Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Vurulmuş MTN-çilərə qarşı seçkiyə qanunsuz müdaxilə ittihamı…

Vurulmuş MTN-çilərə qarşı seçkiyə qanunsuz müdaxilə ittihamı…

 

Məlum olduğu kimi, Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda cinayət işi açılıb.
Baş Prokurorluq Cinayət Məcəlləsinin bir sıra maddələri ilə MTN-in vəzifəli şəxslərini həbs edib. Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları ilə barələrində həbs-qətimkan tədbiri seçilib.
Elan edilmiş ittiham üzrə maddələrin təsnifatına diqqət edək. 308.2-ci maddə Məcəllədə əks olunmuş 308.1-ə istinadla ağırlaşdırıcı hal kimi tətbiq edilib. Belə ki, 308.1 maddəsində deyilir: “Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
308.2-ci maddə isə Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
309.1 maddəsi isə vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda cəzanı nəzərdə tutur. Bu maddə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
302-ci maddə isə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma ilə bağlıdır.
Həbs edilənlərə elan edilmiş 302.2 maddəsi informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə nəzərdə tutulan cəza ilə bağlıdır. Bu zaman min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Elan olunmuş ittihamlarda diqqətçəkən maddələrdən biri də 308.2-dir ki, o da yalnız ağırlaşdırıcı halda tətbiq olunur. Bu maddə əsasən seçki və referenduma qanunsuz müdaxilə cəhdləri üçün nəzərdə tutulub.
MTN-in həbsdə olan rəhbər işçilərinə seçkilərlə bağlı konkret ittiham irəli sürülə bilərmi?
Adının çəkilməsini istəməyən ekspertlərdən birinin qəzetimizə verdiyi məlumata görə, elan edilmiş ittihamlarda məhz 308.2-ci maddə xüsusilə diqqəti cəlb edir: “Çünki bu maddə vəzifə səlahiyyətlərinin aşılmasının ən ağırlaşdırıcı halı üçün nəzərdə tutulub və seçkilərə qanunsuz müdaxilə ilə bağlı cəzanın təyinini özündə ehtiva edir. Bu maddə BTRİB-in sabiq rəhbərinə də elan olunub. Deməli, seçkiyə aid olan hansısa proses və ya namizədlərdən kiminsə danışıqlarının dinlənilməsi olub ki, bu maddəni verirlir. Hələlik istintaq getdiyi səbəbindən konkret nəsə demək çətindir. Ortada seçkiyə aid konkret ittiham varsa, deməli, irəli sürülən versiyanı inandırıcı saya bilərik”.
Məhəmmədəli QƏRİBLİ

“Bakı-xəbər”

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın