Cümə axşamı , Aprel 25 2019
Ana səhifə / Aktual / Xalqı üzən üç hadisə və Prezidenti müdaxilə etmək zorunda qoyan pis məmurlar…

Xalqı üzən üç hadisə və Prezidenti müdaxilə etmək zorunda qoyan pis məmurlar…

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev meşədən meyvələrin və bitkilərin yığılmasına tətbiq edilən cərimələrə yeni dəyişiklikləri ləğv edib. Qeyd edək ki, Nazirlər Kabinetinin qəbul etdiyi qərar əhali arasında ciddi narazılıqla qarşılanmışdı. Bildirilir ki, ölkə başçısı yerlərdən daxil olan müraciətləri nəzərə alaraq, Nazirlər Kabinetinə “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli, 636 nömrəli Qərara dəyişikliklərin ləğv olunması barədə göstəriş verib.

Artıq danılmaz faktdır ki Prezident ictimai rəydə narahatlıq doğuran, qəbul olunmayan məsələlərlə razılaşmır. Biz bunun qısa müddət ərzində baş verən üç hadisə zamanı da şahidi olduq. Şəhid vərəsələri ilə bağlı yaranan vəziyyəti gördük. Vərəsələr dövlət qurumlarının qapısı ağzında qalıb, öz problemlərini rəsmilərə çatdıra bilmirdilər. Nəticədə məsələyə Prezident müdaxilə etdi və hətta müavinəti alan vərəsələrlə də bağlı onlara kompensasiyanın ödənilməsi ilə əlaqədar qərar qəbul olundu.

Bloger Mehman Hüseynovla bağlı qəbul olunan qərarda da Prezident yaradılan süni ajiotaja birdəfəlik son qoydu. Bütün bu hadisələrdən sonra bu nəticəni dəqiq olaraq hasil edirik ki,  Prezident ictimai rəyi diqqətlə izləyir, cəmiyyəti birbaşa narahat edən məsələlərlə özü məşğul olur, ən başlıcası, ictimai rəyə inanır!

Ancaq dövlət deyilən bir mexanizmin çoxlu sayda mərhələləri mövcuddur ki, onlar bu cür işlərin dərhal həllinə nail olmalıdırlar. Ölkə başçısının məşğul olması vacib sayılan işləri çoxdur. Hər halda, məmurlar da qərar verəndə düşünməlidirlər ki, Prezidenti bəzi xırda detallara müdaxiləyə məcbur etməklə onun dəyərli vaxtını almaq doğru deyil. Bu mənada, məmurların üzərinə böyük məsuliyyət düşür.

Ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, siyasi sistemdə dəyişikliklərin aparılması həm də kadr problemlərinə bağlı olan məsələdir:“Modern düşüncəli məmur kontingentinin formalaşmasına ehtiyac yaranıb. Bu olduqca ciddi məslədir. Məmurların tutduğu vəzifə ilə uyğunluğunun olmaması ilə bağlı biz kifayət qədər fakta rast gəlirik. Gəlin etiraf edək ki, cəmiyyətdə baş verən narazılıqların da əsasını məhz məmurlar qoyur. Uzun illər DSMF deyilən bir qurumun fəaliyyətindən narazılıqlar olub. Gələn yeni komanda əhaliyə verilən sosial müavinətlərlə bağlı araşdırmalara başlayıb. Məlum olub ki, bir çox adama həmin vəsaitlər qanunsuz yollarla verilib. Sual olunur: məsələni bu yerə kim gətirib çıxarıb? Vəzifə etibar edilən məmurlar. Niyə rüşvət müqabilində bu işlərə gedilməlidir? Meşədəki yabanı meyvələrlə bağlı qəbul olunan qərarı görəsən heç müzakirə ediblər? Bilmirdilər ki, bu, kasıb kəndli təbəqəsi arasında narazılıq yarada bilər? Görün, bir qərarın verilməsindən doğan narazılıqları yenə Prezident öz müdaxiləsi ilə yoluna qoydu. Məsul şəxslər şəhid ailələri ilə bağlı məsələdə də süründürməçiliyə yol verirdilər. Bu məsələyə də ölkə başçısı müdaxilə etməli oldu. Bütün bunlar texniki və xırda məsələlərdir. Hətta mən deyərdim ki, Prezidenti belə məsələlərlə məşğul etməyə heç zərurət olmamalıdır. Məmurların dünyagörüşü, vətəndaşa münasibəti dəyişməlidir. Bunun üçün kadr potensialının yenilənməsinə zərurət var. Xüsusilə də rayonlarda buna böyük zərurət yaranıb. Elə icra başçıları var ki, özlərini həmin rayona təyin edilmiş vəzifə sahibi kimi yox, həmin rayonun ağası kimi aparır. Onların arasında rayondakı abadlıq işlərini belə məcburi şəkildə iş adamlarının hesabına gördürənlər də az deyil. Dövlətin ayırdığı pulu isə qoyur cibinə. Bu mənada, hesab edirəm ki, kadr islahatlarına və məmurların fəaliyyətinə ciddi fikir verilməlidir. Belə olacağı halda, Prezident də xırda məsələlərin həllinə müdaxilə etmək məcburiyyətində qalmayacaq”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Bakıda müəllim şagirdi vuraraq hədələyib – Şikayəti polis araşdırır (FOTO)

Bakıda müəllim şagirdi vuraraq hədələyib, şikayəti polis araşdırır. “Report”un xəbərinə görə, Binəqədi rayon sakini Şahin …