Ana səhifə / “Xaricdəyəm” deyib, gecəni 70 yaşlı sponsorla keçirir, prodüseri isə yengəlik edir”

“Xaricdəyəm” deyib, gecəni 70 yaşlı sponsorla keçirir, prodüseri isə yengəlik edir”

Azərbaycan şou-biznesində bir çox müğənnilər var ki, mətbuat onlarla rahat şəkildə işləyə bilir. Onların arasında xalq artistləri Flora Kərimova, Faiq Ağayev, əməkdar artistlər Baloğlan Əşrəfov, Elza Seyidcahan və sair müğənnilərin adlarını qeyd etmək olar.

Sənətdə artıq öz sözlərini desələr də, əlçatmaz deyillər. Yəni, jurnalist birbaşa həmin müğənnilər ilə əlaqə saxlayıb, açıqlama və yaxud müsahibə ala bilir. Elə sənətçilərin özləri də jurnalistlərlə yaxşı münasibətdə olmağa, əksər hallarda bununla da gündəmdə qalıb, daha da populyarlaşmağa, ictimaiyyətin diqqət mərkəzində qalmağa çalışırlar.

Lakin artıq bir çox, xüsusən də son vaxtlarda populyarlaşmağa başlayan bəzi gənc müğənnilər “əlçatmaz” olmağa başlayıb. Sənətə ilk qədəm qoyduqları zamanlarda özləri axtardıqları müxbirlərə indi yalnız prodüserlərinin vasitəsi ilə cavab verir, bəzi hallarda isə ümumiyyətlə tapılmırlar. Bununla da bəziləri özlərinə “əlçatmaz müğənni” statusu qazanmağa çalışır.

Bəs sənətçi əlçatmaz olmalıdır, yoxsa..?

Hər zaman mətbuata açıq olan əməkdar artist Baloğlan Əşrəfov mövzuya bu cür şərh bildirdi: “Hər kəsin həyatda özünəməxsus davranışı, mədəniyyəti var. Kim həyatını necə qurursa, mən buna heç nə deyə bilmərəm. Ola bilər ki, bəziləri üçün belə daha maraqlıdır. Amma yenə də, ağac bar gətirəndə, başını aşağı əyər. Deyilən görə, Azərbaycanda kifayət qədər populyar adamam. Amma heç bir zaman başqa vasitələr ilə populyarlığı qazanmamışam. Kim nə müraciət edib, cavab vermişəm, kimə lazımdırsa, sözümü demişəm. Guya kimlərinsə telefon zənglərinə cavab verməməklə moda “minəcəksə”, səhv edir”.

Aparıcı, prodüser Tahirə Məmmədqızı da qeyd etdi ki, kimliyindən, statusundan, mövqeyindən asılı olmayaraq sənətdə, ümumiyyətlə ictimai aləmdə olan istənilən insan mətbuata açıq olmağı bacarmalıdır: “Yəni, özünə güvəni varsa demirəm ki, dostluq, çünki onlar mətbuatla dostluğa inanmırlar, amma hər halda mətbuata açıq olmalıdırlar. Çünki gündəm olan, ictimai fəaliyyəti olan birmənalı şəkildə qəbul etməlidir ki, onun haqqında danışıb, yazacaqlar, müzakirə ediləcək, yaxşı və ya pis mənada hadisənin mərkəzində ola bilər. Ona görə də mətbuata açıq olmaqla, onlar mətbuata birbaşa fikirlərini deyə bilirlər və cəmiyyətdə onlara qarşı hörmətlə yanaşarlar ki, bu insan mətbuata açıqdır. Amma ümumi mənada götürəndə tanımışları baş düşmək olur, guya ki, onlar özlərini “əlçatmaz” edə bilirlər. Bu, müəyyən mənada onların xeyirlərinə də ola bilir, onlar heç bir açıqlama vermir, danışmaq istəmir, düşünürlər ki, bununla da bir qədər qalmaqallardan uzaq ola bilər. Amma fikrimcə, bu, yanlış fikirdir. Çünki istənilən halda qalmaqallı insan haqda onsuz da mətbuatda istənilən halda yazılacaq. Amma yaxşı olardı ki, mətbuatla dürüst münasibət yaratsın. Məsələn, xalq artisti Faiq Ağayev istənilən zamanda istənilən suallara cavab verəcək təfəkkürə, dünyagörüşünə və savada malikdir. Ən çətin durumlarında belə, mətbuata çox rahat şəkildə açıqlama verir. Bu da ona müsbət mənada öz təsirini göstərir. Lakin bir neçə müğənni var ki, onların bəlli bir çərçivəsi var və bir-iki jurnalistdən başqa digərləri ilə qətiyyən əlaqə saxlamağı sevmir. Sonra da problem yarananda dostluq münasibətində olduğu jurnalistlərdən başqa digərləri ona qarşı aqressiv olur. Amma bir daha qeyd edirəm, istəyir Milli Məclisdə əyləşən deputat olsun, istəyir sənət aləmində tanınmış müğənni, vəkil, həkim olsun, onlar mətbuatla rahat, normal ünsiyyət qurmağı bacarmalıdırlar. Bu, yalnız və yalnız onların xeyrinə ola bilər”.

Jurnalist İntiqam Valehoğlu isə mövzuya bu cür şərh bildirdi: “Sənətçi əlçatan olmalı məqamda bunu bacarmalıdır. Məsələn, jurnalistdən, tamaşaçıdan qaçıb, “xaricdəyəm” deyib, gecəni 70 yaşlı sponsorla bağ evində keçirtmək olmaz. Bu, həm sağlamlığa zərərlidir, həm də jurnalistləri incitməkdir. O ki, qaldı yeni populyarlaşanlara, onlar bu populyarlığı iki şeyə borcludurlar. Biri sosial şəbəkələrə, biri də dediyim daydaylara… Yəni belələrinin tamaşaçı qarşısında heç bir öhdəçiliyi və məsuliyyəti yoxdur. Prodüserlərdən söz düşmüşkən, indiki halda əksər prodüserlərin gördüyü iş daha çox yengəliyi xatırladır. Burası da belə… Əgər sənətçilər tanındıqca prodüserlərinin sayı da artmalıdırsa, onda Alim Qasımovun həmin sənətçiciklərin sayı qədər prodüseri olmalıdır. Və bildiyiniz kimi, zənglərə şəxsən cavab verir”.

Jurnalist həmkarlarına da səslənib: “Həmkarlarıma bir təklifim var. Gördüyünüz və bildiyiniz kimi, son zamanlar qala gecələrində, təqdimatlarda sizə qarşı hörmətsizlik edilir. Ona görə də həmin təqdimatlara jurnalist kimi getməyin. Filmə baxmaq istəyirsinizsə, gedin, 5 manatınızı verin, baxın. Çünki sənətçi tayfası elədir ki, ətrafında nə qədər çox jurnalist görürsə, özünü bir o qədər böyük adam hesab edir. Son dəfə “İki tüstü” filminin qala gecəsində olmuşam. Orda da təşkilatçılar çox mədəni davranmışdılar. Yəni, bu kimi tədbirlərə ucdantutma getmək, hər sənətçiyəm deyənə diktofon, mikrofon uzatmaq olmaz. Əgər hətta iş gərəyi bunu edirsinizsə, elə adamlara ciddi-ciddi suallar verib, şişirtməyin. Sonra əziyyətini biz çəkirik”.

musavat.com

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın