Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Vəkillər Kollegiyasında nəzərəçarpan islahatlar ola bilər – yeni ideyalar qəbul olunsa…

Vəkillər Kollegiyasında nəzərəçarpan islahatlar ola bilər – yeni ideyalar qəbul olunsa…

“Hətta təklif edərdim ki, hüquqşünas kimi magistr dərəcəsi olanlara iş stajı tələbi olmasın”

Mehman Muradlı: “Çox güman ki, kollegiyanın yeni sədri qanunvericilik təşəbbüsü ilə çıxış edəcək və qanunda nəzərdə tutulan məhdudiyyətin aradan qaldırılmasına nail olacaq”

 

Vəkillər Kollegiyasının yeni seçilmiş sədri Anar Bağırov vəkilliyə qəbulla bağlı mövqeyini açıqlayıb. Yeni sədr bildirib ki, bu məsələdə tələb olunan iş stajına dair tələbin bir qədər aşağı salınmasını istəyir. “Mən şəxsən vəkilliyə qəbul prosesində keçid balının aşağı salınmasının tərəfdarı deyiləm” – deyə yeni sədr əlavə edib.

A.Bağırov deyib ki, məhkəmə prosesində prokuror və hakimlər yüksək savada malik olur: “Belə olan halda, müdafiəçi kimi çıxış edən vəkil də yüksək bilik və bacarığa malik olmalıdır. Ancaq keçid balı məsələsi Vəkillər Kollegiyası tərəfindən tənzimlənmir, bizim qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququmuz yoxdur”.

A.Bağırov vəkilliyə qəbulda iş stajı məsələsinə yenidən baxılmasına tərəfdar olduğunu da vurğulayıb: “Hazırda vəkilliyə qəbul üçün 3 il əmək stajı tələb olunur. Vəkilliyə bir vaxtlar istefaya getmiş hüquqşünaslar, bu və digər səbəbdən vəzifədən çıxanlar üz tutur. Biz ali məktəbi bitirən savadlı gənc hüquqşünasların vəkilliyə üz tutmasını istəyirik”.

Yeni kollegiya sədrinin vəkilliyə qəbulla bağlı iş stajının aşağı salınması təklifinə hüquqşünasların münasibəti necədir?

Hüquqşünas Mehman Muradlı “Bakı-xəbər”ə bildirdi ki,  yeni sədrin məhz savada üstünlük verməsi, eyni zamanda vəkil olmaq üçün gənclərin qarşısını alan süni baryerləri aradan qaldırmasına müsbət yanaşmaq lazımdır: “Vəkillər Kollegiyasının kollegiyaya qəbul olunmaq üçün tələb olunan iş stajının aşağı salınmasına dair təklifini mütərəqqi addım hesab edirəm. Sovet dönəmində kollegiyaya universiteti bitirən gəncləri təyinatla göndərirdilər. Heç bir iş stajı tələb edilmirdi. Bu gün gənc hüquqşünasların bir çoxundan tələb olunan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş 3 illik hüquqşünas stajı mən də hesab edirəm ki, aşağı salınmalıdır. Hətta təklif edərdim ki, hüquqşünas kimi magistr dərəcəsi olanlara iş stajı tələbi olmasın. Bilirsiniz ki, hakimliyə namizədlərdən fərqli olaraq, vəkil olmaq üçün bakalavr təhsili də kifayət edir

Çox güman ki, kollegiyanın yeni sədri qanunvericilik təşəbbüsü ilə çıxış edəcək və qanunda nəzərdə tutulan məhdudiyyətin aradan qaldırılmasına nail olacaq”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …