Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Aktual / Xaricdə ermənilərin həbs etdirdiyi gənclərimizin müdafiəsi – siyasi partiyalarımızın beynəlxalq əlaqələri əmələ yarayacaqmı…

Xaricdə ermənilərin həbs etdirdiyi gənclərimizin müdafiəsi – siyasi partiyalarımızın beynəlxalq əlaqələri əmələ yarayacaqmı…

Ermənistan tərəfindən 12 iyul tarixindən başlayan təxribatlarla bağlı orduya dəstək məqsədilə son 10 gün ərzində 25 ölkədə 56 aksiya keçirilib. Bu barədə məlumatı Diasporla İş üzrə Dövlət Komitəsi verib. Bildirib ki, bir çox ölkələrdə COVID-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlərə baxmayaraq, 10 minlərlə soydaşımız müxtəlif aksiyalarda fiziki olaraq iştirak edib: “Bir çox hallarda aksiyalarla bağlı öncədən hüquq-mühafizə orqanlarının məlumatlandırılmasına baxmayaraq, polis lazımi mühafizə tədbirləri təşkil etməyib. Bu, xüsusilə Los Anceles və Brüsseldə təşkil olunan aksiyalarda özünü göstərib. Nəticə etibarilə Belçikada 10 nəfərədək (4 nəfər xəstəxanaya müraciət edib, o cümlədən, 1 qadın jurnalist), ABŞ, Los-Ancelesdə isə 30-a yaxın (5 nəfər xəstəxanaya müraciət edib, o cümlədən 1 qadın) soydaşımız xəsarət alıb. Həmçinin Polşa, Niderland və Fransada da vətəndaşlarımızın üzərinə butulka, daş, şüşə parçaları, partlayıcı vasitələr atılıb. Maşınlar əzilərək aşırdılmağa cəhd edilib, səfirliyin binalarına ziyan vurulub”. Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində ermənilərlə azərbaycanlılar arasında yaranan fiziki qarşıdurmalarda həbs edilən soydaşlarımız da var. Bəllidir ki, dünyada güclü olan erməni diasporu həmin gənclərin ciddi cəzalanması istiqamətində bütün hüquqi vasitələrə və təzyiqlərə əl atacaq. Belə olan halda, həmin gənclərin müdafiəsi üçün bizim beynəlxalq əlaqələri yaxşı olan partiyalar nəsə iş görməyi, hansısa addımlar atmağı planlayırlarmı? Yaxşı beynəlxalq əlaqələrə malik olan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu ümumilli məsələ olduğundan, kimin gücü nəyə çatırsa dəstək olmalıdır: “Partiyalar da cəmiyyətin avanqard təsisatı olduğu üçün belə prosesdən kənarda qalmamalıdır. Bizim səfirliklər və diaspor təşkilatlarımızın da belə əlaqələri var. Onların ətrafında kifayət qədər yaxşı hüquqşunaslar var. Xüsusilə də türk və yəhudi diasporu bizə yaxşı kömək edə bilər. Macarıstandakı Ramil Səfərov məsələsində yəhudi vəkillərin də bizə xeyli faydası dəydi. Biz artıq əlaqəmiz olan bütün dostlarla danışmışıq. Xahiş etmişik ki, bu prosesə əllərindən gələn dəstəyi əsirgəməsinlər. Hətta toqquşmaların getdiyi aktiv fazada da müraciətlərimiz oldu ki, təşkilatlanmış şəkildə özlərini müdafiə etsinlər. Hüquqi məsələdə də dostalrımız nə köməklik lazımdırsa edəcəklər. Mən istərdim ki, insan hüquqlarının müdafisi öhdəliyi ilə bağlı xeyli qrantlar alan QHT-lər bu məsələdə daha fəallıq göstərsin. Xüsusən də, güya Azərbaycanda saxta siyasi məhbus siyahıları hazırlayanlara üzümü tuturam. İndi kənarda azərbaycanlıların hüquqları pozulur, buyursunlar səslərini çıxarsınlar. Xüsusilə də öz donorlarını bu işə cəlb etsinlər. Mən digər partiyaları da bu prosesdə fəal olmağa çağırıram. Hətta şəxsi ünsiyyətlərindən istifadə edib, bu prosesə dəstək versinlər. Amma bu məsələ ilə bağlı ümumi, mərkəzləşmiş şəkildə bir iş aparılsa, daha yaxşı olar. Bir mərkəzdən idarə olunsa, iz həm də bu məsələ ilə Azərbaycan həqiqətlərini düşünülmüş şəkildə dünya ictimaiyyətinə çatdıra bilərik. Həm də eyni ünvanlara təkrar müraciətlərin göndərilməməsi baxımından bu çox lazımdır”. Bu cür ümumilli məsələdə, bütün təsisatlar kimi, partiyaların da fəallığına böyük ehtiyac var. Xüsusilə də tez-tez Azərbaycandan xaricə donoslar yazan partiyaların fəal olması daha yaxşı olar.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

İran Ermənistanın PUA-sını vurdu

İran öz dövlət sərhədlərini pozan Ermənistana məxsus pilotsuz uçuş aparatını (PUA) vurub. Bildirilir ki, səhər …