Şənbə , Oktyabr 19 2019
Ana səhifə / Aktual / Viza ləğv olundu, Serbiyaya necə gedək? – Tanışlıq

Viza ləğv olundu, Serbiyaya necə gedək? – Tanışlıq

Xəbər verdiyimiz kimi, Serbiya hökumətinin iclasında Azərbaycan vətəndaşlarının bu ölkəyə vizasız səfər edə bilmələri məsələsi də müzakirə olunub və müsbət nəticə alınıb. Belə ki, qərara görə, vətəndaşlarımız 2 iyundan etibarən Serbiyaya vizasız səfər edə biləcəklər.

Azərbaycan vətəndaşları üçün yeni vizasız çıxışın olması sevinclə qarşılanaraq sosial şəbəkələrdə geniş müzakirə olunub.

“Qafqazinfo” bu məqamda Balkanların şəhzadəsi Serbiya, xüsusilə də paytaxtı Belqrad ilə sizi daha yaxından tanış edir:

Serbiya cənub-şərqi Avropada, Balkan yarımadasında yerləşir. Keçmiş Yuqoslaviya federasiyasının altı respublikasından ən böyüyüdür. Ölkə coğrafi mövqeyi və təbii şəraitinə görə turizm baxımından çox əlverişlidir. Ölkənin yerləşdiyi ərazi də diplomatik əlaqələr baxımından azərbaycanlılar üçün xeyli əlverişlidir. Belə ki, ölkənin həmsərhəd olduğu Rumıniya, Makedoniya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro kimi dövlətlərlə Azərbaycan arasında viza rejimi ləğv olunduğundan  Serbiyaya səyahət zamanı uyğun qiymətə bilet tapmaqla həmçinin bir neçə ölkəni də gəzmək olar.

İlk baxışda köhnə və solğun görünən bu ölkə özündə canlı həyatla yanaşı, böyük bir tarixi, rəngarəng həyatları birləşdirir. Dənizə çıxışı olmasa da, şəhər mərkəzindən keçən çaylar, bir-birindən gözəl göllər ölkənin bu “eybi”ni mümkün qədər qapayır.

Belqradda haraları gəzmək olar?

Paytaxt Belqrad gəzib-görməli yerlər baxımından zəngindir. Balkan yarımadasının mərkəzində yerləşən Belqrad köhnə və yeni olmaqla iki hissəyə bölünür. Şəhərin ortasından axan Dunay və Sava çayları bu qədim diyara ayrı bir gözəllik qatır. Gəzginlərin sözlərinə görə, Serbiyaya gedib Belqrad qalasından Sava çayının Dunaya tökülməsini izləməmək günah olar.

Şəhərin ən turistik bölgəsi isə məşhur Belqrad qalasının yerləşdiyi Qala Meydandır. Dunay və Sava çaylarının birləşdiyi bu ərazidə Osmanlı imperiyasının izlərinə çox rast gəlinir. Elə iki türk sözünün (kale, meydan) birləşməsindən ibarət Kalemeqdan qalası da türk fəthlərinin bir izidir. Qalaya giriş tam sərbəstdir. Qalanın yaxınlığında həm də məşhur Kalemeqdan parkı da yerləşir.

Paytaxtda çox sayda muzeylər olsa da, serbiyalı fizik Nikola Teslanın muzeyi turistlərin ən çox maraq göstərdiyi yerdir. Belqradın mərkəzindəki qədim mülkdə yerləşən Tesla muzeyində 1,5 mindən artıq foto, 160 min orijinal sənəd, minlərlə kitab, texniki planlar, çertyoj və modellər qorunur.

Dünyanın ən böyük Ortodoks kilsəsi olan Sava Katedrali, Roma və Osmanlı imperiyalarının əsas daş çıxardıqları ocaqlardan olan Daş Meydan, Kralja Aleksandra Bulvarı, diqqətçəkən memarlıq nümunəsi St. Marks Kilsəsi şəhərin əsas gəzməli yerlərindəndir.

