Ana səhifə / Aktual / Xoş gəldin,sular Novruzu! – Esmira İsmayılova yazır…

Xoş gəldin,sular Novruzu! – Esmira İsmayılova yazır…

Bu gün Novruz ab-havasını bizlərə ilk çatdıran, ilaxır çərşənbələrin birincisi olan su çərşənbəsidir!

…Müjdəçi çərşənbə, sular novruzu, əzəl çərşənbə, gözəl çərşənbə -hərə bir adla nazlayır Novruzdan soraq verən ilk çərşənbəmizi. Xalqın Novruz bayramına böyük sevgisindən, xoş intizarından , bayram arzularından qaynaqlanır bu nazlamalar.Bu il ilk çərşənbəmiz aydınlıq, saflıq , bərəkət rəmzi olan yağışla döyür qapımızı. Bunun özü də xoş müjdədir- yağan yağış ilimizin bərəkətli olacağından xəbər verir.

Çərşənbələrin ilkinin su kultu ilə bağlı olması tarixən suyun müqəddəs sayılması, qədim mifalogiyada tanrı kimi ilahiləşdirilməsi, yaradılışın mənbəyi kimi qəbul edilməsi ilə izah olunmalıdır. İnsanların sudan qorxması amili də bu müqəddəsləşdirmədə az rol oynamayıb. Vaxtı ilə yazqabağı çayların daşması, qarşısına keçən hər şeyi dağıtması insanları suya tanrı kimi tapınmağa vadar edib.Uzun əsrlər boyu davam edən bu bağlılıqsa özünü adət-ənələrdə göstərib.Hazırda zamanın təkəri su çərşənbəsi ilə bağlı yaranan adət-ənənələrinin çoxunun üstündən keçsə də, bu etiqadlardan unudulanı,tarixə qovuşanı olsa da,bu günümüzə qədər gəlib çatanı da var.

Məsələn,Əzəl çərşənbə günü axar su üstünə gəlib ondan arzu murad diləmək,azar bezarını suya axıtmaq ənənəsi Lənkəranda bu gün də yaşarıdır.Qədim inancların yaşarı olması insanların bu bölgədə oturaq həyat tərzi keçirmələri ,soy köklərinə bağlı olması ilə bağlıdır. Həmsöhbətim, uzun illər cənub bölgəsinin etnoqrafiyası,adət-ənələrinin tədqiqi ilə məşğul olan Ayaz Əhmədov ömrünün müdriklük çağında olsa da, Novruzun gəlişinə bu gün də körpə kimi sevindiyini gizlətmir.Yaddaşında ilk çərşənbənin adətlərini həvəslə sıralayır.” Birinci növbədə ailəlikcə yığışardıq, günəş çıxmamışdan gələrdik çay üstünə.Çay üstündə əl üzümüzü axar suda yuyardıq, bir- birimizin üzərinə su çiləyərdik.Sonra sudan götürüb evə də aparardıq,evin güncünə,evdəkilərə səpərdik.Hətta sonrakı günlər üçün də sudan ayrıca qabda saxlayardılar ki,aydınlıqdır,xeyir bərəkətdir,sağlamlıq əlamətidir.”

Ədəbiyyatşünas alim, filologiya elmləri doktoru İslam Qəriblinin fikrincə, Əgər çillələr 40 gün ağırlıqdırsa,su çərşənbəsindən başlayaraq boz ayı birləşdirən bu 4 çərşənbə 4 ağırlıq mərkəzi rolunu oynayır.Hər şərşənbədə də təbiət bu ağırlıqları bir-bir çiynindən atır, qurtulur. Bu ağırlıqdan-qışdan qurtuluş inamı adət -ənənələrdə əksini tapır.” Kiçik çillədə ki,Xıdır Nəbinin atının ayaqları ilə buz qatı sınır,bax, onda, bir növ sulara ixtiyar verilir.Sular daha gur axır,su təzələnir.Bütün bunlara görə də insanlar sevinir.Kainatın əmələ gəlməsində suyun böyük rolu vardır.Buna görə də insanlar həmişə su çərşənbəsini böyük bayram kimi qeyd edirlər.”

Teoloji düzümdə su çərşənbəsinin ilkin yer alması isə təsadüfi deyil. Su paklıq rəmzi sayıldığına görə Novruz bayramı ilə bağlı təmizlik işlərinə də məhz bu ayda start verilir.Evdə yuyulmalı nə varsa- xalça-palazınacan hər şey yuyulur,təmizlənir,ev-eşiyə əl gəzdirilir. Bütün bu işlər üçünsə ,ən vacib atribut sözsüz ki,sudur.

Bu axşamı toy həsrətində olan subay qızlar su ilə üzük falı açmaq üçün bir ildir ki,gözləyirdilər.Ürəyində niskili,dərdi-qəmi olanlar ağırlıqlarını suya boşaltmaq, əkinçilər bərəkət diləmək üçün su çərşənbəsində axar su üstünə gedib həmişə.Bu gün axar suda arzular yazılmış kağız parçaları, üzərrik, köhnə corab görsəniz,təəccüblənməyin.Ağırlıqdan qurtarmaq, mətləbə çatmaq arzusundan xəbər verir bunlar.XXI, kompütür, elmi-texniki inqilab dövründə belə inamlar dəyişilməz qalıb.Və nə yaxşı ki,bu belədir.

Paklıq,təmizlik ,bolluq rəmzi olan ilk çərşənbəmiz-su çərşənbəmiz mübarək!

Esmira İsmayılova-Lənkəran
DİA.AZ

Xoş gəldin,sular Novruzu!
Xoş gəldin,sular Novruzu!
Xoş gəldin,sular Novruzu!

Həmçinin oxuyun

Təbriz Musayev: “Belə fikirləri ortaya atanlar təxribatla məşğuldur”

Sosial şəbəkədə Mirfaiq Mirheydərli adlı şəxs yazır ki, PKK ilə işləmək üçün kürd əsilli vətəndaşlarımızın …