Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Aktual / “VÖEN-lərin icazəsini bir düyməni basmaqla ləğv edirlər”

“VÖEN-lərin icazəsini bir düyməni basmaqla ləğv edirlər”

“Ötən gündən etibarən icaze.e-gov.az sistemi vasitəsilə Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli qərarına uyğun olmayan icazələrin xeyli hissəsi ləğv edilib. İcazələrin tənzimlənməsi NK qərarına əsasən İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. icaze.e-gov.az portalının idarəetməsi isə ASAN -a məxsusdur”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz sosial şəbəkədə paylaşıb. Portalda icazələrin silinməsi məsələsinə toxunan O.Gündüz prosesdə ciddi problemlərin olduğunu vurğulayıb:

“İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin məlumat bazasında olan, əsas fəaliyyət növləri kodlaşdırılan və fəaliyyətinə icazə verilməyən qurumların VÖİN-lərini ASAN-a yönəldir.

ASAN isə icaze.e-gov.az Portalın bazasında olan bu VÖEN-lərin icazələrini bir düyməni basmaqla ləğv edir.

Bu qurumlar, ümumiyyətlə yeni icazə üçün sistemə əlavələr edə bilmirlər.

İcazələrin ləğvi ilə bağlı hər hansı bildiriş verilmir.

İcazələrin ləğvi prosesində qanunvericiliyin tələblərinə əməl olunubmu?

Sosial mediadan əldə etdiyim məlumat onu deməyə əsas verir ki bu prosesdə ciddi problemlər var.

İqtisadiyyat Nazirliyi və ASAN icazələrin ləğvetmə prosesində NK-nın qərarına zidd olaraq qüsurlara yol verir:

1. İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunmuş qurumların icazəsinin ləğvi ilə bağlı bildirişlər verilməyib və nəticədə cərimələr tətbiq edilib.

2. Fəaliyyət kodu üzrə icazənin niyə ləğv olunduğunu aydınlaşdırmaq, yeni icazə müraciətləri üçün çevik və effektiv mexanizmlər nəzərdə tutulmayıb.

3. İN bir neçə fəaliyyət istiqaməti olan qurumların icazəsini müəyyən edərkən birmənalı olaraq fəaliyyətinə icazə verilməyən istiqaməti əsas götürüb və onun icazəsinin ləğvi üçün VÖEN -nini ASAN -a yönləndirib.
Belə olan halda isə qurum qanuni fəaliyyətinə icazə verilən sahə üzrə işlərini davam etdirə bilməyib. İşçiləri cərimələrlə üzləşib.

Uzun illər köhnə -əsas istiqamət üzrə fəaliyyət göstərməyən, yeni fəaliyyət istiqaməti üzrə hətta dövlətin güzəştli kreditlərindən istifadə edərək sahibkarlıq fəaliyyəti quranların da icazələrinin ləğvi onu göstərir ki, dövlət qurumlarının informasiya sistemləri arasındakı inteqrasiya indiyədək də baş tutmayıb.

Bir sıra vacib, strateji əhəmiyyət kəsb edən qurumların da icazələrinin ləğvi onu göstərir ki, prosesin tənzimlənməsində tələskənliyə yol verilir və düzgün qərarların qəbulu üçün zəruri olan informasiyalar yetərli deyil.

4. ASAN və İN arasında icazələrlə bağlı məsələlərin tənzimlənməsi üçün hər hansı işçi qrupun, komissiyanın fəaliyyəti gözə dəymir.

Düşünürəm ki, İN və ASAN icazələrin tənzimlənməsi üçün birgə səylərini gücləndirməlidir.

Fikrimcə, ölkəmizdə xüsusi karantin rejimi müddətində qısa zamanda yaradılan ən faydalı rəqəmsal həllərdən biri olan icaze.e-gov.az portalının imkanları genişləndirilməlidir.

Problemlərin həlli üçün daha effektiv həllər təqdim olunmalıdır. Ən azı bir fəaliyyət istiqaməti üzrə fəaliyyətinə icazə verilən qurumların icazələri ləğv edilməməlidir.

Portalda qurumların mövcud fəaliyyət istiqamətlərinin seçim imkanları yaradılmalıdır.

Dövlət Vergi Xidməti ASAN imza ilə bağlı əlçatımlıq və qiymət məsələsinə yenidən baxmalıdır”.

Həmçinin oxuyun

Nazirlər Kabineti pandemiya ilə bağlı qərarında dəyişiklik etdi

Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət …