Çərşənbə axşamı , Oktyabr 22 2019
Ana səhifə / Aktual / “Vor zakonlar”ın Mədət Quliyevin üstünə “mətbuat yürüşü”…

“Vor zakonlar”ın Mədət Quliyevin üstünə “mətbuat yürüşü”…

Həbsxanalarımız “oğru” dünyasının təsiri altına düşsə, nə baş verəcək?

 Bəşəriyyətdə insani münasibətlər təşəkkül tapdıqdan sonra cinayətlər edilməyə başlayıb. Böyük mübahisələrdən, aparılan elmi polemikalardan sonra mütləq əksəriyyət belə nəticəyə gəlir ki, cəmiyyətdə insan yaşayışı mövcud olduqca, cinayət də olacaq. Təsadüfi deyil ki, hətta dünyanın ən inkişaf etmiş və vətəndaşlarının yüksək həyat şəraitində yaşadığı ölkələrdə də cinayət faktları qeydə alınır.

Bu o anlama gəlir ki, mütləq ideal bir cəmiyyət utopik fikir olduğundan, cinayətsiz cəmiyyətin qurulması da mümkünsüzdür və yalnız cinayətlərlə bağlı statistikalarda dəyişmələr ola bilər. Ancaq bu heç də o demək deyil ki, dövlətləri idarə edən hakimiyyətlər cinayətkarlığın maksimum həddə azaldılmasında maraqlı deyil. Hüquqa əsasən hər bir cinayət əməli öz ictimai təhlükəlilik dərəcəsinə görə cəzalandırılır. Dünyanın ayrılmaz subyekti olan Azərbaycanda da bu belədir.

Bizim istəyimizdən asılı olmayan səbəblərdən ölkədə cinayətlər törədilir və hər bir belə hala məhkəmənin hökmü ilə hüquqi qiymət verilir. Nəticədə qısa və uzun müddət azadlıqdan məhrum edilməsindən asılı olmayaraq, cəzaya məhkum edilmiş hər bir şəxs cəzacəkmə müəssisələrinə yerləşdirilir. Azərbaycanda azadlıqdan məhrum edilmiş və ya azadlığın qismən məhdudlaşdırılmasına məhkum edilmiş şəxslər cəzalarını Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeliyində olan müəssisələrdə çəkməli olur. Azərbaycanda 10 minlərlə məhkumun olduğunu nəzərə alsaq, onda Penitensiar Xidmətin hansı ağır şərtlər çərçivəsində fəaliyyət göstərdiyini bir anlıq təsəvvür edə bilərik. Bəli, cəzaçəkmə müəssisəsində cəza çəkən potensial cinayətkar kontingenti ilə işləmək çox ağır və məsuliyyətli işdir.

Son bir neçə ildir ki, Penitensiar Xidmətin rəisi vəzifəsinə Milli Qəhrəman Mədət Quliyev təyin olunub. Sözügedən sahəyə yaxşı bələd olan adam kimi deyə bilərəm ki, Milli Qəhrəmanın bu vəzifəyə təyinatı ilk öncə cinayətkar aləmin ürəyincə olmadı. Çünki Mədət Quliyev cinayətkar aləmə qarşı barışmaz mövqedə olan imicə malik generallardandır. Dövlətçiliyin yarandığı ilk illərdə Mədət Quliyevin rəhbərliyi ilə mütəşəkkil cinayətkar dəstələrə qarşı aparılan əməliyyatlar onu faktiki olaraq dövlətin dostuna, cinayətkar aləmin isə düşməninə çevirmiş oldu. Bir az əvvəl də qeyd etdik ki, Penitensiar Xidmət olduqca strateji sahə sayılır və hər etibar edilmiş kadr bu quruma rəhbərlik etməkdə “baş çıxara” bilmir. Məhz bu səbəbdəndir ki, Mədət Quliyevdən əvvəl quruma rəhbərlik edən Aydın Qasımov və Nazim Allahverdiyev Penitensiar Xidmətin idarə edilməsində aşkarlanan kobud qanun pozuntularından sonra vəzifələri ilə vidalaşmalı oldular.

