Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Aktual / Vaksinasiya ilə bağlı iddialara rəsmi cavab

Vaksinasiya ilə bağlı iddialara rəsmi cavab

“Yoluxucu xəstəliklərlə mübarizədə ən effektiv üsul vaksinasiyadır. Bu, bütün dünyada elmi cəhətdən təsdiq olunmuş profilaktika üsuludur və təbabətin ən böyük nailiyyətlərindən biri hesab olunur. COVID-19-la mübarizədə də vaksinasiyanın ən vacib profilaktika üsulu olduğu artıq bütün dünyada sübut olunub və bunun bəzi “ekspertlər” tərəfindən şübhə altına alınması təəccüb doğurur”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov son zamanlar sosial şəbəkələrdə vaksinasiyanın koronavirusla mübarizədə effektsiz olması ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib. 

O qeyd edib ki, bu gün bütün dünya ölkələri vaksin tədarükü ilə məşğuldur ki, əhalinin sağlamlığını təmin edə bilsinlər: “Təəssüflə qeyd etmək istərdim ki, hazırda bütün ölkələrin peyvəndlərə əlçatanlığı bərabər deyil və bəzi ölkələr hələ də kifayət qədər vaksinlə təmin olunmayıb. Məlum olduğu kimi, Azərbaycanda COVID-19-a qarşı vaksinasiya kampaniyasına 18 yanvar 2021-ci il tarixində start verilib və Azərbaycan regionda vaksinasiya tədbirlərinə ən tez başlayan ölkələrdəndir”. 

Nazir müavinin sözlərinə görə, ölkə başçısı İlham Əliyevin beynəlxalq arenadakı şəxsi nüfuzu sayəsində müxtəlif vaksin istehsalçılarından kifayət qədər vaksin preparatları alınaraq ölkədə vaksin ehtiyatı yaradılıb. Bu günə kimi Azərbaycanda 5,5 milyondan artıq vaksin dozası istifadə olunub:

“Sosial şəbəkələrdə çıxış edən “ekspertlər” vaksinlərin saxlanma şəraiti ilə bağlı məsələyə toxunur. Həqiqətən, peyvənd istehsalçılarının təlimatına görə peyvəndlərin düzgün qaydada saxlanılması onların keyfiyyətinin itirilməməsi və lazımi effekti əldə etmək baxımından çox vacibdir. Qeyd etməliyik ki, ölkəmizdə irimiqyaslı peyvənd kampaniyasının aparılması məqsədilə qabaqcadan hazırlıq işləri görülüb. Digər vaksinlərin saxlanılması üçün +2-8°C temperatur şəraiti tələb olunduğu halda, “Pfizer” vaksininin saxlanılması üçün bu şərt -70°C-dir. Ölkəmizdə pandemiyadan əvvəlki dövrdə bu kimi şəraitdə saxlanılması tələb olunan vaksinlərdən istifadə edilməyib. Bu səbəbdən “Pfizer” vaksininin ölkəyə gətirilməsindən əvvəl Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi üçün 10 ədəd dərin dondurucu alınaraq quraşdırılıb. Beləliklə, bu gün ölkədə istifadə olunan bütün vaksinlərin (CoronaVac, AstraZeneca, Sputnik V və Pfizer) istehsalçının təlimatına uyğun şəkildə saxlanılması üçün tam şərait yaradılıb”.

V. Qasımov bildirib ki, vaksin preparatları müvafiq şəraitdə saxlanılmasaydı, vaksinasiyadan sonra ağırlaşmalar, fəsadlar baş verməli idi: “Lakin kampaniyanın ilk günündən bu günə qədər bir hadisə də olsun, kəskin reaksiya və ya ağırlaşma qeydə alınmayıb. Çox nadir hallarda inyeksiya yerində ağrı və ya vaksinasiyadan sonrakı 1-2 gün ərzində müəyyən halsızlıq kimi yüngül reaksiyalar qeyd edilir ki, bu da istənilən vaksinə qarşı baş verə biləcək təbii haldır və insan orqanizmində vaksinasiyaya qarşı yaranan immun cavabdır.

Hesab edirəm ki, bu gün ölkədə uğurla davam etdirilən peyvənd kampaniyasına qarşı belə qeyri-peşəkar fikirlər səsləndirmək məqsədəuyğun deyil. Fürsətdən istifadə edərək, COVID-19 xəstəliyinə tezliklə qalib gəlmək və vətəndaşlarımızın sağlamlığını qorumaq məqsədilə əhalini peyvənd kampaniyasında daha fəal iştirak etməyə dəvət edirəm”.

Xatırladaq ki, Ümid partiyasının sədri İqbal Ağazadə vaksinasiyanın koronavirusla mübarizədə effektiv olmasına inanmadığını demişdi: “Vaksinasiyadan sonra baş verən proseslər onu deməyə əsas verir ki, bu, COVID-dən qorumur. Kifayət qədər ölənlər var. Həmçinin başqa məlumatlar var ki, vaksinin 6 aydan sonra başqa şəkildə təsirləri ola bilər”.

O həmçinin “Pfizer” vaksininin saxlanma şəraitinə də toxunub və bildirib ki, bu vaksin -70 dərəcəli blokda saxlanılmalıdır. Siyasətçi həmin vaksinlərin ölkədə lazımi temperaturda saxlanmadığını iddia edib və tələb edib ki, əgər saxlanılırsa, həmin blok əhaliyə nümayiş olunsun.

Bundan sonra Səhiyyə Nazirliyi vaksinlərin saxlandığı blokların fotoşəkillərini nümayiş etdirib:

Həmçinin oxuyun

“Atan, anan ölsə, yetim qalsan, necə yaşayarsan?” – Bakı Avropa Liseyində BİABIRÇILIQ

Son günlər sosial mediada ən çox müzakirə olunan məsələlərdən biri də Bakı Avropa Liseyinin 5 …