Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Virusdan sonrakı düzən: – “Vəziyyət köklü şəkildə dəyişəcək”

Virusdan sonrakı düzən: – “Vəziyyət köklü şəkildə dəyişəcək”

Dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Azərbaycan da epidemiyanın yayılmasına qarşı tədbirləri gücləndirib.

Siyasi həyatda gedən proseslər, o cümlədən pandemiya ilə bağlı aparılan işlər, dünyada baş verən iqtisadi-siyasi proseslər cəmiyyətin diqqət mərkəzindədir.

Mövzu ilə əlaqədar müsahibimiz Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevdir.

-Əli bəy, bu ay iki müxalif siyasi partiya dövlət qeydiyyatına alındı. Necə bilirsiniz, buna “buz sındı” demək olar? Yəni iqtidar-müxalifət münasibətlərində yeni dönəm başlanacaq?

-Azərbaycanda heç bir “buz” sınmayıb. Koronavirus pandemiyası dövründə karantin şəraitində partiya sədrləri müvafiq qurumlar tərəfindən ərzaq dükanlarındakı, apteklərdəki satıcı, xadimə qədər qiymətləndirilmədi. Real addımlar olmalıdır.

-Siyasi həyata ötən illərin qaynarlığı, dinamikliyi qayıda bilərmi?

-Təəssüf edirəm ki, o qaynarlıqda bir təhriflik var idi. İndi Azərbaycanda siyasi fəaliyyət oyanır və bunun da bir neçə səbəbi var. İlk növbədə, bu, texniki təchizat, telekommunikasiya imkanlarının genişlənməsi, internet televiziyalarının, sosial şəbəkələrin, onlayn mətbuatın meydana gəlməsidir. İnsanların şüuru üzərindəki monopoliya artıq bitib. İnformasiya məkanını nəzarətdə saxlamaq olmur. Cəmiyyət də təcriddən oyanır. Hələlik o illərin qaynar fazasına keçid yoxdur.

-Sizə elə gəlmirmi ki, indi partiyalara bölünməkdənsə, konsolidasiyaya, bloklaşmaya ehtiyac var…

-Onu proses göstərə bilər. Azərbaycanda siyasi mühitin yumşalmasına ehtiyac var. Siyasi mühitin yumşalması qarşılıqlı güzəştlərdən keçir. Partiyaların inkişafının ən yaxşı məkanı parlamentdə təmsil olunmaqdır.

-Proporsional sistemin bərpası təklif edilir. Siz də bununla bağlı təklif vermişdiniz. Tutaq ki, bir müddət sonra bu sistem bərpa olundu. Siyasi partiyaların sosial bazası, dayanıqlı maddi qaynağı yoxdursa, nə dəyişəcək?

-Hesab edirəm ki, proporsianal seçki sisteminin bərpası zəruridir. Amma bu, qısa müddətdə ola bilməz. Çünki bərpası üçün referendum keçirilməlidir. Normal partiyaların inkişafı dövlət dəstəyindən keçir. Bu, şəffaf şəkildə aparılmalı və cəmiyyətin də bundan məlumatı olmalıdır.

-Pandemiyanın dünyanı bütünlüklə dəyişəcəyi deyilir. Siyasətdə nə dəyişəcək?

-Bu haqda hələ nəsə demək tezdir. Çünki dünyanın mənzərəsi dəyişib. Neft qiymətləri tarixdə ilk dəfə mənfiyə düşdü. Bu, dünyada bir ilk idi. Azərbaycan nefti büdcədə 55 dollara nəzərdə tutulmuşdu, amma 15 dollara – 4 dəfə ucuz qiymətə satılıb. Daha da aşağı düşmə ehtimalı var. Cəmiyyətdə “siyasi dəngələr” də dəyişəcək. Siyasi dəngənin dəyişməsi isə ölkədəki siyasi proseslərə təsir göstərəcək. Ola bilər ki, həlledici təsir göstərsin. Artıq Rusiyadan imperiyanın bərpası ilə bağlı bəyanatlar səslənir. Dünyada bir sıra dəyişikliklər baş verir. Hesab edirəm ki, pandemiyadan sonra vəziyyət köklü şəkildə dəyişmiş olacaq.

-Sizcə, qlobal siyasətdə yeni dövrün supergücləri kim olacaq?

-Supergüclər yerində qalacaq. Dövlətləri supergüc etmək üçün müəyyən infrastruktur məsələsi var. İqtisadiyyatın gücü, demokratiyanın səviyyəsi, hərbi, diplomatik güc məsələləri var ki, onlar qısa zamanda dəyişə bilməz.

-İxtisasca həkimsiniz. Pandemiya səhiyyənin hər bir ölkə üçün necə prioritet sahə olduğunu göstərdi. Səhiyyənin inkişafı ilə bağlı hansı təklifləriniz var? Belə bir fikir var ki, Tibb Universitetində təhsil tamamilə pulsuz olmalı, test imtahanlarında ən çox bal toplayanlar ən nüfuzlu fakültələrdə oxumalıdır.

-Onsuz da elədir. Azərbaycanda qəbul sistemi elə formalaşıb ki, universitetə daha çox bal yığanlar daxil olur. Qaldı pulsuz təhsilə, dövlət təhsil müəssisələrində təhsil pulsuz olmalıdır. Təhsil sistemində xeyli yeniliklər, dəyişikliklər olmalıdır. Çünki təhsil sistemində çox boşluqlar var. Məsələn, dünya üzrə məşhur universitetlərin büdcəsi Azərbaycanın dövlət büdcəsindən çoxdur. Ümumiyyətlə, təkcə Tibb Universitetində deyil, bütün dövlət universitetlərində təhsil pulsuz olmalıdır. Azərbaycan vətəndaşları təhsilə görə pul ödəməməlidir. Azərbaycanda fundamental elmlər olmasa da, tədqiqat işləri güclənməlidir. Yaxşı mütəxəssislərin hazırlanması, onların işlə təmin olunması və ümumiyyətlə idarəçilik fəlsəfəsində dəyişiklər edilməlidir. Təsəvvür edin ki, 2018-ci ildə Azərbaycan Tibb Universitetini bitirmiş 110 tələbə Almaniyada rezidentura imtahanını verərək daxil olub. Bu, Azərbaycan tələbəsinin yüksək intellektinin və savadının bariz göstəricisidir. Amma söhbət ondan gedir ki, niyə azərbaycanlı tələbələr gedib başqa dövlətin səhiyyə elminin, sisteminin inkişafında iştirak etmək üçün yol axtarırlar, Azərbaycanda işləməyə ürək etmirlər? Bu suallara cavab tapmaq lazımdır.

Səhiyyənin inkişafına gəlincə, pandemiya ilə bağlı dünya səhiyyəsində yaranan boşluqları normal hesab edirəm. Çünki heç kimin ağlına gələ bilməzdi ki, bu, nə virusdur, nə zaman ortaya çıxacaq, törətdiyi fəsadlara hansı texniki təchizat, mütəxəssislər lazım olacaq? Normalda Azərbaycana 15-20 virusoloq kifayət edirsə, belə şəraitdə onların sayı dəfələrlə çox olmalıdır. Belə fors-major hallar olur. Amma ümumi səhiyyə sistemində də dəyişiklər edilməlidir.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …