Şənbə , Sentyabr 25 2021
Ana səhifə / Aktual / UNEC tələbələri nəyə etiraz edir?

UNEC tələbələri nəyə etiraz edir?

Bir neçə gündür sosial şəbəkələrdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alan bir qrup tələbənin imtahan suallarının onlara əvvəlcədən verilməsiylə bağlı tələbi müzakirə edilir. Bu məqsədlə də “Tələbə Güc” mərkəzinin təşkilatçılığıyla etiraz aksiyası keçirilib. Tələbələrin etirazını haqlı və haqsız hesab edənlər var. Təhsil ekspertləri məsələyə əsasən tədrisin keyfiyyəti baxımından yanaşaraq test suallarının əvvəlcədən verilməsini düzgün hesab etmirlər. Bəziləri isə ənənəvi tədrisdən fərqli olaraq distant təhsilin yaratdığı çətinliklər baxımından tələbələrə müəyyən güzəştlər edilməsinin vacibliyini vurğulayırlar. 

Universitetin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova “Qafqazinfo”ya bildirib ki, narazı olan tələbələrlə söhbətlər aparılıb: “Ola bilsin ki, hansısa tələbə yenə də test suallarının verilməsini istəyir. Amma bu kütləvi şəkildə deyil. Bəzi mətbuat orqanlarında yazılıb ki, tələbələr universitetin qarşısında etiraz edib. Ancaq videodan da görünür ki, həmin yer UNEC-in heç bir inzibati binasının qarşısı deyil. Bundan əlavə, aksiya universitet tələbələri yox, “Tələbə Güc” mərkəzinin rəhbərliyi ilə baş tutub. Tələbələr ixtisas fənn imtahanlarının suallarını əvvəlcədən verilməsini istəyirlər. Biz onsuz da qeyri-ixtisas fənlərinin suallarını tələbələrə veririk. Ancaq ixtisas fənlərinin suallarını vermək təhsilin keyfiyyətinə təsir göstərir. Düzdür, pandemiya təzə başlayan vaxtlarda biz tələbələrə ixtisas fənlərinin də suallarını vermişdik. Bu ilk aylarda tələbələrin yaşadığı çətinliklərlə bağlı idi. 

E. Məmmədovanın sözlərinə görə, distant təhsillə bağlı hansı tələbənin internet imkanları yoxdursa, onlara güzəştlər edilir:

“Sosial cəhətdən internet pulunu ödəyə bilməyən tələbələrin ödənişi Tələbə Həmkarlar İttifaqı tərəfindən aylıq ödənilir. Eyni zamanda, dərs və ya imtahan zamanı kiminsə kompüterində və internetində texniki problem yaranırsa, buna da güzəştlər tətbiq olunur. Tələbə üçün həmin dərs mühazirə şəklində, videoformatda şəxsi kabinetlərdə yerləşdirilir. Elektron sistemdə davamiyyətə görə bizdə limit cəmi 1 faizdir. Ona görə də tələbələr internet imkanlarına görə dərsə qatıla bilmirlərsə, sonradan oxuyub imtahana hazırlaşa bilərlər. Texniki problemlər bizim tələbələrə heç bir problem yaratmır. İmtahan zamanı interneti itən tələbəyə də müəyyən zaman verilir ki, o imtahana yenidən qatıla bilsin. İnternet həmin gün həll olmasa, tələbə başqa vaxtı da imtahana qatıla bilər. Təkrar imtahanlara görə ödəniş də tələb olunmur. Bir sözlə, bizdə tələbələrin oxuması üçün şərait yaradılıb. Əlbəttə, tələbələr onları qane etməyən hallara etiraz edə bilərlər. İndiyə kimi də tələbələr tərəfindən texniki problemlərə görə fikir səsləndirilməyib. Sualların verilməməsi isə onların xeyrinədir. Onsuz da ənənəvi təhsildə də suallar tələbələrə əvvəlcədən verilmirdi”.

Universitetdə yaradılmış İctimai Şuranın üzvü, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz də UNEC tələbələrinin imtahan suallarının verilməsi ilə bağlı tələblərini ədalətsiz və doğru olmayan yanaşma adlandırıb: “Mən gözləyirdim ki, tələbələr tamam başqa məzmunda tələblər irəli sürəcək. Əslində, UNEC rəhbərliyi, çox güman ki, belə müqavimətin olacağını proqnozlaşdırırdı. Çünki bu məsələni rəhbərlik UNEC İctimai Şurasına da çıxarmışdı. Yəni, rektor qabaqcadan İctimai Şuranın da mövqeyini öyrənmək istəmişdi. Yeri gəlmişkən, Şurada bu istiqamətdə ciddi müzakirələr gedib, UNEC rəhbərliyinin mövqeyi dəstəklənib. Sadəcə Şura üzvü olaraq mənim bu məsələdə mövqeyim bir qədər fərqli olub. Əlbəttə, sualların və ya cavabların verilməməsi tələbələr üçün əlavə bir yükdür, əlavə əzab-əziyyətdir. Daha çox oxumaq, daha çox zaman tələb olunacaq. Amma keyfiyyətli təhsil üçün, keyfiyyətli bilik və bacarıqlar üçün bunlar zəruridir.  

UNEC də tədrisin keyfiyyəti və qiymətləndirmə istiqamətində uzun müddət aparılan işlərin məntiqi yekunu olaraq, məhz keyfiyyətli təhsil baxımından belə bir addım atıb. Ola bilər ki, distantın yaratdığı diskomfort mühit universitetlər üçün də keyfiyyətli təhsil baxımından əlavə-gözlənilməz problemlər yaradıb. 

Təəssüf ki, hökumət, Təhsil Nazirliyi də zamanında distantla bağlı tənzimləməni, metodiki və texniki-texnoloji standartları müəyyən etməyib. Əslində, biz indi dolayısıyla məhz bu məsələlərin zamanında həll edilməməsinin ağrısını yaşayırıq”.

Onun sözlərinə görə, tələbələrin distant təhsilin keyfiyyəti və mahiyyəti, tələbələr, müəllimlər üçün internetin əlçatanlığı, keyfiyyəti ilə bağlı müzakirələr açıb universitetə və hökumətə təkliflər verməsi daha məntiqli olardı: “Tələbələrin günahı olmadan, mövcud pandemiya səbəbindən qaynaqlanan keyfiyyətsiz standartlardan, hüquqdan və metodikadan kənar distant texniki problemlər səbəbindən tələbənin yekun balında imtahanın xüsusi çəkisinə yenidən baxılmalıdır. Bildiyim qədər UNEC-də növbəti mərhələdə bu istiqamətdə dəyişikliklər gözlənilir”.

Həmçinin oxuyun

Azərbaycanda karantin rejimi yenə yumşaldılır

Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə …