Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Aktual / Vüqar Bayramov qardaşı ilə üz-üzə qoyulmasından danışdı

Vüqar Bayramov qardaşı ilə üz-üzə qoyulmasından danışdı

Avropa Birliyinin Vətəndaş Cəmiyyəti Forumunun həmsədri, iqtisadçı alim Vüqar Bayramov Müsavat Partiyası başqanlığına namizədliyini irəli sürən qardaşı Qubad İbadoğlu ilə fərqli cəbhələrdə yer alması barədə səslənən fikirlərə münasibət bildirib.

Bununla bağlı Axar.az-a danışan Vüqar Bayramov deyib ki, hər bir şəxsin fəaliyyətinin fərdi olaraq qiymətləndirilməsinin tərəfdarıdır:

“Təbii ki, Qubad İbadoğlu Azərbaycanın ən yaxşı iqtisadçılarından biridir. Amma nə mənə Qubad İbadoğlunun qardaşı kimi, nə də ona Vüqar Bayramovun qardaşı kimi yanaşılması doğru deyil: hər birimizə fərdi yanaşılıb və fəaliyyətimizə uyğun qiymətin verilməsinə ehtiyac var. Mən ABŞ-ın Vaşinqton Universitetinin məzunu olaraq Avropa Birliyinin Şərq Tərəfdaşlıq proqramına həmsədr seçilən ilk və yeganə azərbaycanlıyam. Mən Avropa Birliyində ilk komissiya sədri olmuş azərbaycanlı kimi fərqlənmişəm. Başqa tərəfdən, dünyanın 500 nüfuzlu müsəlmanı siyahısına daxil edilən ilk azərbaycanlı iqtisadçıyam. Əsərlərimin 25 xarici dilə tərcümə olunmasını əlavə etməklə bu siyahını daha da genişləndirmək olar. Bütün bunlar göstərir ki, hər bir şəxsin fərdi olaraq fəaliyyətinə qiymət verilməlidir. Bəzən radikal düşərgədə olanlar mənim pozitiv notlarda olan təhlilimi paylaşıb Musavat Partiyası başqanlığına namizəd qardaşının mövqeyi kimi təqdim etməyə çalışırlar. Amma bilərəkdən unudurlar ki, partiya sədrliyinə namizəd Qubad İbadoğludur, Vüqar Bayramov deyil”.

İqtisadçı alim bildirib ki, bir qardaşın müxalifət olub, digərinin müstəqil fəaliyyət göstərməsi tamamilə normaldır:

“Ümumiyyətlə, cəmiyyətdəki mövqe hər bir fərdin fəaliyyətinə uyğun olaraq müəyyənləşir. Bir neçə il öncə Polşada bir qardaş prezident idi, digəri isə müxalifətin əsas füqurlarından biri idi. Və kimsə onları bir-birlərinin qardaşları kimi təqdim etmirdi. Mən iqtisadçıyam və siyasətlə məşğul olmuram, gələcəkdə də siyasi arenada olmaq niyyətim yoxdur. Düşünurəm ki, iqtisadçı kimi fəaliyyətimi davam etdirərək cəmiyyətə daha çox xeyir verə bilərəm. Mənim sədrlik etdiyim mərkəz beynəlxalq qiymətləndirməyə görə Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi olaraq Harvard Universitetinin rəsmi kataloquna daxil edilən yeganə Azərbaycan təşkilatıdır. Bu, əslində ölkəmiz üçün qürurverici bir faktdır”.

V.Bayramov bildirib ki, o iqtisadçıların siyasətlə məşğul olmasının tərəfdarı deyil:

“Düşünürəm ki, iqtisadçı müstəqil fəaliyyətlə cəmiyyətə daha çox töhvə verə bilər. Amma bu da fərdi yanaşmadır. Qubad bəy siyasətdə olmaq istəyir və bu onun seçimidir. Mən isə iqtisadçının siyasətlə məşğul olmamasını daha məqsəduyğun hesab edirəm. Bu isə mənim seçimimdir”.

İqtisadçı alim beynəlxalq təşkilatlardakı fəaliyyətinə toxunaraq deyib ki, xaricdə Azərbaycanın milli maraqlarının qorunması mənim üçün əsas meyardır.

Həmçinin oxuyun

Ordumuza hörmətsizlik edən “AZGRANATA” ya SƏRT ETİRAZ

Əsgər adı şərəfdir, ucadır, həm də bizim üçün ləyaqət rəmzidir. 44 günlük Vətən müharibəsində də …