Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Aktual / “Uşaq bağçalarının Təhsil nazirliyinə qaytarılmasında heç bir problem görmürəm”

“Uşaq bağçalarının Təhsil nazirliyinə qaytarılmasında heç bir problem görmürəm”

DİA,AZ: – Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkklili (Ombudsman) Elmira Süleymanova məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasını zəruri hesab edir. Ombudsman 2017-ci il üzrə illik məruzəsində bildirilir ki, uşaq bağçalarında mövcud olan yerlərinin sayı müvafiq ərazidə yaşayan məktəbəqədər yaşlı uşaqların sayına uyğunlaşdırılmalıdır. Məruzədə o da deyilir ki, bəzən yerli icra hakimiyyətləri mövcud durumda məktəbəqədər təhsilə olan ehtiyacı düzgün qiymətləndirməyib, bağçaları maddi – texniki avadanlıq və tədris ləvazimatı, ixtisaslı kadrlarla təmin etməklə məktəbəqədər yaşlı uşaqların cəlb edilməsinə şərait yaratmaq əvəzinə, böyük ehtiyac duyulan belə müəssisələri ləğv edirlər.

Bununla əlaqədar C.Bayramov jurnalistlərə açıqlamasında deyib ki, 2017-ci ildə Azərbaycanda “Məktəbəqədər təhsil haqqında” qanun qəbul edilib: “Məktəbəqədər təhsilin tətbiqi ilə bağlı müvafiq fərman imzalanıb və normativ hüquqi aktlar formalaşıb”. Hazırda təhsilin məzmunu ilə bağlı əhəmiyyətli işlərin həyata keçirildiyini deyən nazir əlavə edib ki, qanunvericilikdə məktəbəqədər təhsil üzrə ayrı-ayrı qurumların səlahiyyətləri, onların funksiyaları tamamilə açıq şəkildə göstərilib:

“Qanunvericilikdə qeyd olunub ki, məzmuna görə, məktəbəqədər təhsil müəssisələrinin saxlanılmasına görə səlahiyyətlər, onların funksiyaları hansı müvafiq icra hakimiyyəti qurumuna aiddir. Eyni zamanda, özəl məktəbəqədər təhsil müəssisələrin mövcudluğu, onların bütün funksiyaları göstərilib”.

C.Bayramov hesab edir ki, Azərbaycanın qanunvericiliyində bütün bunlar çox dəqiq formada öz əksini tapıb.

DİA.AZ bildirir ki, məsələyə təhsil eksperti Nadir İsrafilov münasibət bildirib.

Hər şeydən əvvəl onu xatırladım ki, bu yeni məsələ olmayıb, İnsan hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2015-ci il üzrə illik məruzəsində də məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə qaytarılması məqsədəmüvafiq hesab edilmiş və xüsusi olaraq vurğulanmışdı ki, ibtidai sinfə hazırlıq prosesinin məktəbəqədər təhsil müəssisəsi ilə məktəblərdə təşkil ediləcək hazırlıq qrupları arasında parçalanması təhsilə hazırlanmada ciddi fəsadlar yarada bilər. Ötən müddət ərzində məsələ ayrı-ayrı mütəxəssislər və ekspertlər tərəfindən dəfələrlə gündəmə gətirilib.

Son olaraq “Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”nun müzakirəsi ərəfəsində uşaq bağçalarının, bütövlükdə məktəbəqədər təhsil müəssisələrinin yenidən Təhsil Nazirliyinin tabeçiliyinə qaytarılması məsələsi müzakirə obyektinə çevrildi. Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəylinin cavabı isə o oldu ki, “Belə bir məsələ yoxdur. Belə bir məsələdən söhbət gedə bilməz və indi bu məsələnin ortaya atılması da düzgün deyil. Heç kim deməyib ki, uşaq bağçaları Təhsil Nazirliyinin tabeçiliyinə qaytarılır. Bu, qanun predmeti deyil. Bunu ölkə prezidenti fərman və sərəncamları ilə müəyyən edir”.

Bu baxımdan Ceyhun Bayramovun məsələyə münasibəti də başadüşüləndir. Təhsil naziri postuna təyinatın ilk günündən yeni səlahiyyətlər iddiasına düşmək şübhəsiz ki, cəmiyyət tərəfindən birmənalı qəbul olunmazdı və yeni polemikaların yaranmasına rəvac verərdi.

Məlum olduğu kimi, Təhsil nazirliyinin keçmiş rəhbərliyin fəaliyyətindəki ciddi yarıtmazlıqlar – (300-ə qədər

uşaq bağçasının özəlləşməyə çıxarılması nəticəsində boşluqlardan işbazlar və digər maraqlı şəxslərin istifadə edərək məktəbəqədər təhsil müəssisələrinin təyinatını dəyişdirməsi və uşaq bağçalarını sökərək bunların ərazisində göydələnlər, gözəllik salonları, şadlıq evləri və digər sosial və məişət obyektləri tikməsi nəticədə uşaqların məktəbəqədər təhsil və tərbiyə ilə əhatə olunması sahəsində ciddi defisitin yaranması) ucbatından. 2011-ci ilin dekabr ayından etibarən bir sıra səlahiyyətlər, o cümlədən məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyindən alınıb, icra hakimiyyəti orqanına verilib ki, bunun da nəzərəçarpacaq fəsadlarının bilavasitə şahidiyik. Düzdür bir müddət sonra təmir tikinti və təchizat yenidən Təhsil nazirliyinə qaytarıldı.

