Ana səhifə / Aktual / Xocalı Soyqırımı bu gün Ukraynada təkrarlanır

Xocalı Soyqırımı bu gün Ukraynada təkrarlanır

XX əsr Azərbaycan xalqı üçün böyük siyasi-ideoloji ilklər – milli dövlət yaranması və qəhrəmanlıq salnamələrinin yazılması ilə bərabər, siyasi  təbəllüatlarla xarakterizə olunan bir dövrdür. Təəssüflər olsun ki, tarixən xalqımızın azadlıq və müstəqillik istəkləri irticaçı və işğalçı qüvvələr tərəfindən aqressiv qarşılanmış, bu təşəbbüslərə qarşı işğalçılıq fəaliyyəti və qeyri-insani davranışlar sərgilənmişdir. Bunun nəticəsi idi ki, XX əsr boyu öz müstəqilliyi, suverenliyi, siyasi və mədəni hüquqları uğrunda mübarizə aparan Azərbaycan xalqı çoxsaylı mərhumiyyətlərə, soyqırımlara, deportasiya hərəkətlərinə məruz qalmışdır. 

Məlumdur ki, Azərbaycan xalqının XX əsrin əvvəllərində olduğu kimi  sonlarında da qəhrəmanlıq, milli oyanış, Rusiya imperiyasına qarşı milli azadlıq hərəkatı kimi addımları tarixin yaddaşına qızıl hərflərlə həkk olunmuşdur. Təəssüflər olsun ki, iki yüz ilə yaxın bir dövrdə “xalqlar həbsxanası” funksiyasını məharətlə yerinə yetirən ikibaşlı (Çar və sovet Rusiyası) Rus imperiyası əsrin sonlarında da öz ənənəvi irticaçı mahiyyətini büruzə verərək Azərbaycan xalqının azadlıq və müstəqillik ideallarını beşikdə boğmaq, xalqımızın dövlət yaratma istəklərinin qarşısına “Berlin səddi” çəkmək  niyyətindən əl çəkməmişdir. Bu dövrdə  imperiyanın çürümüş kökləri üzərində yenidən fidan kimi boy atan Azərbaycanın müstəqilliyə gedən yolu üzərində hərbi – siyasi maneələr yaradan sovet imperiyası mürtəce davranışları ilə öz irticaçı mahiyyətini açıq şəkildə göstərməkdə idi. Məhz sovet Rusiyası tərəfindən törədilən 20 yanvar qətliamı da Azərbaycan xalqının milli-azadlıq məfkurəsinə, dövlətçiliyinin bərpasına qarşı yönəlmiş sui-qəsd, gerçək düşmənçilik idi. 

20 yanvar qətliamları ilə Azərbaycan xalqının istiqlal mübarizəsinin qarşısını ala bilməyən Rusiya bu irticaçı davranışlarını davam etdirərək erməni faşistləri ilə birgə azərbaycanlıara qarşı aqressiv hərəkətlərini, cinayətlərini davam etdirmişlər. Bu ümumbəşəri faciələrdən biri də Xocalı soyqırımı olmuşdur. Bütün dünyaya bəllidir ki, bu qətliamı erməni faşistləri və 366-cı rus  motoatıcı alayı  birgə həyata keçirmişdir. Hələ 1985-ci ildə Şəmkirdə yerləşən 366-cı motoatıcı alayın Xankəndinə dislokasiya edilməsi, qısa bir müddətdə müxtəlif bölgələrdə xidmət edən bir çox erməni zabitlərinin bu alaya ezam edilməsi azərbaycana qarşı həyata keçirilən cinayətlərə hazırlığın ilkin qığılcımları idi. Məhz bu mürtəce rus hərbi alayı Qarabağ bölgəsinin işğal olunmasında müstəsna rol oynamış, Xocalının işğal olunması və xocalıların qətlə yetirilməsində ermənilərə birbaşa hərbi dəstək vermişdir.

Bu qətliam nəticəsində Xocalıda 613 nəfər qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca insanlar olub. 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini itirib. 130 uşaq isə valideynlərindən birini itirib. 487 nəfər yaralanıb ki, onlardan da 76-sı uşaqdır. Rəsmi statistikaya görə, bu faciə zamanı 1275 nəfər əsir götürülmüş, 150 şəxsin taleyi hələ də məlum deyil.

Təəssüflər olsun ki, 30 il müddətində Xocalı qətliamına dünya ictimaiyyəti, böyük dövlətlər, beynəlxalq təşkilatlar biganə qalaraq öz siyasi mövqeyini və iradəsini ortaya qoymamış, bu soyqırımı cinayətini törədənlər cəzalandırılmamışdır. Məhz bunun nəticəsidir ki, bu ümumbəşəri cinayətlər bu gün də davam edir. 

24 aprel 2022-ci ildə Rusiya hərbi birləşmələrinin Ukraynada hərbi əməliyyatlara başlayaraq Ukraynanın ərazi bütövlüyünə qəsd etməsi bu cinayətlərin davamıdır. Məhz 1992-ci ilin 25-26 fevral tarixində erməni faşistləri ilə birgə Xocalı soyqırımını törədən rus hərbi birləşmələri (366-cı motoatıcı rus alayı), bu cinayəti bu gün Ukraynada həyata keçirirlər. Artıq rəsmi məlumatlara və KİV-lərdə verilən informasiyala əsaslanaraq demək olar ki, təkcə hədəf Ukraynanın hərbi obyektləri deyil, həmçinin mülki obyektləri, mülki şəxsləri və yaşayış binalarıdır. Məhz dünən Ukraynada mülki maşına atəş açılaraq 3 azərbaycanlının qətlə yetirilməsi də bu qətliamın tərkib hissəsidir.

Ümumilikdə Rusiyanın Ukraynaya bu hərbi müdaxiləsi, beynəlxalq hüququn bütün norma və prinsiplərinin tapdalanması, Ukraynanın dövlət müstəqilliyinə sui-qəsd, mülki vətəndaşlara qarşı soyqırımı siyasətidir.

Mübariz Ağalarlı

Tarix üzrə fəlsəfə doktoru, dosent

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …