Ana səhifə / Aktual / “Wolt”un kuryerləri kütləvi etiraz etdi – Açıqlama

“Wolt”un kuryerləri kütləvi etiraz etdi – Açıqlama

Bakıda “Wolt” şirkətində kuryer işləyən 100-dən çox şəxs işə çıxmayıb. Onlar maaş artımı tələbi ilə şirkətin mobil proqramını dondurublar.

“ Azinforum.az ” xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata əsasən, “Wolt” artıq kuryerlərin bir çoxunu işdən çıxarıb. Həmin şəxslər nəqliyyat vasitələrinin üstünə “Qiymətlər qalxmasa, işləməyəcəyik” şüarları yapışdırıblar. Şikayətçilər bildirib ki, maaş artımı tələb edəndə şirkət tərəfindən onlara hədə-qorxu gəlirlər ki, işləmək istəyən, növbədə gözləyən yüzlərlə insan var: “İnsanı inandırırlar ki, sənin əhəmiyyətin yoxdur, sən sadəcə statistikasan, yüzlərlə kuryerdən birisən. Səndən növbədə yüzlərlədir”.

Məsələ ilə bağlı “Wolt” şirkətinə sorğu ünvanladıq. Şirkətdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, kuryerlərin etirazına görə və ya onlayn olmadıqları səbəbi ilə partnyorluğun dayandırılması və kuryerlərə hədə-qorxu gəlinməsi məsələsi həqiqətə uyğun deyil: ““Wolt”un sifarişlərini çatdıran kuryerlər şirkət əməkdaşları deyil və xidməti müqavilə əsasında çalışan fərdi sahibkarlardır. Biz bütün partnyorlarımıza hörmətlə yanaşırıq və biznesimizin necə idarə olunması haqda fikirlərimizin üst-üstə gəlməməsi səbəbindən heç vaxt partnyorluğumuzu bitirməzdik.

Dünən bir qrup kuryer ödəniş modelimizə edilən bəzi dəyişikliklərlə bağlı narazılığını bildirmək üçün sistemdə oflayn olmaq qərarını verdi. Kuryer-partnyorlarımıza təqdim olunan ödənişlər bazar səviyyəsinə uyğun olaraq qalır. Məsələn, hazırda Ramazan ayı ilə əlaqədar gün ərzində sifariş sayı bir qədər aşağıdır. Bu səbəbdən qazancların nisbətən aşağı düşməsi də gözləniləndir. Tələbatın aşağı enməsi həm bizə, həm də kuryer-partnyorlara öz təsirini göstərir və biz kuryerlərin narazılığını çox gözəl başa düşürük”.

Şirkət açıqlamasında kuryerlərin bir hissəsi ilə görüşdüklərini, etiraz edən heç bir kuryerlə əməkdaşlığı dayandırmadıqlarını bildirib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …