Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Aktual / Vaksin vurdurmayanların evdən çıxmasına qadağa qoyulacaq? – AÇIQLAMA

Vaksin vurdurmayanların evdən çıxmasına qadağa qoyulacaq? – AÇIQLAMA

“Yeni növ koronavirus əleyhinə peyvənd vurdurmayanları evdə dustaq saxlamaq doğru yanaşma deyil. Bu cəza yalnız cinayətkarlar üçün tətbiq edilə bilər. Bu cür sərt yanaşmanın əleyhinəyəm. Sentyabrın 1-dən ictimai iaşə obyektlərinə, iri ticarət mərkəzlərinə giriş yalnız COVID pasportu ilə olacağı üçün vətəndaşların əksəriyyəti peyvənd vurdurmalıdırlar. Vətəndaşlar məsələyə məsuliyyətlə yanaşmalı və bilməlidirlər ki, peyvənd olunmaq onların həm özlərini, həm də yaxınlarını koronavirus bəlasından qoruyacaq”.

Bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Millət vəkili bildirib ki, yoluxma sayının sürətlə artmasının məsuliyyəti həm vaksin vurdurmayanların, xüsusilə peyvəndlənmədiyi halda saxta vaksin sertifikatı alanların üzərinə düşür: “Ölkədə COVID-19 əleyhinə vaksinasiyaya başlanılan vaxtda Milli Məclisin deputatları örnək oldular. İlk peyvənd vurduranların bir qrupu da məhz parlament üzvləri idi. Həmişə olduğu kimi yenə də dezinformasiya yayanlar var, onlar qeyd edirlər ki, guya vaksin ölümə səbəb olacaq, fəsadları ağırdır və s. Hazırda isə peyvəndləmə məsələsində ən ciddi problem bəzi ölkələrin lazım olduğundan çox peyvənd almasıdır. Məsələn, İsrail və Kanada kimi dövlətləri buna misal göstərmək olar. Bəzi kasıb dövlətlərin isə vaksin tədarükünə çıxışı yoxdur. Bu, nəzakətsiz davranışdır. Azərbaycanda isə bu problemlərin heç biri yoxdur. Ölkədə lazım olan qədər peyvənd ehtiyatı var, hər bir şərait yaradılıb, amma vətəndaşlar prosesə maraqlı deyillər. Hətta bəzən qəribə mövqe ortaya qoyurlar. Xatırlayıram ki, ölkədə yolların çəkilişi və qazlaşdırma prosesi zamanı da bəzi vətəndaşlar absurd mövqe sərgiləyərək qeyd edirlər ki, yollar düzələndə hər kəs avtomobili sürətlə idarə edəcək və qəzaların sayı artacaq və yaxud da qaz partlayacaq və ailənin məhvinə səbəb olacaq və s. İndi də vaksinasiyaya qarşı münasibətdə bunun şahidi oluruq. Mən birmənalı olaraq düşünürəm ki, vətəndaşlar COVID-19 əleyhinə peyvəndləmə prosesində aktiv iştirak etməlidirlər. Həm özlərini, həm də yaxınlarını koronavirusdan qorumaq üçün bu ən optimal çıxış yoludur”.

Həmçinin oxuyun

“Atan, anan ölsə, yetim qalsan, necə yaşayarsan?” – Bakı Avropa Liseyində BİABIRÇILIQ

Son günlər sosial mediada ən çox müzakirə olunan məsələlərdən biri də Bakı Avropa Liseyinin 5 …