Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / Vasif Talıbov:  “Yerlərdə nöqsanlara yol verilir, göstərilən xidmətlərin səviyyəsi aşağı düşür”

Vasif Talıbov:  “Yerlərdə nöqsanlara yol verilir, göstərilən xidmətlərin səviyyəsi aşağı düşür”

Naxçıvan Muxtar Respublikası Ali Məclisində əkinəyararlı torpaqlardan istifadənin və əhaliyə göstərilən xidmətlərin vəziyyəti barədə müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafının stimullaşdırılması məqsədilə imzaladığı fərmanın əkinçiliyin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Ali Məclis sədri deyib ki, bu fərman meliorasiya və irriqasiya sahəsində həyata keçirilən tədbirlər, müasir hidrotexniki qurğuların istifadəyə verilməsi yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına və əkinəyararlı torpaqlardan səmərəli istifadəyə geniş imkanlar açıbdır:

“Əkinəyararlı torpaq sahələrindən istifadənin təmin olunması üçün hər il müşavirələr keçirilir, aid orqanlar qarşısında konkret vəzifələr qoyulur. Torpaq mülkiyyətçilərinin marağını artırmaq məqsədilə dövlət tərəfindən müxtəlif stimullaşdırıcı tədbirlər görülür. Yeni suvarma kanalları və nasos stansiyaları istifadəyə verilir, əkin sahələrinin su ilə təminatı yaxşılaşdırılır. Bu tədbirlərin həyata keçirilməsində məqsəd muxtar respublika əhalisinin rifah halını daha da yaxşılaşdırmaqdan ibarətdir. Lakin bəzi yerli və mərkəzi icra hakimiyyəti orqanlarının öz üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələ bilməməsinin nəticəsidir ki, yerlərdə nöqsanlara yol verilir, göstərilən xidmətlərin səviyyəsi aşağı düşür. Əkinəyararlı torpaq sahələri tam həcmdə əkin dövriyyəsinə cəlb olunmur”.

Daha sonra nöqsanların aradan qaldırılması üçün Ali Məclisin sədri aid təşkilatlara konkret tapşırıqlar verib. Bildirilib ki, hər bir müəssisə və təşkilatda görülən işin keyfiyyəti, ilk növbədə, nizam-intizamın səviyyəsindən asılıdır:

“İstər şəhər və rayon, istərsə də mərkəzi icra hakimiyyəti orqanları tabeliklərində olan yerli strukturların fəaliyyətinə nəzarəti artırmalı, əmək intizamının gücləndirilməsini, iş vaxtından səmərəli istifadə edilməsini, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etməlidirlər. Dövlət müəssisə və təşkilatlarında kargüzarlıq qanunvericiliyə uyğun aparılmalıdır. Mərkəzi və yerli icra hakimiyyəti orqanları göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması, elektron müraciətlərə vaxtında cavab verilməsi və onların qeydiyyatının aparılması üçün təsirli tədbirlər həyata keçirməlidirlər”.

Müşavirədə qeyd olunub ki, Səhiyyə Nazirliyi tabeliyində olan bütün səhiyyə-sağlamlıq ocaqlarında sanitar-gigiyenik tələblərə əməl olunmasını diqqət mərkəzində saxlamalı, əmək intizamının gücləndirilməsi üçün tədbirlər görməlidir. Həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin vaxtında dərman preparatları ilə təchiz olunması, ixtisaslı kadrların seçilib yerləşdirilməsi təmin edilməli, xəstəxanalarda quraşdırılan tibbi avadanlıqların qorunması ilə yanaşı, onlardan səmərəli istifadəyə nəzarət gücləndirilməlidir. Rayon mərkəzi xəstəxanaları qəsəbə və kəndlərdəki tibb müəssisələrinin fəaliyyəti üçün cavabdeh olmalıdır. Mədəniyyət və Turizm Nazirliyi yerli qurumlara nəzarəti artırmalıdır. İlk növbədə, mədəniyyət müəssisələrində əmək intizamı gücləndirilməli, iş və tədbirlər planlarının vaxtında tərtib edilməsinə və icrasına nəzarət artırılmalıdır. Mədəni-kütləvi tədbirlərin keçirilməsinə, əlamətdar günlərdə mədəniyyət kollektivlərinin çıxışlarının təşkilinə diqqət yetirilməli, kitabxanalarda oxucu günləri, yaradıcı ziyalılarla görüşlər keçirilməli, yaradılmış zəngin kitabxana resurslarından geniş oxucu kütləsinin istifadəsinə nail olunmalı, kənd və qəsəbələrdə əhaliyə göstərilən mədəni xidmətin səviyyəsi yüksəldilməlidir.

