Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / VƏLİ NAĞIYEVİN YENİ VƏZİFƏYƏ TƏYİNATININ SİRRİ... –  Azinforum.az-ın 3 ay əvvəl yazdıqları  təsdiqini tapdı

VƏLİ NAĞIYEVİN YENİ VƏZİFƏYƏ TƏYİNATININ SİRRİ... –  Azinforum.az-ın 3 ay əvvəl yazdıqları  təsdiqini tapdı

Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifəsinə təyinat olub.

 Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Vəli Nağıyev Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini təyin edilib.

Qeyd edək ki, 2011-ci il martın 3-dən 2014-cü il fevralın 11-dək Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Prezident Administrasiyasını rəhbəri Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev olub.

Timur Mehdiyev Azərbaycan prezidenti İlham Əliyevin 5 may 2014-cü il tarixli sərəncamı ilə fövqəladə hallar nazirinin müavini təyin edilib və general-mayor ali hərbi rütbəsi verilib. Ötən dövr ərzində Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifəsinə təyinat olmamışdı.

Xatırladaq ki, yeni birinci müavin – Vəli Nağıyev Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, general-mayor Əli Nağıyevin qardaşıdır.

Azinforum.az xəbər verir ki, Vəli Nağıyevin sözügedən quruma təyinat alması bu günün söhbəti deyil. Hələ üç ay əvvəl Azinforum.az  Vəli Nağıyevin Dövlət Miqrasiya Xidmətinə təyinat aldığı barədə  yazmışdı. Həmin yazı ilə bu link vasitəsilə tanış ola bilərsiniz:

(https://www.azinforum.az/taninmis-is-adamina-dovl%C9%99t-miqrasiya-xidm%C9%99tin%C9%99-v%C9%99zif%C9%99-verildi/)

Bizim xəbərdə  qeyd edilirdi ki, Vəli Nağıyev  Baş İdarə rəisi vəzifəsinə təyin edilsə də, onun birinci müavinin otağında oturduğu söylənilir. Amma maraqlıdır ki,  əldə etdiyimiz dəqiq informasiya ilə bağlı etdiyimiz sorğuya qurumdan: nə təsdiq, nə də təkzib reaksiyası verilmədi. Yəni Vəli Nağıyevin Dövlət Miqrasiya Xidmətinə təyinatı ilə bağlı uzun müddət ictimaiyyətə heç bir məlumat verilmədi.

Görünən budur ki, Vəli Nağıyevin birdən-birə qurumun birinci müavin vəzifəsinə təyinatına hansısa mühüm amil maneə olurmuş. Amma onun məhz boş olan birinci müavinin otağında məkan salması iddiaların böyüklüyü və gələcək planlardan  xəbər verirdi. Qeyd edək ki, tanınmış nəslin nümayəndələri olan nağıyevlərin hakimiyyətin daxilndəki  güclü klana aid olduqları bildirilir. Onların Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Eyyubovla da olduqca yaxın münasibətə malik olduğu söylənilir. Amma heç kimə sirr deyil ki,  ləğv edilmiş MTN-in  sabiq rəhbəri Eldar Mahmudovla nağıyevlərin münasibəti antoqonist olub. MTN rəhbərliyinin  biabırçı əməllərinə görə ifşa olunması həm də nağıyevlərin böyük qələbəsi sayılır. Hətta nağıyevlərin ağsaqqalı sayılan Əli Nağıyevin  adı Eldar Mahmudovun yerinə təyinat ala biləcək ən potensial namizəd kimi nəzərdən keçirilirdi. Deyilən versiyanın reallaşmaması bəzi söhbətlərə yol açsa da, Prezidentin bu təyinatı nağıyevlərə dövlət rəhbərliyinin hələ də böyük etimadının olmasının göstəricisi sayıla bilər.

Hazırda böyük bir dövlət postuna təyinat alan Vəli Nağıyev kimdir?

Azinforum.az xəbər verir ki, əslən Naxçıvandan olan Vəli Nağıyev uzun müddət MTN-də xidmət edib, təcrübəli zabitlərdən sayılır. Eldar Mahmudovla olan ziddiyyətli münasibətlərə görə, Vəli Nağıyev MTN-dən uzaqlaşdırılmışdı. Dövlət qurumuna təyinata  kimi isə, uzun müddət  biznes fəaliyyəti ilə məşğul olub. 

Rövşən ƏLİ

Azinforum.az

 

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın