Ana səhifə / Aktual / Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu başlı-başına qalıb… – İLGİNC İDDİALAR…

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu başlı-başına qalıb… – İLGİNC İDDİALAR…

Son 5 ildə Kənd Təsərrüfatı Nazirliyindən savadlı mütəxəssislər uzaqlaşdırılıb, bölgələrdə onlarla təcrübəli işçilər sistemdən kənarlaşdırılıb.
KTN-nin bütün strukturu boyunca bolşevikcəsinə bu yanaşmanın tətbiqi qeyri-ixtisas sahiblərinin kənd təsərrüfatı sektorunda yüksək vəzifə tutma axınını sürətləndirib. Nəticədə son illər kənd təsərrüfatı məhsullarının istehsalı azalıb, idxal artıb, narazılıqlar çoxalıb. Artıq saytlarda fermerlərin fikirlərinə əsasən görünür ki, Ağstafa, Tovuz, Şəmkir, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəlilabad və s. rayonlarda indiyənə kimi kənd təsərrüfatına azalan maraq son bir ilə qədər bu tempdə olmayıb.

Son günlər isə bir sıra rayonlarda fermerlər üzüm sahələrinin xəstəliyə tutulduğunu, üzümçülükdə istifadə edilən dərmanların keyfiyyətsiz olduğunu vurğulayırlar. Bu il Rusiya bazarlarına çıxaracaqları üzümün istədikləri kimi olmadığı qənaətindədirlər.

DİA.AZ faktinfo.az saytına istinadla xəbər verir ki, bölgələrdə böyük sahələrdə üzümçülüklə məşğul olan fermerlər məhsuldar üzüm tinglərinin yetişdirilmədiyini, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun fermerlərə məsləhət vermək iqtidarında olmadığını vurğulayırlar. Qərb bölgəsindən adının çəkilməsini istəməyən bir fermer isə “adı tədqiqat İnstitutudur, orada özlərinə çalışırlar, bağlansa işimizi bilərik,” – deyir. O KTN-nin sözü gedən institutunda baş alıb gedən özbaşınalıqlardan da danışıb: 

“Nazir İnam Kərimov belə görünür ki, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə maraqlanmır. İnstitutun direktoru Vüqar Səlimov isə bunu fürsət bilib, üzümçülük və şərabçılığın inkişafı, elmi-tədqiqi ilə məşğul olmaq əvəzinə, özünə sərf işlərlə məşğul olur. İnstitutun Gəncə və Şamaxıda təcrübə stansiyaları var. 20 hektarlarla təcrübə stansiyalarında məhsul yetişdirilməlidir. Gedib baxasınız, oralarda məhsul, ting adında nə var. Hərçənd, təcrübə stansiyalarının işçiləri ola-ola, bəzən aparılıb orada institutun əməkdaşlarını işlədirlər. Həmçinin, İnstitutun Gəncə təcrübə stansiyasında yoxlama komissiyası tərəfindən 80 min manatlıq yeyinti faktı aşkarlanmışdı, akt tərtib olunmuşdu. Bildiyim qədər, direktor da akta qol çəkmişdi. O işin də başını buraxdılar.

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda mütəxəssis vardı, Xədicə Məmmədova. Səhv etmirəmsə o, xanım sonradan institutda müavin vəzifəsinə qədər yüksəldi. Çox savadlı insan idi. Rus, ingilis dillərini də mükəmməl bilirdi. Vüqar Səlimov onu uzun müddət sıxışdırdı, sonda ərizəsini alıb işdən azad etdi. Bu hadisəni nazirlik müşahidə etməklə, xəbərsiz kimi davrandılar. Lakin elmi dərəcəsi olmayan bir xanımı (qadın olduğuna görə adını qeyd etməyi münasib bilmirik) Vüqar Səlimov institutda şöbə müdiri təyin etdi. Ondan bir soruşan olmadı ki, nizamnamə və əsasnamədə yazılıb ki, şöbə müdiri təyin olunan şəxsin elmi dərəcəsi olmalıdır, bu xanımı o vəzifəyə nəyə əsasən təyin etmisən. Bu kimi halları saymaqla bitməz. Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə əlaqəsi olan bütün fermerlər bilir ki, nazir və müavinləri də bunları bilməmiş deyillər.”- fermer qeyd edir.

Faktinfo.az onu da xatırladır ki, bir müddət əvvəl “Son illər ölkəmiz şərab satışında bazar payını digər ölkələrə uduzub” başlıqlı məqalədə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutuna dair məqamlara toxunulmuşdu. Məlum məqalədəki önəmli bir sıra əsaslandırma ilə LİNK sözünə toxunmaqla tanış ola bilərsiniz.
Mövzuya münasibət öyrənmək üçün Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutun direktoru ilə əlaqə saxladıq.Vüqar Səlimov suallarımıza cavab verə bilməyəcəyini bildirərək, KTN-nin mətbuat xidməti ilə əlaqə saxlamağımızı məsləhət bildi. KTN-nin mətbuat xidmətindən isə zənglərimizə cavab verilmədi.
 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …