Cümə axşamı , Mart 21 2019
Ana səhifə / Aktual / Xidmət müqaviləsi ilə işləyənlər vergini necə ödəyəcək?

Xidmət müqaviləsi ilə işləyənlər vergini necə ödəyəcək?

Onlara 1 illik sosial sığorta güzəşti nəzərdə tutulur; Mikrosahibkarlıq subyektlərinə münasibətdə isə vergi güzəştləri cari vergi ödənişləri vaxtı nəzərə alınacaq

Vergi Məcəlləsinə edilən dəyişikliklər bir sıra ödəyicilərin vergi-hesabat sisteminin tamamilə yenilənməsinə gətirib çıxaracaq. Belə ödəyicilərdən biri də VÖEN əsasında fərdi xidmətlərlə məşğul olan sahibkarlardır. Dəyişikliklərə qədər onlar sadələşmiş vergi ödəyicisi hesab olunurdular və Bakıda dövriyyələrinin 4 faizi, regionlarda isə 2 faizi həcmində vergi ödəyirdilər. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən sonra – yəni bu ildən etibarən həmin şəxslər sadələşmiş vergi ödəyicisi ola bilməyəcəklər.

Qeyd edək ki, Azərbaycanda xeyli sayda belə vergi ödəyiciləri var. Xüsusilə QHT sektorunda fərdi qaydada fəaliyyət göstərən belə şəxslərin xidmətlərindən geniş şəkildə istifadə olunur. Buna görə də həmin şəxslərin fəaliyyətinin yeni qaydalar əsasında necə tənzimlənəcəyi maraq doğurur.

Vergilər Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsindən “Yeni Müsavat”a verilən məlumata görə, VÖEN əsasında fəaliyyət göstərən fərdi sahibkarlar mikrosahibkarlıq subyekti hesab olunurlar. Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən işçilərinin orta siyahı sayı 1-10, illik gəliri 200 min manatadək olan sahibkarlar mikrosahibkarlıq subyekti hesab edilir. Belə sahibkarlar hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən şəxslər üzrə gəlir vergisi ödəyicisi hesab ediləcəklər. Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına (Vergi Məcəlləsi, 102.1.30-cu maddə) əsasən, mikrosahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi fiziki şəxslərin gəlir vergisindən azaddır. Bu zaman sahibkarın vergiyə cəlb olunan gəliri kimi təsdiq olunmuş xərcləri çıxıldıqdan sonra yerdə qalan gəliri götürülür.

Məsələn, tutalım ki, mikrosahibkarlıq subyekti olan fərdi sahibkarın gəliri 10.000 manat, uçotunu apardığı xərci 6.000 manatdır. Bu zaman xərclər çıxıldıqdan sonra qalan gəlir 4.000 manat olur və gəlir vergisinin hesablanması aşağıdakı qaydada həyata keçirilir: 4.000 – 4.000 x 75 faiz (vergidən azad olunan hissə) = 1.000 manat x 20 faiz = 200 manat (gəlir vergisi) Başqa sözlə, mikrosahibkarlıq subyekti olan fərdi sahibkar əldə etdiyi gəlirlərindən xərclər çıxıldıqdan sonra ona qalan gəlirdən 5 faiz həcmində vergi ödəyir.

Vergi Məcəlləsinin 96-cı maddəsinin birinci bəndinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün xərcləri (Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ) arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

Mikrosahibkarlıq subyektlərinin gəlir vergisinə nəzərdə tutulan güzəştin illik, yoxsa rüblük tətbiq olunması ilə bağlı məsələ müzakirə obyekti olmuşdu. Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayevanın dediyinə görə, belə vergi ödəyicilərinə münasibətdə vergi güzəştləri cari vergi ödənişləri vaxtı nəzərə alınacaq: “Mikro sahibkarlıq subyekti olan vergi ödəyiciləri (illik gəliri 200 min manatadək olanlar) hər rübdən sonrakı ayın 20-dək vergi məbləğindən 75 faiz güzəşti çıxıb, yerdə qalan məbləği dövlət büdcəsinə köçürəcəklər”.