Əbəs yerə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd edilməyib ki,

“Məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi də aşağıdır. Belə ki, məktəbəqədər təhsillə əhatə səviyyəsi şəhərlərdə 23,4, kəndlərdə 8,7, ölkə üzrə isə 16,5 faiz təşkil edir. Son illərdə Bakı şəhərində yeni məktəbəqədər təhsil müəssisələrinin inşası və ya əsaslı təmiri istiqamətində atılan addımlar nəticəsində məktəbəqədər təhsillə əhatə səviyyəsi artaraq 27 faizə çatsa da, bu sahədə həllini gözləyən problemlər qalmaqdadır. Ölkənin yaşayış məntəqələrinin 75 faizində məktəbəqədər təhsil müəssisəsi yoxdur.”

Strategiyaya əsasən məktəbə hazırlıq təhsilinin (1 il) icbariliyinin təmin olunması, erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılmasını hədəfləmişik, habelə idarəetmə islahatlarının başlıca istiqamətlərindən biri kimi təhsil prosesinin iştirakçıları arasında münasibətlər sisteminin, eləcə də tənzimləmə orqanlarının funksiyaları, səlahiyyətləri və cavabdehliyinin dəqiq müəyyən olunması, təhsil müəssisələrinin idarəetmə səlahiyyətlərinin və təhsilin nəticələrinə görə cavabdehliyinin artırılması vəzifəsi qarşıya qoymuşuq, məktəbəqədər təhsilə cəlb olunma səviyyəsinin aşağı olması xüsusi vurğulanıb.

Təhsil sahəsindəki uzunillik pedaqoji və təhsilin idarəetmə orqanlarındakı təcrübəmə əsaslanaraq, həmişə təhsilin bir mərkəzdən idarə olunmasının tərəfdarı olmuşam. Əgər nəzərə alsaq ki, təhsil vahid bir orqanizm, yəni bir sistemdir və bu mənada sistem bir mərkəzdən idarə olunmalı və cavabdehliyi də konkret cavabdeh daşımalıdır, yəni bütün sorumlar bilavasitə ona ünvanlanmalıdır. Bu vəzifələri lazımi səviyyədə yerinə yetirmək üçün isə ilk növbədə təhsil sahəsində dövlət siyasətini həyata keçirməyə məsul olan təhsilin ali idarəedici orqanı kimi Təhsil Nazirliyinin məktəbəqədər təhsillə bağlı səlahiyyətlərinə yenidən baxılması zəruridir. Digər tərəfdən təhsilin varislik və fasiləsizlik prinsipləri var. Prinsiplərin pozulması təhsil sisteminin dayaqlarının sarsılması deməkdir. Məgər bu səlahiyyətlər icra hakimiyyəti orqanlarına verildikdən sonra problemlər azaldı, əksinə daha da artaraq, cəmiyyətdə mənfi rəyin formalaşmasına səbəb oldu.

İstəsək də, istəməsək də razılaşmalıyıq ki, təhsilin mühüm pillələrindən biri sayılan məktəbəqədər təhsil şəbəkəsinin Təhsil Nazirliyinə tabe olmaması tamlığı, bütövlüyü pozan bir amildir. Başqa sözlə hazırda yerli icra hakimiyyəti orqanlarının təhsil strukturları məktəbəqədər təhsilin inkişafı, onun müasir tələblərə cavab verməsi üçün yetərli gücə və səriştəyə malik deyillər . Hər halda Təhsil Nazirliyinin tərkibində olsa, bu şəbəkənin təkmilləşdirilməsi və yeniləşdirilməsi istiqamətində daha çevikliyə və mobilliyə nail olmaq olar.

Təhsil sahəsində hər hansı bir struktur dəyişikliyi və yenilik nəzərdə tutulduğu halda, hesab edirəm ki, təhsildə varislik və fasiləsilik prinsiplərininin təmini baxımından ilk növbədə uşaq bağçalarının yenidən Təhsil Nazirliyinə qaytarılmasından başlanlmalıdır. Bu, təhsilin bir sistem kimi vahid mərkəzdən idarə olunması, ceviklik və mobilliyin təmin edilməsi, cavabdehliyin və məsuliyyətin artırılması baxımından da məqbul hesab oluna bilər

Həmçinin oxuyun

“Qarabağın statusu məsələsi bəyanatda qeyd olunmayıb” – XİN rəhbəri

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibə verib. Müsahibədə nazir …