Mədət Quliyev nəyi bacardı?

Milli Qəhrəmanın təyinatından sonra baş verənlər və əldə olunan bəzi irəliləyişlər barədə söz açmazdan əvvəl bir fakta diqqəti yönəltmək yerinə düşmüş olar. Son günlər Penitensiar Xidmət və onun rəisi Mədət Quliyev haqqında bəzi mətbuat orqanlarında dərc olunan qeyri-professional yazılardan aydın görünür ki, sözügedən quruma qarşı nə gəldi yazmaqla bəzi adamlar tabe olduqları çevrələrin sifarişlərini icra edir. Məsələni şişirdib bu yazıları Mədət Quliyevi istəməyən vəzifə sahiblərinin sifarişi ilə yazıldığını da iddia etmək olardı. Ancaq dəqiq araşdırmadan sonra məlum olur ki, bu yazılarda sırf cinayətkar aləmin mövqeyi əks olunur. Artıq cinayətkar aləm də inkişaf edib və medianın gücünə bələddir. Sözügedən aləmin “qanunları”na görə, mediadan istifadə təqdir olunmasa da, amma son vaxtlar belə üsullara əl atılır. Biz bunu “Quli”, “Ded Xasan”, “Rövşən Lənkəranski”,”Qoca” adlı kriminal “avtoritet”lərin arasında gedən müharibənin Azərbaycan KİV-lərinə transfer olunduğundan da aydın hiss edirik. Bir-biri ilə barışmaz mövqedə olan hər bir “oğru”ya lobbiçilik xidməti göstərən KİV-lər var və onlar bu xidməti çəkinmədən həyata keçirir.

Əslində, Penitensiar Xidmətdə olan nöqsanları cəmiyyətə şişirdilmiş formada təqdim edən cinayətkar aləm “zon”lara dövlətin nəzarətini zəiflətmək istəyir. Çünki “oğru”lar Azərbaycan “zon”larından külli miqdarda pul qazanırdı ki, Mədət Quliyevin təyinatından sonra həmin nəfəslik onlar üçün tam bağlanıb. Milli Qəhrəmandan əvvəl “zon”ların, demək olar ki, böyük əksəriyyətində açıq və ya gizli formada “polojeniya”lar və “zon”a qara nəzarəti həyata keçirən “avtoritet”lər vardı. Təkcə qumar və narkotiklərin satışından cinayətkar aləm bir “zon”dan ayda 100 minlərlə pul götürürdü. Bu məbləği də Azərbaycanda olan “zon”ların sayına vursaq, onda həmin qazanc milyonları da ötüb keçir. Mədət Quliyev bu pulu cinayətkar aləmin əlindən çıxarıb. Hazırda Azərbaycan “zon”larının heç birində “polojeniya” yoxdur. Hətta ən qara qanunların işlədiyi 1 saylı “zon” da tam olaraq dövlət qanunları ilə idarə olunur.

Mədət Quliyev inandığı rəislərdən biri olan Fikrət Qafarovu 1-ci “zon”a təyin etdi və qarşısına bir vəzifə qoydu: “polojeniya” olmamalıdır! Heç kim inanmasa da, Fikrət Qafarov qoyulan tapşırığın öhdəsindən gələ bildi. 50 ilə yaxın qara qanunlarla idarə olunan “zon”da bu gün “polojeniya” yoxdur.