Burada fərdi sahibkarlıqla məşğul olan şəxslər üçün çətinlik yaradacaq əsas məsələ xərclərin uçotunun elektron qaydada aparılması ola bilər. Belə ki, onlar hər bir xərc üçün elektron qaimə-faktura təqdim etməlidilər. Belə qaimə olmadan xərclər qəbul edilməyəcək. Bu isə fərdi xidmətlə məşğul olanlar üçün elə də asan deyil.

Ä°lgili resim

Fərdi sahibkarlıq subyektləri ilə bağlı daha bir məqam onların məcburi dövlət sosial sığorta haqqının ödənilməsi ilə bağlı qanunvericilikdəki dəyişikliklərdir. Belə ki, “Sosial sığorta haqqında” Qanuna ötən ilin sonlarında edilmiş əsas dəyişikliklərdən biri – sahibkarlıq fəaliyyəti üzrə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqının yeni tutulma qaydasıdır. İqtisadçı-ekspert, İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Qalib Toğrulun sözlərinə görə, bu daha çox xidmət müqaviləsi ilə işləyənlərə aidiyyəti olan sığorta haqqıdır: “Milli Məclisin qəbul etdiyi ”Sosial sığorta haqqında” Qanuna dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanunu”nda nəzərdə tutulurdu ki, belə şəxslər minimum əmək haqqının 25 faizi miqdarında, yəni hazırda qüvvədə olan 130 manat minimum əmək haqqı nəzərə alınmaqla 32.50 manat, tikinti və ticarət sahəsində çalışanlar isə 65 manat ödəsinlər. Dəyişikliklərdə xidmət müqaviləsilə işləyənlərə münasibətdə bu sosial ödənişlə bağlı məbləğ artırılmaqla yanaşı, ölkə üzrə vahid ödəniş faizi və qaydası təklif olunur, regional fərqlər aradan qaldırılırdı.

Lakin ölkə prezidentinin təsdiq etdiyi “”Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu”nda keçid müddəaları var. Bu müddəalardakı keçid şərtlərində qanunun haqqında danışdığımız müddəasının 1 yanvar 2020-ci ildən qüvvəyə minməsi nəzərdə tutulub”.

Bəs həmin şəxslər sosial sığorta haqlarını hansı qaydada ödəyəcəklər? Qalib Toğrul bildirir ki, prezidentin təsdiq etdiyi qanunda nəzərdə tutulur ki, göstərilən fəaliyyət üzrə sosial sığorta haqları “Sosial sığorta haqqında” Qanunun 2019-cu il yanvarın 1-dək qüvvədə olan 14-cü maddəsinə uyğun olaraq ödənilsın.  Yəni belə fiziki şəxslər 1 yanvar -31 dekabr 2019-cu il aralığında ödənişləri köhnə qayda ilə edəcəklər: “Ticarət və tikinti sahəsində çalışanlar Bakıda 65 manat,  Sumqayıt və Gəncədə 58,50 manat, respublika tabeli digər şəhərlərdə 52 manat, rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 39 manat, kənd yerlərində isə 32,50 manat ödəyəcəklər. Tikinti və ticarətdə olduğu kimi digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar, o cümlədən xidmət müqaviləsi ilə işləyənlər üçün də respublikanın regionları üzrə fərqləndirmələr qüvvədə qalır. Belə şəxslər əvvəlki qayda ilə Bakıda 26 manat, Sumqayıt və Gəncə şəhərlərində 23,40 manat, respublika tabeli digər şəhərlərdə 20,80 manat, rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 15.60 manat, kənd yerlərində isə 13 manat ödəyəcəklər”.

Həmçinin oxuyun

Bakıda avtobus sürücüsü qaydaları kobud şəkildə pozdu – VİDEO

Sosial şəbəkələrdə Bakıda sərnişin avtobusunun sürücüsünün yol hərəkatı qaydalarını kobud şəkildə pozmasının görüntüləri yayılıb. Kadrlar …