Elektrik enerjisi və təbii qaz təchizatında fasiləsizliyin təmin edilməsi barədə tapşırıqlar verən Ali Məclisin sədri deyib ki, Dövlət Energetika Agentliyi və “Naxçıvanqaz” İstehsalat Birliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə nəzarət tədbirlərini gücləndirməli, vaxtaşırı reydlər keçirərək aşkar olunan nöqsanları aradan qaldırmalıdırlar.

Müşavirədə digər orqanlar üçün də konkret tapşırıqlar müəyyənləşdirilib və qeyd olunub ki, Rabitə və Yeni Texnologiyalar Nazirliyi ümumtəhsil müəssisələrində internet əlaqəsinin fasiləsizliyi üçün Təhsil Nazirliyi ilə birlikdə müvafiq işlər görməlidir. Yerli icra hakimiyyəti orqanları yerlərdə məişət tullantılarının vaxtında yığışdırılmasını təşkil etməli, müəyyən olunmuş ərazilərdən kənara tullantı atılmasının qarşısı alınmalıdır. Maliyyə Nazirliyi dövlət təşkilatlarında sıradan çıxmış inventarların, səhiyyə müəssisələrində tibbi avadanlıqların, həmçinin təhsil müəssisələrindəki elektron lövhələrin təmiri və ya yenilənməsi, dərman preparatlarının tibb müəssisələrinə verilməsi üçün dövlət büdcəsindən vəsaitin vaxtında ayrılmasına və ondan təyinatı üzrə istifadə olunmasına nəzarəti daha da gücləndirməlidir.

Müşavirədə bildirilib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti aparılan yerin relyefi ətraflı öyrənilməli, tikinti layihələri ciddi şəkildə təhlil olunmalı, tikinti zamanı keyfiyyətli materiallardan istifadəyə nəzarət artırılmalıdır. Qeyd olunan nöqsanların aradan qaldırılması üçün görülən işlərin operativliyi artırılmalıdır. Həmçinin aid mərkəzi və yerli icra hakimiyyəti orqanları yeni tikililərin qorunmasını daim diqqət mərkəzində saxlamalıdırlar. Mərkəzi icra hakimiyyəti orqanları yerli qurumlarının fəaliyyətinə nəzarəti daha da artırmalı, binaların, əmlakın qorunması və səmərəli istifadə olunmasını diqqətdə saxlamalı, vaxtaşırı yerli qurumlarda olmalıdırlar.

Bundan əlavə, müşavirədə bildirilib ki, bank və kredit təşkilatları kənd təsərrüfatına ayrılan kreditlərin həcmini artırmalı, əkin üçün kreditlərin verilməsində operativliyi təmin etməlidirlər. Kənd Təsərrüfatı Nazirliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə əkin üçün yararlı torpaq sahələrinin səmərəli istifadə edilməsinə diqqəti artırmalı, tərtib edilmiş əkin atlaslarına uyğun əkin aparılması üçün torpaq sahiblərini mütəmadi olaraq məlumatlandırmalı, əkilməyən torpaq sahələrini müəyyənləşdirib əkin dövriyyəsinə cəlb edilməsi üçün tədbirlər görməlidir. İstifadəsiz qalmış torpaqların sahibləri ilə maarifləndirici söhbətlər aparılmalı, pay torpaqlarının könülllü birləşdirilməsi əsasında birgə təsərrüfatların yaradılmasına dəstək göstərilməlidir. Kənd Təsərrüfatı Nazirliyi “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə torpaq mülkiyyətçilərinin əkin materialları, keyfiyyətli və məhsuldar toxum sortları ilə təmin edilməsi üçün zəruri tədbirlər görməli, təsərrüfatların kənd təsərrüfatı texnikası və mineral gübrələrlə təminatının yaxşılaşdırılmasına nail olmalıdırlar(AzerTac).

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …

Bir cavab yazın