Penitensiar Xidmətdəki nöqsanlar

Biz bu yazı ilə kimisə müdafiə etmək istəmirik və Mədət Quliyevin rəhbərlik etdiyi qurumda hər bir şeyin ideal olduğunu da demirik. Penitensiar Xidmətdə qüsurlar da var. Heç bunu Mədət Quliyevin özü də inkar etmir. Onu yaxından tanıyan adamlardan biri deyir ki, general rəhbərlik etdiyi sahəyə aid konkret faktlara əsaslanan yazıların mətbuatda dərc olunmasından qətiyyən narahat olmur, əksinə, təqdir edir ki, belə faktlar aşkarlanandan sonra tez ölçü götürə bilir. Penitensiar Xidmətin saytına diqqətlə nəzər yetirdikdə bəlli olur ki, qurum nöqsana yol verən işçiləri ilə bağlı da olduqca sərt qərarlar qəbul edir.

Maraqlıdır ki, son vaxtlar bəzi qəzetlərin Penitensiar Xidməti hədəfə götürdüyü yazılarında ağ yalanlar olsa da, qurum bu ittihamları sükutla qarşılayır. Bu heç də onların əlaqədar qurumlarının və ya Mətbuat Xidmətinin zəif işləməsinə dəlalət edə bilməz. Görünür, rəsmi qurum olduqca vacib işlərini kənara qoyaraq məhkəmlərdə vaxt keçirmək istəmir. Ancaq azad medianın və hər bir jurnalistin borcudur ki, belə açıq yalanlara reaksiya versin. Çünki inanın ki, həbsxanalarımıza “oğru” dünyasının nəzarət etməsi bizə yalnız fəlakətlər vəd edə bilər.

Qəzetlərin böhtanı…

Adını çəkmək istəmədiyimiz qəzetlərdən biri Mədət Quliyevin guya “işgəncə şəbəkəsini” aşağıdakı siyahı ilə təqdim edir:

1.Ərşad Həsənov- 14 saylı Cəzaçəkmə Müəssisəsinin keçmiş rəisi, təqaüddədir

2.Əlzamin Quliyev- 14 saylı CM-də rejim rəisi

3.Rauf Məcidov- DİN Tərtər RPŞ-nin rəisi

4.Seyfəddin Quliyev- DİN Sabirabad RPŞ-nin növbətçi hissə rəisi

5.Səid Seyidov- DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşı, hazırda vəzifəsi və rütbəsi böyüdülərək DİN Kursantlar Məktəbinin rəisi təyin olunub

6.Azər Seyidov- Bakı İstintaq Təcridxanasının rəisi

7.Şahin Osmanov- Qobustan Qapalı həbsxanasının rəisi

8.Samir Hüseynov- 17 saylı CM-nin keçmiş rəisi

9.Aftandil Ağayev- 12 saylı CM-nin rəisi

10.Şakir Bayramov- Gəncə İstintaq Təcridxanasının rəisi.

Görün, bu siyahını verən mətbuat orqanı məsələyə nə qədər diletantcasına yanaşıb. Siyahıdakı 3,4,5-ci adlara fikir verin. Onlar DİN-in əməkdaşları kimi təqdim olunur.

Bu adamlar hələ də elə bilir ki, DİN-lə Penitensiar Xidmət eyni qurumdur. Belə olmasaydı, onlar DİN-in işçilərini Mədət Quliyevə tabe olan şəxslər kimi qeyd etməzdi.

Nemət Pənahlı yalanı

Başqa bir yazıda isə Mədət Quliyevin kadr siyasəti tənqid olunur. Bunu etməyə istənilən mətbuat orqanının tam haqqı var, ancaq böhtanla yox. Yazıda Mədət Quliyevin

“Şüvəlan türməsi” nə təyin etdiyi Elnur adlı rəisdən bəhs olunur və qeyd edilir ki, Elnur “qanuni oğru”lardan biri ilə bacanaqdır. Yazıdan bir sitatı olduğu kimi təqdim edirik”:Rəisin qaynatası məşhur “zon” rəisi olub. Adı açıqlanmayan “oğru” və o vaxt nəzarətçi olan Elnur həmin məşhur türmə rəisinin qızları ilə ailə quraraq bacanaq olublar.

