədbəxt idim. Allah onların kölgəsini bizim başımızın üstündən əskik eləməsin. Allah düşmən qabağında onların qılıncını kəskin eləsin. Urra!..” *** *** Xudayar bəyin və Qurbanəli bəyin məktublarını oxuyub övqatı təlx halətdə hava almaq üçün həyətə düşdüm… Bir də gördüm, İtqapan kəndinə ezamiyyətə gedərkən tanış olduğum Novruzəli kişi poçtxananın qabağında üzü deputatxanaya tərəf bikef vəziyyətdə dayanıb. Bəndənizi görən kimi hövlnak irəli yürüdü: “Ağa mirzə, səni Allah yetirdi. Bir aydır, sizin qəzetəyə Xudayar bəylə Qurbanəli bəy haqda şikayət yazmışam, amma bilmirəm, nə tövr yola salım. İstəyirdim, deputatxanaya gedim, görüm, bizim deputat ordadı, o, məni başa salsın… Qadan alım, özün bu məktubu götür, zəhmətdən keçib, apar rəisiniz izn versə, qəzetənizdə dərc elə, bəlkə hökumətimiz bunu oxuyub bizim bu kəndlərin mərəzlərinə dəxi bir əlac edə və biz zavallıları Xudayər bəylə Qurbanəli bəyin zülmündən qurtara…” “Başüstə. Əlimdən gələni edərəm, Novruzəli kişi” -deyib yazıq kəndlinin binəva görkəmi gözlərimin önündə və onun şikayətini hansı yolla qəzetimizdə dərc edəcəyimi düşünə-düçşünə dilxor halda geri döndüm… 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …