Bazar , Fevral 25 2024
Ana səhifə / Aktual / Vətəndaşın milli qürur mənbəyi – Heydər Əliyevin məşhur tezisinin gücü…

Vətəndaşın milli qürur mənbəyi – Heydər Əliyevin məşhur tezisinin gücü…

“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” fikirlərini söyləyən Ulu öndər Heydər Əliyev xalqını, vətənini sevən xilaskar Liderdir və o, bunu öz əməli fəaliyyəti ilə sübüt etmiş oldu.

Ulu öndərin Azərbaycançılıq məfkurəsi təkcə Azərbaycan Respublikasında yaşayan etnik azərbaycanlıları deyil, eyni zamanda hansı ölkə vətəndaşı olmasından asılı olmayaraq bütün dünyada yaşayan azərbaycanlıların milli-mənəvi dəyərlərini ifadə edən bir məfkurədir.  Bu ideologiyanın məntiqi nəticəsi olaraq  dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqımızın milli birliyinə və ideoloji həmrəyliyinə müvəffəq oldu.

Bu gün Ulu öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin təməl prinsiplərini öz yorulmaz fəaliyyəti ilə layiqincə davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev istər ölkəmizdə, istərsədə xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Xüsusilə vurğulamaq lazımdır ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu həmrəylik özünü qabarıq şəkildə büruzə verdi və 44 günlük şanlı Vətən müharibəsi zamanı sarsılmaz Xalq-Prezident birliyi deyilənlərə bariz nümunə oldu.

“Müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə olduqca böyük əhəmiyyət verib”

Bakı Gənclər Mərkəzinin rəhbəri Nərgiz Babayevanın sözlərinə görə, ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub: “Ulu öndər hər zaman gənclərə xüsusi qayğı ilə yanaşmış, gənclərin problemləri hər an Onun diqqət mərkəzində olmuş, yüksək intellektual səviyyəyə, müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə olduqca böyük əhəmiyyət verib. Ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə böyük qayğısı təkcə müstəqillik illərində deyil, hələ Sovet dönəmində də aşkar müşahidə olunurdu. Belə ki, ötən əsrin 70-ci illərində məhz Ümummilli liderin təşəbbüsü və gərgin səyləri nəticəsində on beş mindən artıq azərbaycanlı gənc SSRİ-nin 170-dən çox təhsil müəssisəsində ali təhsil almışlar. Bu addım Azərbaycanda ən müxtəlif sahələr üzrə peşəkar kadr bazasının formalaşmasına xidmət edib”.

Mərkəz rəhbərinin sözlərinə görə, Ulu öndərin “Hər bir insan üçün onun mənsubiyyəti onun qürur mənbəyidir” fikiri gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsində önəmli rola malik olub:

“Təqdirəlayiq haldır ki, Ümummilli liderin əsasını qoyduğu gənclər siyasətini davam etdirən Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk dövrlərindən başlayaraq ardıcıl imzaladığı fərmanlarda, verdiyi tapşırıqlarda kadr potensialına, xüsusilə də gənclərin təhsilinə, sağlamlığına, asudə vaxtının səmərəli təşkilinə diqqət yetirir. Gənc istedadların aşkar edilməsi, onların potensial imkanlarının inkişaf etdirilməsi və yüksək səviyyəli təhsil alması üçün əlverişli şəraitin yaradılması da gənclər siyasətinin prioritet istiqamətlərindən biridir. Gənclik hər bir dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən böyük qüvvədir. Dövlətin mövcudluğunun təməl prinsiplərindən biri də məhz sağlam gənclikdir. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, gələcəyin təminatı intellektual gənclərin yetişdirilməsindən asılıdır. Gəncliyin sağlam ruhlu, savadlı, yüksək tərbiyəyə malik olması çox önəmlidir. Hər bir xalqın gəncləri onun həm bu günü, həm də sabaha ümididir”.

Onların hamısı üçün bu məfhum prioritet istiqamət olub

Müstəqilliyin, dövlətçiliyin möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Ölkəmizdə gənclərlə bağlı görülən işlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. Aparılan məqsədyönlü siyasətin nəticəsində respublikamızda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə və milli düşüncəyə malik gənclər formalaşıb. 

Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Hələ keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin Moskva da daxil olmaqla, bir çox şəhərlərin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildi. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən artıq azərbaycanlı gənc bu qayğı ilə əhatə olundu. 1970-1985-ci illərdə Sovet İttifaqının tanınmış 170 ali təhsil ocağında oxuyan azərbaycanlıran hamısı üçün “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir” məfhumu prioritet istiqamət olub.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Həmçinin oxuyun

Fransa Qarabağda yeni müharibəyə zəmin hazırlayır? – VİDEO

Ermənilərdən daha çox erməni kimi davranan Fransa Prezidenti Emmanuel Makron Ermənistana hərbi texnika göndərəcəyini bildirmişdi. …