Onlarla mağaza, kafe və restoranları özündə birləşdirən və yalnız piyadaların istifadə etdiyi Knyaz Mihailova küçəsində Belqradın ruhunu hiss etmək mümkündür. Bundan başqa, turist axınına məruz qalan başqa bir canlı məkan isə Skadarlija ərazisidir. Bohem ab-havası olan bu küçələr şəhərin intellektual və incəsənət dolu dünyasından xəbər verir.
Orta əsrlər tarixində adını tez-tez eşitməyə öyrəşdiyimiz Kosova ölkəsi də birtərəfli müstəqilliyini elan etsə də, hələ də Serbiyanın tərkibində muxtar vilayət olaraq qalır. Küçələri, şəhərləri nə qədər tarix qoxsa da, bu ölkə həm də gecə həyatı ilə məşhurdur. Odur ki, səfər zamanı bu qədim müstəmləkəyə də baş çəkməmiş dönmək olmaz.

Serbiyada nə yemək olar?

Şəhər mərkəzlərində olan yüzlərlə restoranlar sizə uyğun qiymətə serb mətbəxini təklif edəcək. Ölkənin tarixindəki türk izlərini elə mətbəxində də tapmaq olar. Buna misal kimi, türklərin köftəsini xatırladan, mal və ya donuz ətindən hazırlanan Pljeskavica və ya ispanaq, göbələk, ət və müxtəlif pendirlərdən hazırlanan Bureki misal göstərmək olar. Karadordeva Snikla, Urbenes və bir çox yemək, məzələr serb mətbəxinin ayrılmz bir hissəsidir.

Harada və neçəyə qalmaq olar?

Serbiya həm də səyahət üçün qiymət baxımından uyğun ölkələr siyahısında yer alır. Ölkəmizdən oraya getmək üçün bilet qiymətləri elə də ucuz olmasa da, ölkədə yaşayış şərtləri üzləri güldürür.

Ölkəyə səyahət edən iki nəfər üçün günlük xərc 50-80 dollar arasında dəyişir. Burada küçədə kotlet və ya ayaqüstü bir şeylər yemək 2 dollardan baha deyil. Restoranda isə nahar 8-10 dollara başa gəlir.
Şəhərdə bir gecəsi 18 dollara üç ulduzlu oteldə təmiz iki nəfərlik otaq tapmaq mümkündür. Büdcəyə uyğun ev və otellərin ortalama qiyməti isə iki nəfər üçün 16-50 dollar arsında dəyişir.

Ölkələr arası aviabilet qiymətləri

Hazırda nə Azərbaycan, nə də ki Serbiya Hava Yolları ölkələr arasında uçuş təşkil edir. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat katibi Paşa Kəsəmənskinin sözlərinə görə, hazırda hər iki ölkədə faktiki olaraq reyslər yoxdur:

“Hələ ki, sadəcə saziş imzalanıb və bu sazişə əsasən biz gələcəkdə uçuşlar təşkil edə bilərik.  Danışıqlar gedir. Bu saziş ilk addımdır. Daha sonra aviaşirkətlərin marağı varsa, başlayırıq uzunmüddətli danışıqlara, bunun üçün xeyli vaxt tələb olunur. Qısa zamanda həll olunmur”.

Bəs viza rejimi ləğv olunduqdan sonra Serbiyaya getmək istəyən vətəndaşlarımız nə etməlidir?

Dediyimiz kimi, ölkələrarası birbaşa uçuş olmasa da, Bakıdan İstanbula, İstanbuldan isə Belqrada uçuşlar təşkil olunur. Bu vasitə ilə gediş-dönüş 523 dollara başa gəlir.

Türk hava yolları ilə Tiflis-İstanbul-Belqrad uçuşu isə 328 dollara təklif olunur.

Tur şirkətlərini kiçik bir araşdırma apardığımıza zaman məlum oldu ki, birbaşa uçuşların olmaması və yaxud indiyə kimi viza rejiminin tətbiq olunması səbəbindən tur təşkili üçün Serbiya elə də arzuolunan dövlətlər siyahısında olmayıb. Hətta Balkan turlarında belə Serbiyanın adına elə də rast gələ bilmirik.

Uzun sürən axtarışlarımızdan sonra, nəhayət, bir tur şirkəti qiymətləri açıqladı. İkinəfərlik səyahətdə adambaşı qiymət 680 avrodan başlayır. Paketə 7 gecə, 8 gün, eyni zamanda iki və ya üç ulduzlu otel, “gediş-gəliş” biletinin qiyməti daxildir.

Həmçinin oxuyun

Rafael Cəbrayılovun bu binaları söküləcək – Fotolar

Bir müddət öncə borc alıb qaytarmadığına görə qalmaqalla gündəmə gələn və mandatından istefa verən keçmiş …