Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Vahid Əhmədov: “Hökumət problemli kreditlərlə bağlı çıxış yolu axtarır”

Vahid Əhmədov: “Hökumət problemli kreditlərlə bağlı çıxış yolu axtarır”

“Vaxtı keçmiş problemli kreditlərin miqdarı günbəgün artır və dövlət, hökumət bu məsələdən çıxış yolunu axtarır”.

Bunu “Sherg.az”a kredit borclarını ödəməkdən yayınan şəxslərin cəzasının dəyişdirilməsindən danışarkən iqtisadçı – deputat Vahid Əhmədov deyib.

O bildirib ki, məsələ ilə əlaqədar həmkarı Əli Mənsimli ilə birgə hökumətə təkliflər veriblər: “Həm hökumət, həm Mərkəzi Bank, kommersiya bankları, həm də əhali üçün sxem verilmişdi. Lakin bu, qəbul edilmədi. İndi problemli kreditlərin miqdarı həddindən artıq çoxalıb. Bu maliyyə bazar üçün qorxulu olduğundan hökumət bunu həll etməlidir.

Cəzaların yüngülləşməsi müsbət haldır, lakin kreditlərin ödənilməsinə gətirib çıxarmayacaq. İlk olaraq, həmin kreditləri restrukturizasiya etmək lazımdır. Baxmaq lazımdır ki, bu kreditləri ödəməli olanlar hüquqi, yoxsa fiziki şəxslərdir. Kreditləri qaytarmaq imkanlarından asılı olaraq borclular bölünməlidir. Elə kreditlər var ki, onları silmək lazımdır. Hər kredit alana ayrıca yanaşmaq gərəkir. Məsələ çox ciddidir.

Maliyyə Bazarlarına Nəzarət Palatası problemləri həll etməlidir. Çünki ilbəil maliyyə bazarlarına bunun mənfi təsirləri olacaq. Hazırda bizim əsas məqsədimiz bank sistemini sağlamlaşdırmaqdır. Son illərdə faktiki olaraq vacib infrastruktur layihələri həyata keçirildi, sahibkarlığa dəstək üçün külli miqdarda kreditlər verildi və s. Artıq banklar əhali və sahibkarlarla işləməlidir. Bank işləməsə, çox çətin olacaq. Ona görə, öncəlik bankların sağlamlaşdırılması olmalıdır”.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 196-cı (Kreditor borclarını ödəməkdən qəsdən yayınma) maddəsinə dəyişiklik edilir.

Layihəyə əsasən, məhkəmənin qüvvəyə minmiş müvafiq qərarına əsasən təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli miqdarda ziyan vurduqda, müvafiq cərimələrlə birlikdə tətbiq olunan iki ilədək azadlıqdan məhrum etmə cəzası iki ilədək azadlığın məhdudlaşdırılıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …