Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / Aktual / Üzr videolarının çəkilməsi qanunauyğundurmu? – “Heç kim vətəndaşı buna məcbur edə bilməz”

Üzr videolarının çəkilməsi qanunauyğundurmu? – “Heç kim vətəndaşı buna məcbur edə bilməz”

Zaman-zaman sosial şəbəkələrdə müxtəlif şəxslərin üzr videolarına rast gəlirik. Qanunlara əməl etməyən, inzibati xəta törədən sadə vətəndaşlar, müğənnilər, hətta iş adamları və məmurlar kamera qarşısına keçir, törətdikləri əmələ görə peşman olduqlarını bildirirək, xalqdan üzr istəyirlər. Əsasən, 2020-ci ildə karantin qaydalarını pozan şəxslərin görüntüləri ilə populyarlaşmağa başlayan “üzr” videoları, hazırda da geniş vüsət alaraq, hər kiçik məsələdə baş vurulan bir vasitəyə çevrilib.

Bir qrup insan bu hərəkəti alqışlasa da, cəmiyyətdə bu məsələyə birmənalı baxmayan, bunun qanunsuz olduğunu, şəxsin şərəf və ləyaqətini alçaltdığını bildirənlər də var. Son zamanlar isə tanınmış simalar bu cür videoların çəkilməsinə etiraz olaraq, öz üzr videolarını çəkərək sosial şəbəkələrdə paylaşmağa başlayıblar.

Müvafiq qurumlar isə bildirirlər ki, belə görüntülər şəxsin razılığı və öz istəyi əsasında ictimailəşdirilir.

Bəs, hüquqi cəhətdən üzr videolarının çəkilməsi nə dərəcədə qanunauyğundur?

Bu mövzuyla bağlı vəkil Turan Abdullazadə “AzPolitika.info”-ya şərhində bildirib ki, qanunvericilikdə bununla bağlı hər hansı bir müddəa yoxdur: “Vətəndaşın özünün könüllü razılığı olmasa, heç kim onu bu hərəkəti etməyə məcbur edə bilməz. Bu, yalnız mülki qaydada həll oluna biləcək bir məsələdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-cü maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilibsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Məsələn, məhkəmə şərəf və ləyaqəti ləkələyən məlumatların yayılmasına görə bir şəxsin üzərinə digər şəxsdən yazılı üzr istəməsi, həmin məlumatı təkzib etməsi öhdəliyi qoya bilər. Habelə hüquqları pozulmuş fiziki şəxsin həmin məlumatlara qarşı öz cavabını dərc edilməsi hüququ vardır. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır”.

Vəkil qeyd edib ki, hüquq-mühafizə orqanlarının bu kimi addımları onların səlahiyyətində olmasa da, bu kimi addımlar cəmiyyətdə müəyyən bir gərginliyin və xaosun aradan qaldırılmasına, başqa şəxslərin bu kimi əməlləri törətməkdən çəkindirməyə istiqamətlənib: “Lakin qanunsuz olaraq vətəndaşın özünün razılığı olmadan heç kim onu məcbur edə bilməz ki, etdiyi əmələ görə üzr istəsin. Əks halda bu hərəkət İnsan Hüquqları haqqında Konvensiyanın 3-cü və 8-ci maddəsinə, eləcə də Konstitusiyanın 46 və 47-ci maddəsinə zidd olar. Cinayət Məcəlləsinin 59-cu və İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində cinayəti yüngülləşdirən hallar nəzərdə tutulmuşdur. Yüngülləşdirici hallardan biri də inzibati xəta və cinayət törətmiş şəxsin səmimi peşmançılığı və şəxsin könüllü gəlib təqsirini boynuna almasıdır. İctimai qayda, ictimai təhlükəsizlik, eləcə də cinayət tərkibi yaradan hallarla bağlı qanunvericilikdə müvafiq olaraq öz əməlini etiraf edib, ondan səmimi peşmançılıq hissi keçirən şəxslərin könüllü razılığı və sərbəst iradəsi nəticəsində bu videolar çəkilərsə, burada qanuna zidd nəsə yoxdur”.

Vəkilin sözlərinə görə, şəxsin üzrxahlıq etməsi, bağışlanılmasını xahiş etməsi, səmimi peşmançılıq hissinin keçirilməsi və yaxud keçirilməməsi ilə bağlı qanunvericiliyin normalarında hər hansı qadağa yoxdur: “Buna o prizmadan yanaşa bilərik ki, qanunda nə qadağan deyilsə, o mümkündür. Lakin hüquq mühafizə orqanlarının fəaliyyət istiqamətləri arasında üzr istətmək kimi heç bir norma yoxdur. Şəxsin iradəsi ziddinə ona (zor gücü, işgəncə və ya hədə-qorxu təsiri altında) üzr videosu çəkdirmək birbaşa qanuna ziddir. Həmin şəxslər üzr videosunu mənəvi təzyiqin altında nədənsə qorxduğu, çəkindiyi üçün etməməli, həqiqətən bunu istəməli və videoların yayılmasına razılıq verməlidir. Üzr videosu çəkilənlər bilsinlər ki, bundan imtina edə bilərdilər və heç kimin onlara bu seçimində təzyiq göstərmək hüququ yoxdur və üzr videosuna çəkilməməsinə görə onları heç bir məsuliyyət gözləmir”.

Həmçinin oxuyun

Mərkəzi Aran Regional Təhsil İdarəsində baş verən ayrıseçkilik hələ də davam edir…

Belə ki, diaqnostik qiymətləndirilmədən orta nəticə göstərən şəxslərlə müddətli əmək müqaviləsi bağlanır, amma illərlə ömrümü …