Mənbəmizin bildirdiyinə görə, o vaxt məşhur “zon” rəisi olan (soyadını dəqiqləşdirə bilmədiyimiz) Məmmədin qızı ilə ailə quran və “vor” ilə bacanaq olan hazırda “Şüvəlan türməsi”nin rəisi Elnurdu”.

Mətbu orqan sözügedən “oğru”nun və “zon” rəisinin adını dəqiqləşdirə bilmədiyindən, aydın görünür ki, bu barədə məlumatları səthi olduğundan, yalan informasiyanı dərc edib. Cinayətkar aləmə yaxşı bələd olanlar bilir ki, öz təsdiqini tapmayan, guya “oğru” ilə “zon” rəisi arasındakı qohumluğun olması haqda söhbətlər məhz cinayətkar aləmin uydurması olub. Onlar bununla cinayətkar aləmin hansı qüdrətdə olmasını sübut etmək istəyib. Ancaq bizə bu məsələnin tam təfərrüatı bəllidir. Qəzetin nəzərdə tutduğu rəisin adı heç də onların təqdim etdiyi kimi Məmməd deyil. Barəsində belə yalan şayiənin yayıldığı rəisin adı Məmmədəli Zeynalovdur. Əslən naxçıvanlı olan bu rəis də “oğru” aləminin düşmənlərindən sayılır. Hətta onun deyilən aləmlə münasibətinin gərginliyi o həddə çatıb ki, 90-cı illərdə rəisi olduğu 7-ci “zon” da “oğru Söhbət”lə düşən mübahisə zəminində onun qarnına bir neçə dəfə biz soxublar. Sizcə belə adam “oğru”ya qız verər?

Elnurla qohum olduğu iddia olunan “oğru”nun adı isə “Otar”dır və artıq 10 ildir ki, sağ deyil. Onun Məmmədəli Zeynalovun katibəsinin qızı ilə ailə qurduğu bildirilirdi. Bu baxımdan da Mədət Quliyevin təyin etdiyi rəisin “oğru” ilə bacanaq olması da öz təsdiqini tapmır.

Başqa bir yazıda isə Nemət Pənahlı ilə bağlı yalana yol verilir”:11 saylı CM ilə bağlı daha bir iddia ondan ibarətdir ki, bu “kalon”da idarəetmədəki qüsurlar bir neçə dəfə etirazlara səbəb olub. Məhkumlar 1 ildə 8-10 dəfə etiraz aksiyası keçirib və hər etiraz onların ağır cəzalanması ilə nəticələnib. Belə ki, məhbuslar döyülüb, burada cəza çəkən Nemət Pənahlı isə uzun müddət karsda saxlanıb”.

Xatırladaq ki, Nemət Pənahlı heç vaxt 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməyib. O, 17-ci “zon”dan “Qobustan türməsi”nə göndərilib.

Bir daha xatırladırıq ki, bu yazı ilə kimisə müdafiə etmirik, sadəcə, istəyimiz budur ki, həmkarlarımız yalan-böhtan yazaraq cəmiyyəti çaşdırmasın. Penitensiar Xidmətdə kifayət qədər nöqsan tapıb işıqlandırmaq olar ki, nədənsə bunu etmək istəməyən bəzi qəzetlər cinayətkar aləmin onlara ötürdüyü məlumatlara üstünlük verir…

Məhəmmədəli QƏRİBLİ

“Bakı-Xəbər” qəzeti, 29.09.2013-cü il

Həmçinin oxuyun

Vəzifədən gedən Əli Həsənov: “Ömrümün axırınacan Əliyevçiyəm və Əliyevçi də olaraq qalacağam”

“Ömrümün axırınacan Əliyevçiyəm və Əliyevçi də olaraq qalacağam”. “Report” xəbər verir ki, bunu Baş Nazirin …

Bir cavab yazın