Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Aktual / Xanım direktor vəfat edib – bələdiyyə sədrinin müavini isə həbsdədir (TƏFƏRRÜAT)

Xanım direktor vəfat edib – bələdiyyə sədrinin müavini isə həbsdədir (TƏFƏRRÜAT)

Bir mənzili bir neçə nəfərə satmaqda ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Elmira Şirinova və 1985-ci il təvəllüdlü Sahil Quliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında məlum olub ki, təqsirləndirilənlərdən Elmira Şirinova vəfat edib.

Sahil Quliyev isə hazırda həbsdədir.

Məhkəmədə 20-yə yaxın zərərçəkmiş iştirak edib.

Hakim bildirib ki, zərərçəkmişlər məhkəməyə mülki iddia təqdim ediblər. Lakin mülki iddialar düzgün şəkildə tərtib edilməyib. Buna görə də məhkəmənin hazırlıq iclası təxirə salınıb və zərərçəkmişlərə vaxt verilib.

Bildirək ki, Elmira Şirinova ”Bulaq-2” Mənzil Tikinti Koperativinin rəhbəri olub. MTK Binəqədi rayonu Cəfər Xəndan küçəsində çoxmərtəbəli bina inşa etdirib.

O, 2015-ci ildə təhvil verilməli olduğu binanı vaxtında inşa etməyib. Bundan əlavə isə mənzilləri 2-3 nəfərə satıb.

Elmira Şirinovanın əməlləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb.

Onunla əlbir olmaqda suçlanan Sahil Quliyev də cinayət məsuliyyətinə cəlb edilib.

Sahil Quliyev mərhum Elmira Şirinovanın nəvəsinin keçmiş həyat yoldaşıdır. Sahil Quliyev bir neçə ay MTK-da Elmira Şirinova ilə çalışıb. Mənzil satışında baş verən problemlərdən sonra Sahil Quliyev Elmira Şirinova ilə işinə son qoyub. Həmçinin 2014-cü ildə isə E.Şirinovanın nəvəsindən boşanıb. MTK-dakı fırıldaqlarla vağlı məlumatlar isə 2015-ci ildən mətbuatda dərc edilir.

Elmira Şirinova bir mənzili 2-3 nəfərə satdığını mətbuata videomüsahibəsində etiraf edib və problemi qısa zamanda həll edəcəyini deyib. Amma o, vədlərinə əməl etməyib.

Bu işdə diqqət çəkən məqam budur ki, zərərçəkənlər Sahil Quliyevi tanımadıqlarını, pulu Elmira Şirinovaya verdiklərini deyirlər.

Sahil Quliyevin vəkili Vasif İsrafilov Musavat.com-a açıqlamasında bildirib ki, müdafiə etdiyi şəxsin əməlində heç bir cinayət tərkibi yoxdur.

Vəkilin dediyinə görə, mərhum Elmira Şirinova Sahil Quliyevə qarşı qərəzli olub və onu şərləyib: “MTK-da Elmira Şirinovanın bir neçə yaxın qohumu işləyib. Amma Elmira Şirinova Sahilin adını çəkib və onu da bu işdə günahkar çıxarıb. Halbuki Sahil 2014-cü ildə MTK-dan ayrılıb və Elmira Şirinovanın nəvəsindən boşanıb. MTK ilə bağlı şikayətlər isə 2015-ci ildə başlayıb. Daha sonra Elmira Şirinova Sahili daha bir cinayətdə suçlayıb. Deyib ki, guya Sahil Konstitusiya Məhkəməsinə rüşvət kimi vermək üçün ondan 30 min manat alıb. Amma bu ittiham da əsassızdır. Heç bir sübut və fakt yoxdur. Sadəcə, kimsə məsuliyyətə cəlb edilməli idi, ona görə də Sahil tutulub”.

Qeyd edək ki, Sahil Quliyev həmçinin Binəqədi bələdiyyəsi sədrinin müavini olub.

Bu öz üzrə ümumi 27 nəfər.zərərçəkmiş şəxs var. Sahil Quliyevə qarşı Cinayət Məcəlləsinin dələduzluq və rüşvət verməyə təhrik etmə maddələri ilə ittiham irəli sürülüb.

Həmçinin oxuyun

Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür

Millət vəkili Rəfael Cəbrayılov 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı …